Axşamınız xeyr! Keçən söhbətimizi biz Sovet İttifaqında 1980-ci illərin sonunda, 1990-cı illərin əvvəllərində cərəyan edən hadisələrlə bitirdik. Bu, Böyük Sovet imperiyasının dağılması dövrü idi. Öz tarixində ikinci dəfə müstəqillik əldə edən Azərbaycan ilk dəfə olaraq, təbii sərvətlərindən və ilk növbədə qara qızılından xalqın rifahı üçün istifadə etmək imkanını qazandı. Dünya miqyasında neft uğrunda mübarizənin növbəti mərhələsi məhz Azərbaycan nefti ətrafında başladı. Beləliklə, səkkizinci veriliş - Müstəqil Azərbaycanın neft siyasəti, Əsrin Kontraktı.
1980-ci illərin sonunda, 1990-cı illərin əvvəllərində dağılmaq üzrə olan ölkənin iqtisadiyyatını xilas etmək üçün SSRİ-nin o vaxtkı kommunist rəhbərliyi görünməmiş bir addım atdı: neft satışından külli miqdarda valyuta əldə etmək üçün ölkənin neft sənayesinə Qərb kapitalının cəlb olunmasına razılıq verdi. Tarixə nəzər salsaq görərik ki, xarici şirkətlərin Sovetlərin neft işinə cəlb olunması hələ Oktyabr inqilabından sonra müzakirə olunurdu. Genuya konfransı zamanı Qərbi Avropa kapitalının nümayəndələri ilk dəfə olaraq gənc Sovet diplomatiyası ilə iqtisadi mövzular ətrafında danışıqlar aparmağa başladılar. Həmin konfransda iştirak edən sovet diplomatlarından biri də Azərbaycan Xalq Komissarları Şurasının sədri Nəriman Nərimanov idi. Bu barədə Sergey Mironoviç Kirov Bakı Sovetinin iclasında belə danışırdı: “Konfransda məlum oldu ki, Rusiya yağlı tikədir. Söhbət Azərbaycan respublikasına çatanda və deyiləndə ki, orada Sovet hakimiyyəti var, bolşeviklər var, qadın hərəkatı var, yoldaş Nərimanov dedi: “Azərbaycanda bizim neftimiz də var. Onu hasil etmək də olar, xarici kapitala konsessiyaya vermək də...”
Lakin tez bir zamanda konsessiya məsələsi gündəlikdən götürüldü, çünki Şura hökumətinin fikrincə, xarici kapital gənc Sovet dövlətini əsarət altına ala bilərdi. 70 ildən sonra, xarici kapital məsələsi yenə də ortaya çıxdı və bu dəfə Sovet hökuməti razılıq verdi. Belə ki, SSRİ-nin dağılması ərəfəsində ölkənin neft regionlarında, o cümlədən Azərbaycanda, ilk xarici şirkətlər peyda oldu...
Vaxtilə neft hasilatı üzrə dünyada birinci yeri tutan Azərbaycanın neft sənayesi bu dövrdə hansı vəziyyətdə idi? Sovet iqtisadiyyatının böhranı, iqtisadi əlaqələrin dağılması və nəticədə neft sənayesi üçün təchizatların kəsilməsi Azərbaycan neftinin tənəzzülünə gətirdi. Neft hasilatı ildə 14 milyon tondan 9,5 milyona düşdü. Bundan başqa, dəniz yataqlarında təbii qaz uzun illər boyu boş-boşuna atmosferə gedirdi. Hesablamalara görə, bu günədək respublika 40 milyard kubmetr qaz itirib. Bu isə ildə 200 milyon dollar edirdi. Xəzər hövzəsinin yalnız 7%-də kəşfiyyat işləri aparılmışdı. Bir də ki, hələ 1970-1980-ci illərin sonunda Xəzər hövzəsində açılmış “Azəri”, “Günəşli”, “Çıraq” və digər böyük neft və qaz yataqları ümumittifaq diqqəti Qərbi Sibir və Tümen yataqlarına yönəldiyindən o qədər də inkişaf etdirilmədi. Həmsöhbətimiz Azərbaycan Dövlət Neft şirkətinin xarici investisiyalar bölməsinin müdiri Valeh Ələsgərov: “Əlaqələr 1990-ci ildən yaranmağa başlandı, hələ keçmiş SSRİ-nin vaxtında. Əsas səbəb ondan ibarət idi ki, dənizin dərin hissələrində yerləşən yataqların işlənməsi üçün maliyyə vəsaiti və texnologiyalar yox idi. Ona görə də xarici neft şirkətlərini bu yataqların kəşfiyyatı və inkişafına cəlb etmək qərara alınmışdı”.
İlk mərhələdə xarici kapital üçün Azərbaycanda müharibə kimi risk amili var idi. Lakin Xəzərin 600 milyon tona yaxın neft ehtiyatları çox cəlbedici idi. Xəzər yataqlarının işlənilməsinə dair tender, yəni müsabiqə elan edildi. Valeh Ələsgərov: “1991-ci ilin aprel ayında tender keçirilmişdi. Onun nəticəsinə görə “Amoko” şirkəti qalib elan olundu. Sonra bu işlər davam etdirildi və belə bir qərar qəbul edildi ki, “Çıraq” Və “Günəşli” yataqları da bu işlərə cəlb olunsun. “Çıraq” yatağına dair razılaşma 1992-ci ildə Azərbaycan hökuməti və BP şirkəti arasında, “Günəşli” yatağına dair isə “Pennzoyl” şirkəti ilə əldə olundu”.
Beləliklə, artıq 1992-ci ilin əvvəlində respublikada Britiş-Petroleum-Statoyl alyansı, Amoko, Pennzoyl, Remko, Yunokal, MakDermot şirkətlərindən ibarət konsorsium yaradıldı. Britiş-Petroleum-Statoyl alyansının Bakıdakı nümayəndəsi Harald Finfik: “Bizim buraya gəlməyimizin əsas məqsədi neft hasilatıdır. Kommersiya şirkəti olaraq, biz bu gün də yeni dünya bazarları axtarışındayıq. Biz buraya bir-iki günlük gəlməmişik, biz iyirmi-otuz, bəlkə də daha uzunmüddətli əməkdaşlığa ümid bəsləyirik. İkinci məqsədimiz Azərbaycan neft sənayesinin inkişafına kömək etməkdir”.
Keçmiş İttifaqın digər neft respublikaları, məsələn, Qazaxıstan, xarici şirkətlərlə müvafiq kontraktı müstəqilliyini elan etdikdən cəmi altı ay sonra imzaladı. Azərbaycanda xarici şirkətlərlə danışıqlar üç il çəkdi. Şirkətlər üçün investisiya riskini artıran erməni-Azərbaycan müharibəsi, Azərbaycanda daxili siyasi qeyri-sabitlik (bu müddət ərzində respublikada üç dəfə ali hakimiyyət dəyişdi) və nəhayət, xarici siyasi faktorlar və ilk növbədə, Rusiya faktoru danışıqları ləngidirdi. Azərbaycan nefti uğrunda ən şiddətli mübarizəni Qafqazda öz nüfuzunu bərpa etmək istəyən Rusiya aparırdı. Rusiyanın Azərbaycan neftinə iddiaları nəticəsində 1993-cü ildə konsorsiuma 10% pay iştirakı ilə Rusiyanın “Lukoyl” şirkəti daxil edildi. Azərbaycan Dövlət Neft şirkətinin prezidenti Natiq Əliyev: “LUkoyl” şirkətinin konsorsiuma daxil olması barədə, bildiyiniz kimi, çoxlu söz-söhbət oldu. Birincisi, mən demək istəyirəm ki, biz “LUKoyl”a bir xarici şirkət kimi baxırıq. Onun iştirakı nədən irəli gəlirdi? Biz əvvəlcədən də bilirdik ki, mütləq və mütləq Rusiya ilə əməkdaşlıq etməliyik. Əgər Rusiyanın marağı olmasa, bu kontraktın həyata keçirilməsində böyük çətinliklərlə üzləşərik. Nəyə görə? Özünüz də bilirsiniz ki, Azərbaycan Respublikası blokada içərisindədir. Kontraktı həyata keçirmək üçün biz mütləq Volqa-Don kanalından istifadə etməliyik. Əgər bu yol bizim üzümüzə bağlansa, kontrakt işləyə bilməz. Bunu biz əvvələcədən bilirdik. Neftin nəql olunması, nəqliyyatın işləməsi, gəmilərin gedib gəlməsi, buraya avadanlığın gətirlməsi və s. və s. Rusiyanın ərazisi ilə bağlı olacaqdı. Biz bilirdik ki, əgər Rusiyanın marağı olmasa, Rusiyanın bir şirkəti bizimlə bir yerdə işləməsə, bu problemləri aradan qaldırmaq çox çətin olacaq”.
Əlbəttə ki, indi danışıqların bütün mərhələləri barədə ayrıca danışmağa ehtiyac yoxdur, bunlar Azərbaycan dinləyicisinə çoxdan və yaxşı məlumdur. 1993-cü ildə hakimiyyət başına gələn prezident Heydər Əliyevin ən birinci addımlarından biri neft kontraktına dair danışıqların sürətləndirilməsi haqqında fərmanı idi. Tez bir zamanda saziş layihəsi hazır oldu. Azərbaycan dövlət neft şirkətinin prezidenti Natiq Əliyev: “Nəhayət, 1994-cü ilin 20 sentyabrında belə bir müqavilə imzalandı. Əsas biz nə uduruq, nəyi uduzuruq? Bir məsələ ortaya çıxır ki, əgər bunu öz gücümüzlə etsəydik, maliyyə vəziyyətimiz yaxşı olsaydı, bu yataqları istismara vermək üçün uzun müddət tələb olunardı. İkincisi, dünya səviyyəsində heç bir təcrübəmiz yox idi. Biz bu təcrübəni get-gedə öyrəndik. Üçüncüsü, bizim üçün əsas məsələ o idi ki, Azərbaycanın xam neftini dünya bazarlarına çıxarmaq. Bunun yolu dünyanın aparıcı neft şirkətləri ilə bərabər işləyib boru kəməri tikməkdə idi. Dördüncüsü, dünyanın heç bir tanınmış bankı, maliyyə dairəsi ilə işləmirdik. Bizim o qədər kredit almaq qabiliyyətimiz yox idi və buna heç vaxt nail ola bilməzdik. Məqsəd odur ki, tezliklə bu zəngin yataqları istismara salmaq və Azərbaycan Respublikasına valyutanın gəlməsini təmin edək və onun sayəsində iqtisadiyyatın başqa sahələrini inkişaf etdirək”.
1994-cü il. Sentyabrın 20-si. Gülüstan Sarayı. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev. “Xanımlar və cənablar, hörmətli qonaqlar! Bu gün Azərbaycan Respublikasının həyatında tarixi bir hadisə baş verir. Xəzərin Azərbaycan Respublikasına aid sektorunda "Azəri", "Çıraq" neft yataqlarının və "Günəşli" neft yatağının bir hissəsinin müştərək işlənməsi haqqında Azərbaycan Respublikasının Dövlət Neft şirkəti ilə xarici ölkələrin neft şirkətləri arasında 3 il davam edən danışıqlar sona çatmış və müştərək işlər aparılması üçün müqavilənin layihəsi hazırlanıb təqdim edilmişdir”
Sazişin Azərbaycan iqtisadiyatı üçün böyük əhəmiyyət kəsb etdiyini, onun xalqa xidmət edəcəyini vurğulayan prezident kontraktın imzalanmasına xeyir-dua verdi: “Sizi, bu mərasimə toplaşanları, bütün bu məsələlərə müsbət maraq göstərənlərin hamısını bir daha ürəkdən təbrik edir, müqavilənin imzalanması uçun xeyir-dua verirəm. Xeyirli olsun, uğurlu olsun. Azərbaycan xalqının xoşbəxt gələcəyi naminə bu müqavilənin bu gün burada imzalanmasını ürəkdən təbrik edirəm. Sağ olun.”
Beynəlxalq miqyasda “Əsrin Kontraktı” adını qazanmış bu sazişin əsas şərtləri nədən ibarətdir? O nə kimi iqtisadi və siyasi əhəmiyyətə malikdir? Azərbaycana nə vəd edir? Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev: “Deməli, əsas şərt belədir: müqavilə bağlanıb 30 ilə. Biz hesab edirik ki, hasilat proqramı ilə getsək, 30 ildə həmin yataqlardan 511 milyon ton neft çıxarılacaq. Buna lazım olan investisiyalar, yəni quyuların qazılması, platformaların tikilməsi, kənarda olan bütün baza və terminalların inşasına və s. təxminən 7.5 milyard dollar sərf ediləcək. Kapital qoyuluşu kimi. Bundan başqa, 30 ildə istismar xərcləri də vardır ki, hesablamalara görə, 14 milyard dollara çatır. Bu kontrakt “prodakşn-şerinq”, yəni “pay bölgüsü” iqtisadi modeli ilə işləyəcək. Nə deməkdir bu? Hasil edilən neftdən əvvəlcə istismar xərcləri çıxılır, yerdə qalan gəlirin yarısı kapital qoyuluşunun ödənilməsinə gedir, qalan 50%-i isə mənfəət kimi şirkətlərə, o cümlədən Dövlət Neft Şirkətinə, Azərbaycan hökumətinə çatır”.
Sazişin siyasi əhəmiyyətindən isə Azərbaycanın xarici işlər naziri Həsən Həsənov: “Biz müstəqilliyə gedəndə əlimizdə tutduğumuz ilk silah neft idi. Biz müstəqillik yolumuzu neftə müstəqil şəkildə sahib olmaq ideyasından başladıq. Azərbaycanın müstəqilliyinin dünyada tanınmasında neft əvəzsiz rol oynayıb. İstər Amerika, istər İngiltərə, istər Norveçlə dostluğumuz SSRİ zamanından başlamış dostluqdur və həmin siyasi əlaqələrdir ki, indiyədək inkişaf edibdir. Neft konsorsiumuna üzv olan dövlətlərin hamısı ilə Azərbaycanın çox sıx siyasi əlaqəsi vardır. Biz hiss edirik, biz görürük ki, neft amili bu məsələlərdə yüksək rol oynayır”.
Bir çoxları ümid edir ki, kontraktın imzalanması Qarabağ məsələsinin həllinə kömək edəcəkdir. Buna nə dərəcədə ümid bəsləmək olar? Kontraktın imzalanması ilə Azərbaycanın ən yaralı nöqtəsi olan bu məsələ həll olunacaqmı? Respublikanın xarici işlər naziri Həsən Həsənov: “Mən belə hesab edirəm ki, Azərbaycan özünü müstəqil dövlət kimi bəyan edibsə, kiminsə köməyinə arxalanmamalıdır öz müstəqilliyinin inkişafında, azadlıq yolunda, ərazilərinin bərpasında, yaxud təminatında Azərbaycan gərək özünə ümidli olsun. Səhv olardı əgər Azərbaycan konsorsiuma bel bağlasaydı ki, onlar bizim əvəzimizə məsələləri həll edəcək. Həll etməyəcəklər. Amma məsələyə o biri tərəfdən baxanda konsorsiuma üzv olan dövlətlər Azərbaycanla bağlı siyasətini aktivləşdiriblər. Danmaq lazım deyil ki, sovet dövründə Qərbdə Ermənistan barədə tam məlumat var idi. Azərbycan barədə isə tamamilə informasiya yox idi. İndi neftin sayəsində biz dünya cəmiyyətinə, iqtisadi cəmiyyətə inteqrasiya olunuruq. Və neft amilinə görə üzv -ölkələr Azərbaycana qarşı öz sərtliyini müəyyən dərəcədə yumşaldıblar. Bunun özü müəyyən dərəcədə nailiyyətdir”.
Neft kontraktına dair hələ də müxtəlif rəylər, fikirlər irəli sürülməkdədir. Bəzi mütəxəssislərin fikrincə, böyük elmi və işçi potensialına malik olan Azərbaycan öz qüvvəsi ilə bu yataqları işləyə bilərdi, digərləri buna etiraz edərək, Dünya banklarının Azərbaycana lazım olan miqdarda vəsait ayırmayacağını vurğulayır.
Dövlət Neft şirkətinin investisiyalar bölməsinin rəisi Valeh Ələsgərov “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsi vacibliyini vurğulayaraq belə bir fikir söyləyir: “Bu şirkətlər arasındakı rəqabətdən istifadə edərək hər yatağa dair ayrıca kontrakt hazırlayıb imzalatmaq Azərbaycan üçün daha səmərəli olardı. Sonra bu üç kontraktı, bu üç yatağı bir böyük sahəyə birləşdirmək olardı”.
“Əsrin Kontraktı”nın imzalanması ilə Azərbaycan nefti uğrunda mübarizə bitmədi. Bəzi analitiklərin fikrincə, bu, hətta, mübarizənin yeni mərhələyə daxil olması idi. Çünki, Xəzərin statusu, ixrac neft və ilkin neft kəmərlərinin marşrutu hələ müəyyən edilməmişdi”. Üstə gəl, ortalığa İranın konsorsiumda iştirakı məsələsi çıxdı. Neft uğrunda mübarizə davam edirdi. Lakin bu barədə gələn şənbə günü. Belə ki, sonuncu, doqquzuncu verilişimizdə görüşənədək!