Gürcüstanda İlin ən uğurlu azərbaycanlı xanımları mükafatlandırıldı

 

Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin nəzdində fəaliyyət göstərən “Sədaqət İsmayılova Fondu” bu ölkədə yaşayıb-yaradan gənc azərbaycanlı xanımları mükafatlandırıb.

Mükafatlar sahiblərinə S.İsmayılovanın doğum günündə Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində təqdim olunub.

Mərasimdə çıxış edən muzeyin direktoru, Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Leyla Əliyeva təcrübəli jurnalist, gözəl xanım və qayğıkeş ana olan Sədaqət İsmayılova haqqında məlumat verib.

Sonra fondun idarə heyətinin üzvü, tanınmış jurnalistin qardaşı Ədalət İsmayılov bildirib ki, “Sədaqət İsmayılova Fondu” ziyalıların təşəbbüsü ilə Tbilisidə yaradılıb. Fondun məqsədi azərbaycanlıların inteqrasiyasında, mədəniyyətimizin, tariximizin, ədəbiyyatımızın təbliğində fərqlənən xanımları seçib mükafatlandırmaq, bu yolla gənclərin elmə, mədəniyyətə, jurnalistikaya marağını artırmaqdır.

 

 

 

Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri, fondun idarə heyətinin üzvü, Azərbaycanın Əməkdar Jurnalisti Nizami Məmmədzadə isə bildirib ki, fond bir neçə nominasiya, o cümlədən “Ən uğurlu gənc xanım” nominasiyası üzrə mükafat təsis edib. Aparılan araşdırmalar zamanı bir gənc xanım Tbilisi şəhərindən, ikisi isə Kvemo Kartli bölgəsindən seçilərək mükafata layiq görülüblər.

Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Fəxri Hacıyev çıxışında fondun fəaliyyətini, apardığı araşdırmaları yüksək qiymətləndirib, səfirliyin bu fonda, eləcə də soydaşlarımızın maarifləndirilməsi, inteqrasiyası, ölkələrimiz arasındakı dostluq əlaqələrinin inkişafı ilə məşğul olan bütün təşkilatları dəstəklədiyini vurğulayıb.

Kvemo Kartli bölgəsi qubernatorunun müavini Zaur Darğallı Gürcüstanda soydaşlarımızın inteqrasiyası ilə məşğul olan azərbaycanlı qadınların fəaliyyətini yüksək qiymətləndirib. Gürcüstan hökumətinin və qubernatorluğun da bu təşkilatları dəstəkləyəcəyini bildirib.

Digər çıxış edənlər fondun yaradılması ilə mərhum Sədaqət İsmayılovanın xatirəsinin əbədiləşdirildiyini vurğulayıblar.

Qeyd olunub ki, fondun idarə heyətinin qərarı ilə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin elmi işçisi Leyla Əliyeva “Gürcüstan-Azərbaycan mədəni irsinin öyrədilməsi və təbliğinə görə”, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin gənclər şöbəsinin müdiri Nərgiz Əliyeva “Azərbaycan Mədəniyyətini Gürcüstanda təbliğinə görə”, Kvemo Kartli bölgəsində fəaliyyət göstərən “Marneuli Gənclər Mərkəzi”nin rəhbəri Rəna Nurməmmədova isə “Azərbaycanlı gənclərin Gürcüstan cəmiyyətinə inteqrasiyasında fərqlənməyə görə” nominasiyalarının qalibi olublar.

Qaliblərə diplom və digər qiymətli hədiyyələr təqdim olunub.

Tədbir çərçivəsində, həmçinin muzeydə yaradılmış S.İsmayılovanın həyat və yaradıcılığını əks etdirən əlyazmalardan, audio materiallardan, fotoşəkillərdən və digər eksponatlardan ibarət guşəyə baxış keçirilib.

 

 

Marneulidə “Sədaqət İsmayılova Fondu”nun təqdimatı baş tutdu

   

20 may tarixində Marneuli şəhərində fəaliyyət göstərən “Çay evində” Gürcüstan Azərbaycanlı Jurnalistlər birliyinin təşkilatçılığı ilə “Sədaqət İsmayılova Fondu”nun təqdimatı baş tutdu. Təqdimatda hökumət və qeyri-hökumət nümayəndələri, millət vəkilləri, müəllimlər, gənclər və tədbirə dəvət olunmuş qonaqlar iştirak edirdilər.

Tədbirdə Sədaqət İsmayılovanın həyat və yaradıcılığından söhbət açıldı. Onun BBC-dəki fəaliyyətindən iştirakçılara geniş söhbət açdılar. Fondun əsas məqsədi cəmiyyətmizdə fəal olan qadınların cəmiyyətdə rolunun qiymətləndirilməsidir.

Gürcüstan Azərbaycanlı Jurnalistlər birliyinin sədri Nizami Məmmədzadə bildirdi ki, ilin sonunda fəal  qadınlar komissiyamız tərəfindən seçiləcək və onlara fond tərəfindən diplomlar və mükafatlar təqdim ediləcək.

Tədbirdə iştirak edən Gürcüstan parlamentinin millət vəkilləri Ruslan Hacıyev və Azər Süleymanov fondun yaranmasını alqışladığnı və lazım gəldiyi qədər ələrindən gələn köməkliyi edəcəklərini bildirdilər.

Fondun təsis olunması çox gözəl bir təşəbüsdür. Sevinirəm ki, belə bir fond ölkəmizdə də fəaliyyət göstərəcək. Bu sözləri Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin direktoru Leyla Əliyeva dedi.

Fondun yeddi komissiya üzvü var. Bunlar Nizami Məmmədzadə, Ədalət İsmayılov, Kamilə Məmmədova, Leyla Əliyeva, Fazil Həsənov, Rizvan İsmayıl və Osman Əhmədoğludur.

Hər kəsə öz minətdarlığmı bildiriəm ki, Sədaqət İsmayılovanın adının yaşadılması üçün belə fond yaradıldı deyə Sədaqətin qardaşı Ədalət İsmayılov dedi.

Sonda görüş Sədaqət İsmayılovanın həyat və yaradıcılığından bəhs edən çıxışlarla başa çatdı.

 

Radio Marneuli.

 

Gürcüstanda azərbaycanlı jurnalistin adına fond yaradılıb

 

Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin (GAJB) təşəbbüsü ilə bir vaxtlar BBC radiosunda prodüser vəzifəsində çalışmış, tanınmış jurnalist Sədaqət İsmayılovaya həsr olunmuş tədbir keçirilib.

GAJB-ın sədri Nizami Məmmədzadə
tədbirdə çıxış edərək deyib ki, S.İsmayılova 1960-cı ildə Gürcüstanın Başkeçid (indiki Dmanisi) rayonunda anadan olub. İ.Çavçavadze adına Tbilisi Dövlət Universitetinin jurnalistika fakültəsini bitirdikdən sonra təhsilini Tbilisi Xarici Dillər İnstitutunda davam etdirib. 1994-cü ildən ömrünün sonuna qədər (2011-ci ilədək) Londonda BBC Azərbaycan xidmətinin aparıcısı, dünya bölməsinin prodüseri vəzifəsində çalışıb.

Bildirilib ki, istedadlı qələm sahibinin jurnalistlik fəaliyyəti təkcə Gürcüstan və Azərbaycanı deyil, dünyanı əhatə edib. Peşəsini dərindən bilən, sevən jurnalist BBC-də çalışdığı vaxtlarda da Vətənini unutmayıb, daim Azərbaycan və Gürcüstan haqqında verilişlər hazırlayıb.

Sonra Gürcüstan parlamentinin deputatları Azər Süleymanov, Ruslan Hacıyev, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov, Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin rəhbəri, Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Leyla Əliyeva, yazıçı-publisist Əli Abbas, “Region Press” qəzetinin baş redaktoru Binnət Məmmədov, “Ümid” qəzetinin baş redaktoru Əlixan Yahyaoğlu, S.İsmayılovanın müəllimləri, yaxınları, onu tanıyan insanlar çıxış edərək xatirələrini bölüşüb, istedadlı qələm sahibinin fəaliyyətində Vətənə, xalqa, millətə bağlılığın daim ön planda olduğunu qeyd ediblər. S.İsmayılovanın fəaliyyətinin gənclər üçün örnək olduğu xüsusi vurğulanıb.

Tədbirdə bildirilib ki, GAJB-ın nəzdində Sədaqət İsmayılova Fondu yaradılıb.
Fondun əsas məqsədi Gürcüstanda yaşayan, yaradan gənc azərbaycanlı xanımları dəstəkləməkdir. Fondun idarə heyəti hər il üç gənc qadına mükafat verəcək.

Çıxış edənlər Fondun yaradılmasını yüksək qiymətləndirib, bu addımın Gürcüstanda gənc xanımların jurnalistikaya, ədəbiyyata marağının artmasına təkan verəcəyini bildiriblər.

S.İsmayılovanın ailə üzvləri adından çıxış edən Ədalət İsmayılov fondun yaradılmasına, bacısının xatirəsini əziz tutduqlarına görə təşkilatçılara minnətdarlıq edib.

Xətayi Əzizov
AZƏRTAC-n xüsusi müxbiri
Tbilisi

 

 

RUHUN ŞAD OLSUN, ƏZİZ BACIM SƏDAQƏT XANIM!...

 

  2016-cı il Noyabrın 26-da Bakının Nərimanov rayonundakı "Premyer-Expo" otelinin konfrans zalında tanınmış jurnalist, mərhum Sədaqət xanım İsmayılovanın əziz xatirəsinə həsr olunan anım tədbiri keçirilib.

Tədbirdə Sədaqət İsmayılovanın həyat və yaradıcılığına həsr olunan sadagatismayilova.com saytının təqdimatı da olub. 

Təqdimatı giriş sözü ilə tanınmış politoloq Tofiq Abbasov açıb. O, Sədaqət İsmayılovanın jurnalistika sahəsində fəaliyyətindən danışıb, Sədaqət İsmayılovanın 1994-cü ildə BBC radiosunun Azərbaycan xidmətinin qurucularından biri olduğunu diqqətə çatdırıb. 

Sonra BDU-nun kafedra müdiri, alim-şair-publisist Knyaz Aslan geniş məruzə ilə çıxış edib. O, qısa, lakin olduqca maraqlı, mənalı və şərəfli bir ömür yaşamış Sədaqət İsmayılovanın həyat yolundan danışıb, hələ orta məktəbdə oxuduğu illərdən Sədaqət xanımı rayonun ən fəal şagirdləridən biri kimi tanıdığını vurğulayıb, məktəblərarası və rayonlararası keçirilən yarışlarda, turlarda, olimpiadalarda birgə iştirak etdiyini bildirib, unudulmaz xatirələrini söyləyib.

Sonra Sədaqət İsmayılovanın qardaşı tanınmış yazıçı-jurnalist Ədalət Mədədoğlu çıxış edib, saytın hazırlayanmasında əməyi, zəhməti və xidməti olan hər kəsə, xüsusilə də bacısı Mətanət xanım İsmayılovaya, eləcə də tədbirdə iştirk edən bütün insanlara öz ailələri adından təşəkkür edib, minnətdarlığını bildirib. 

Tədbirdə Sədaqət İsmayılovanın atası, Borçalı elinin ağsaqqalı, uzun müddət Başkeçiddə nəşr olunan "Trialeti" rayon qəzetinin redaktoru vəzifəsində çalışmış şair-jurnalist və tanınmış tərcüməçi Mədəd Coşğun,Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənov, "Ziya" qəzetinin və ZiM.Azsaytının baş redaktoru Müşfiq Borçalı, əslən Borçalıdan olan ziyalılar - Əlləz Ovçuyev, Hüseyn Artıqoğlu, Zəlimxan Məmmədli, şair Qəzənfər Məsimoğlu, rəssam Sabir Çopurov, həmçinin tanınmış jurnalistlər -Araz Əhmədov, Rüfət Muradlı, ictimaiyyət nümayəndələri, qohumları və başqaları iştirak ediblər.

Bu gündən etibarən test rejimində fəaliyyətinə başlayan saytda mərhum jurnalist Sədaqət İsmayılovanın yaradıcılığı və jurnalist fəaliyyətinin bəzi nümunələri əks olunub, onun vaxtilə hazırladığı və BBC radiosunun Azərbaycan xidməti vasitəsilə efirə verdiyi neftin tarixinə, Azərbaycanın mədəniyyətinə, İngiltərəyə həsr olunmuş radioverilişlərin səs yazısı və mətnləri yerləşdirilib. 
Saytda həmçinin faydalı məlumatlar, Sədaqət xanımın həyat yolunu əks etdirən foto və audio materiallar mövcuddur.

 



Xatırladaq ki, Sədaqət İsmayılova 28 noyabr 1960-cı ildə Tbilisidə anadan olmuşdur - uzun müddət 
Ulu Borçalımızın qədim Başkeçid (indiki Dmanisi) rayonunda nəşr olunan "Trialeti" rayon qəzetinin redaktoru 
vəzifəsində çalışmış istedadlı şair-jurnalist və tanınmış tərcüməçi Mədəd Coşğunun ailəsində 
ilk övlad olaraq dünyaya göz açmışdır. 
1967-1977-ci illərdə Gürcüstanın Başkeçid (indiki Dmanisi) şəhər 1saylı orta məktəbində oxumuş, 
1977-1982-ci illərdə İlya Çavcavadze adına Tbilisi Dövlət Universitetinin 
Jurnalistika fakültəsində ali təhsil almışdır.
1983-1985-ci illərdə Ərəb dili üzrə Tbilisi Xaricı Dillər İnstitutunun ikiillik 
sinxron tərcümə kurslarında təhsilini davam etdirmişdir.
1986-1987-ci illərdə AMEA-nın “Elm” qəzetində, 1988-ci ildə AMEA-nın 
M.Füzuli adına Əlyazmalar İnstitutunda çalışmışdır.
1989-1990-cı illərdə İraq Respublikasında Bəsrə istilik-elektrik stansiyasının 
tikintisində tərcüməçi (rus-ərəb) işləmişdir.
1990-1991-ci illərdə “Türk Dünyası” jurnalında, 1992-1994-cü illərdə 
“Assa-İradə” informasiya agentliyində çalışmışdır. 
1994-cü ildən – BBC Azərbaycan xidmətinin ilk verilişindən sonuncusuna qədər (2011) 
Londonda BBC Ümumdünya xidmətinin prodüseri olmuşdur. 
2015-ci il mayın 3-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişmiş və Bakıdakı 
Şüvəlan qəbristanlığında dəfn olunmuşdur.

Bu gündən sonra isə... hər gün minlərlə oxucu 2016-cı il noyabrın 27-dən etibarən fəaliyyətə başlayan və "Sədaqət İsmayılovanın həyat və yaradıcılığına həsr olunmuş sayta xoş gəlmisiniz!" - sözlərilə açılan sadagatismayilova.com saytına daxil olub, Sədaqət İsmayılovanın vaxtilə hazırladığı verilişlərə qulaq asacaq, onun vaxtilə yazdıqlarını oxuyacaq, eləcə də onun haqqında yazılanları oxuyacaq, ... 
...və bax beləcə hər gün mərhum Sədaqət İsmayılova hörmətlə anılacaq, hörmətlə xatırlanacaq, 
hörmətlə yad olunacaq...


Bizə isə təkcə bunu demək qalır: 

Ruhun şad olsun, əziz bacım hörmətli Sədaqət xanım!..

Müşfiq BORÇALI,
ZiM.Az