Sədaqət İsmayılovanın uşaqlıq və məktəb illəri Gürcüstanın ən ucqar rayonlarından olan Başkeçiddə, Borçalının tanınmış ziyalıları Mədəd Coşqun və Ziyafət xanımın ailəsində keçmişdi, həyatının son dövrünü isə o Londonda, BBC radiosunun prodüseri olaraq yaşadı.   90-cı illərdə postsovet məkanında müstəqilliyin ilkin çağlarında Gürcüstanda, Azərbaycanda, Orta Asiya respublikalarında minlərcə dinləyici öz radiolarını BBC dalğalarına kökləyib, Sədaqət İsmayılovanın dünyada baş verən ən yeni siyasi və mədəni xəbərlər haqqında verilişlərini səbirsizliklə gözləyirdi. Onun müəllif verilişləri isə radiojurnalistika janrının çərçivələrini aşaraq canlılığı, orijinal kreativliyi və səmimiliyi ilə seçilirdi. Məhz ona görə də o, Tiflisdən Düşənbəyə qədər minlərcə dinləyicinin sevimlisinə çevrilmişdi.    Sədaqət İsmayılova sadəcə istedadlı insan və peşəkar jurnalist deyildi. Onun yaradıcılıq yolu regionda yaşayan bir çox istedadlı qızlar və gənc xanımlar üçün meyar ölçüsünə çevrilmişdir, çünki Sədaqət İsmayılovanın fəlsəfəsi onlara sadəcə qarşıya qoyulan məqsədə deyil, arzu edilən yüksəkliyə ucalmağı öyrətmişdi.

    • 28 noyabr 1960 Tbilisidə anadan olub  
    • 1967-1977 Gürcüstanın Dmanisi şəhər 1saylı orta məktəbində oxuyub  
    • 1977-1982 Çavcavadze adına Tbilisi Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb  
    • 1983-1985 Ərəb dili üzrə Tbilisi Xaricı Dillər İnstitutunun ikiillik sinxron tərcümə kurslarında təhsilini davam edib  
    • 1986-1987 AMEA, “Elm” qəzeti  
    • 1988 AMEA, M.Füzuli adına Əlyazmalar İnstitutu  
    • 1989-1990 İraq Respublikasında Bəsrə istilik-elektrik stansiyasının tikintisində tərcüməçi (rus-ərəb)  
    • 1990-1991 “Türk Dünyası” jurnalı  
    • 1992-1994 “Assa-İradə” informasiya agentliyi  
    • 1994-2011 BBC radiosunda prodüser