Axşamınız xeyir! “Neft uğrunda mübarizə” silsiləsinin sonuncu verilişi efirdədir. Bu gün biz “Əsrin Kontraktı” adlandırılan Azərbaycan neft sazişi ətrafında söhbətimizi davam etdirəcəyik. Onun şiddətli mübahisələr doğurduğu, ölkələr arasında münasibətlərə təsiri, Azərbaycan neftinin gələcəyi haqqında danışacağıq. Beləliklə, doqquzuncu veriliş - “Əsrin Kontraktı”: mübahisələr, rəylər, ümidlər!
1994-cü il sentyabrın 20-də Neft sazişinin imzalanması ilə Azərbaycan nefti ətrafında çəkişmələr bitmədi. Xəzərin statusu, ixrac və ilkin neft kəmərlərinin marşrutu, İranın konsorsiumda iştirakı məsələləri bu mübarizəni daha da şiddətləndirirdi. Azərbaycanın xarici işlər naziri Həsən Həsənov: “Azərbaycan öz payından İrana 5% verdi. Amma qaydaya görə, konsorsiuma daxil olmaq üçün konsensus tələb olunur. Konsensus olmadı. Çünki ABŞ-İran münasibətlərində müəyyən problemlər olduğundan Amerika neft şirkətləri İranı konsorsiuma daxil etmək istəmədilər. Onlar öz mövqelərini müəyyən dərəcədə siyasiləşdirdilər, öz hökumətlərinin iradəsini yerinə yetirdilər”.
Bu səbəbdən İran-Azərbaycan münasibətlərində müəyyən soyuqluq əmələ gəldi. Azərbaycan tərəfinin izahlarına, arqumentlərinə, qardaş İranla neft sahəsində ikitərəfli sazişlər əsasında əməkdaşlıq etmək vədlərinə baxmayaraq, İran tərəfindən Azərbaycanın ünvanına tənqidi çıxışlar səslənməyə başlandı. Tehranda keçirilən mətbuat konfranslarının birində İranın Neft Nazirliyinin xarici əlaqələr şöbəsinin müdiri ağai Mehdi Hüseyni gileylənirdi ki, Azərbaycan tərəfi İranı müqavilədən çıxarmaq istəmirdisə, niyə heç olmasa Qərb şirkətlərinə müqavimət göstərmədi, etiraz bildirmədi. İran tərəfi bəyan etdi ki, o, Rusiyaya qoşularaq, Xəzərin statusu məsələsini qaldıracaq. Azərbaycan İranla gərginliyi aradan qaldırmağa çalışdı. Respublikanın xarici işlər naziri Həsən Həsənov: “İrana Azərbaycanın Xəzər sahəsində olan başqa yataqlarda neft çıxarmaqla məşğul olacağını demişik. Biz təklif vermişik və hesab edirik ki, bunun ətrafında danışıqlar aparıb İranın iştirakını təmin edə bilərik. Yəni Azərbaycan İrana normal münasibət bəsləyir”.
Hazırda İran-Azərbaycan neft münasibətləri düzəlməkdədir. Azərbaycan Dövlət Neft Şirkətinin nümayəndələri bir neçə dəfə İrana getmiş, neft sahəsində müştərək işlərə dair razılaşmalar əldə etmişlər. Bununla yanaşı, Azərbaycanın neft işində Xəzərin statusu kimi bir məsələ də var ki, Rusiya vaxtaşırı ona əl atır. Rusiyanın iddialarına görə, Xəzər hövzəsindəki sərvətlər bütün Xəzəryanı respublikalarına məxsusdur. Belə ki, Moskvanın nəzərincə, Azərbaycanın, Xəzər akvatoriyasında müstəqil şəkildə hər hansı işlər aparmağa hüququ yoxdur. Rəsmi Bakının isə buna münasibəti çoxdan aydındır. Keçən ilin noyabr ayında respublikanın xarici işlər naziri Həsən Həsənov, Rusiyanın artıq sabiq xarici işlər naziri Andrey Kozırevin Xəzərin statusuna dair növbəti bəyanatı ilə bağlı jurnalistlərə bir daha Azərbaycanın mövqeyini açıqlamışdır. Azərbaycan naziri deyir ki, Azərbaycanın beynəlxalq təcrübə əsasında qurulmuş mövqeyi ondan ibarətdir ki, Xəzər bir sərhədyanı göl kimi sektorlara bölünür və hər ölkə öz sektorunda müstəqil şəkildə işlər apara bilər. Bu məsələ ilə bağlı tanınmış neftçi, Neft Daşlarının pionerlərindən biri Bəhmən Hacıyevin sözləri yada düşür: “Biz Bakıdan 100 km aralıda Neft daşlarını 45 il bundan əvvəl açmaqla, başımıza gələn fəlakətlərlə, baş verən hadisələri öyrənməklə təcrübə əldə etmişik. Bunlar olmasa, bu gün Xəzərin dərinliklərində iş aparmaq heç kəsin ağlına gəlməzdi. Bunlar böyük itkilərin, böyük əziyyətlərin, böyük çətinliklərin, böyük əzabların, əsəb gərginliyinin sayəsində Azərbaycan xalqına məxsus olub”.
Bu isə rəsmi Moskvanın mövqeyindən fərqlənən daha bir rəydir. Rusiya Elmlər Akademiyasının neft və qaz məsələləri üzrə İnstitutunun məsləhətçisi, vaxtilə Sovet İttifaqının neft sənayesində, eləcə də siyasətində böyük rol oynamış Nikolay Konstantinoviç Baybakov. Onun fikrincə, Azərbaycan, müstəqil bir dövlət kimi, Xəzər hövzəsindəki neft ehtiyatlarını özü işləməlidir.
Azərbaycan nefti uğrunda daha bir həll olunmamış məsələ - ixrac neft kəmərinin marşrutudur. Konsorsium üzvləri, ixrac boru kəmərinin hansı yolla, yəni Ermənistan, Gürcüstan, Rusiya və yaxud İran ərazisindən keçməsini həll etməlidirlər. Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev: “Neft kəmərinin xərci çox böyükdür. Kapital qoyuluşu 2 milyarda yaxındır, ya da ondan artıqdır. Bu gün “bəli, bu kəməri biz tikməyə başlayırıq, kəmər bu istiqamətdə gedəcək” demək, məncə, tezdir. Ola bilsin bu məsələyə biz bir də qayıdacağıq. Məncə, məsələ aydındır və bu barədə çox dairələrdə deyilir. Neft kəməri mütləq Aralıq dənizinə çıxmalıdır. Başqa yol yoxdur”.
Belə ki, gündəlikdə ilkin neft kəməri məsələsi dururdu ki, bu da artıq bu ilin sonunda kontrakt ərazisində hasil ediləcək ilkin neftin dünya bazarlarına çıxarılması üçün vacib idi. Burada iki variant müzakirə olunurdu: biri - Xəzər neftinin Rusiyanın Novorossiysk kəməri ilə, digəri isə - Gürcüstan kəməri ilə Qara dənizə çıxarılması. Keçən il oktyabrın 9-da Azərbaycan hökumətinin qərarı ilə hər iki variant qəbul edildi. Hər iki variantın qəbul edilməsi hansı zərurətdən irəli gəlirdi? Neft şirkətinin prezidenti Natiq Əliyevin dediyinə görə, itisadi cəhətdən bu iki variantın reallaşması üçün tələb olunan vəsaitin həcmi müxtəlifdir. Rusiya variantı 56 milyon dollara, Gürcüstan variantı isə 248 milyona başa gəlir. Lakin burada başlıca rolu siyasi faktor oynayır: “Bizdən həmişə soruşurlar ki, bir istiqamət seçilsə nə olar. Sabah ya Rusiya hökuməti, ya başqa hökumət deyə bilər ki, yox, bizim öz neftimiz var, biz öz neftimizi nəql edəcəyik. Sizinki qalsın. Onda neyləyərik? Yaxud Gürcüstanda müəyyən bir hadisə baş versə və hansısa digər səbəbdən həmin istiqamətdən istifadə edə bilməsək, onda neyləyərik? Axı, bizim konsorsium qarşısında öhdəliklərimiz var. İndiki zamanda , indiki şəraitdə 2 istiqamətin mövcudluğu Azərbaycan üçün daha əlverişlidir. Özü də Sizə açıq demək istəyirəm ki, bu təminat verir ki, heç bir istiqamətdə problem yaşanmayacaq”.
Eyni zamanda, “Əsrin Kontraktı” bir sıra etirazlar da doğurur. Bəzi analitiklərin fikrincə, Azərbaycan bu kontraktın imzalanmasında çox tələsdi. Moskvalı alim, professor Saleh Əliyev: “Bu yeni bağlanmış sazişin bir çox nöqsanları var. Azərbaycanda saziş imzalanmazdan əvvəl Azərbaycanın yeraltı sərvətləri haqqında müəyyən qanun hazırlanmalı idi”.
Professor Əliyevin fikrincə, kontraktda nəzərdə tutulmuş xam neftin satışı Azərbaycan üçün əlverişli deyil. Öz fikrini Saleh Əliyev belə əsaslandırır: “Xammal, xam nefti satmaq Azərbaycan üçün pis yoldur. Çünki Azərbaycanın dünya okeanına çıxışı yoxdur. Azərbaycan neftini ölkədən ixrac etmək üçün çoxlu xərc aparan neft kəməri tikməlidir. Həmin neft kəmərinin ölkələrdən keçməsinə görə də böyük vəsait ödənilməlidir”. Saleh müəllimin dediyinə görə, Azərbaycan rəhbərliyi sazişin ölkənin mənafeinə uyğun olduğunu xalqa da sübut etməli idi. Kontraktın mətni Azərbaycan dilində də olmal idi. “Mən neft siyasəti il məşğul olan bir şəxs kimi deyə bilərəm ki, Texasda tərtib edilmiş bu çox sözlü və çox səhifəli saziş çox qarışıq bir dildə yazılıb və onun rusca tərcüməsi ingilis mətni ilə tam uzlaşmır. Buna görə də mən soruşuram: nə üçün Azərbaycan rəhbərliyi sazişdə bəzi gizli maddələrin olmasına razılıq verib və nə üçün bu sazişlə Azərbaycan ziyalılarını tanış etməkdən qaçır?”
Bir çoxlarını narahat edən məsələlərdən biri də Azərbaycana böyük həcmdə gəlir axınıdır. Bu fikirlə razı olan Saleh Əliyev məsələni belə açıqlayır: “Bəzən bir ölkəyə çoxlu miqdarda gəlir gəldikdə siyasətin ən mühüm hissələrindən biri o pulu necə xərcləmək məsələsidir. Azərbaycanda neft 3-4 ildən sonra, yəni 1996-ci ildə çıxarılmağa başlanmalıdır. Bundan sonra az bir müddətdə, 4-5 ildən sonra ildə 40 milyon ton, yaxud 700 min barrel neftin çıxarılması Azərbaycana gərək deyil. Çünki bu pulları, bu vəsaiti Azərbaycan həzm edə bilməz”.
Neft kontraktı ətrafında mübahisələr, müxtəlif rəylər hələ çox davam edəcəkdir. Kontraktın özünə dair işlər isə artıq başlanıb. Onlara, on bir şirkətdən ibarət “Azerbaijan İnternational Operatiny Company” – “Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti” rəhbərlik edir. Şirkətin prezidenti Terri Adams: “Biz Azərbaycana uzun müddətə gəlmişik və biz yaxşı qonşu olmaq niyyətindəyik. İşimizin uğurlu olması Azərbaycan üçün xeyirlidir. Biz burada işimizi beynəlxalq standartlara uyğun qururuq. Ətraf mühit məsələlərinə çox ciddi yanaşırıq, həmçinin biz Azərbaycana yeni iş yerləri gətirəcəyik. Azərbaycan neft şirkəti ilə - bərabərhüquqlu, eyni intelektuala malik, çox yüksək səviyyəli tərəf-müqabillə işləyirik. Biz bu əməkdaşlığı çox yüksək qiymətləndiririk”.
Neft dollarları, deyir Terri Adams, insanların həyat və güzəranını, şəhərin özünü dəyişəcək. Lakin buna vaxt, vaxt lazımdır. O, deyir ki, günlərin bir günü Bakıya gəlib Bakını tanımayacaqsınız.
“Əsrin Kontraktına” ən çox ümidlər bağlayan, yəqin ki, neftçilərin özüdür. Vaxtilə böyük hörmətə malik olan bu sahənin işçiləri də, hamı kimi, bu gün iqtisadi cəhətdən çətinlik çəkir, fəhlələr bəzən, görürsən, aylarla maaşlarını ala bilmirlər. Bakıda ezamiyyətim zamanı görüşdüyüm təqaüdçü neftçilər güzaranlarından şikayətlənirdilər. Belə ki, fəhlələrin ümidləri böyükdür. Bibi-Heybət Neftqazçıxarma İdarəsinin ümumi məsələlər üzrə rəis müavini Seyid Əmirov: “Əlbəttə, mənə elə gəlir ki, bu kontraktla əlaqədar neftçilərin vəziyyəti yaxşı olmalıdır. Çünki neft mədənlərinə xarici kapital qoyuluşu xalqın vəziyyətini də yaxşılaşdırmalıdır”.
Bəs digər Azərbaycan vətəndaşları kontraktdan nə gözləyirlər, hansı ümidlərini bağlayırlar? Gəlin bir neçə rəyi dinləyək:
“Neft kontraktı bağlananda Azərbaycan xalqı arasında elə söhbət gəzirdi ki, müqavilə imzalananda Qarabağ problemi həll olunacaq. Bir il ərzində atəşkəsdən başqa Azərbaycanda heç bir dəyişiklik yoxdur. Atəşkəs isə, mənim fikrimcə, uduzmağımızı boynumuza almaqdır. Kontraktla şəxsən mənim və tanışlarımın bağladıqları ümidlər boşa çıxdı. Mən elə başa düşürəm ki, indən belə də bir yaxşılıq olmayacaq”.
“Bu əsrin kontraktında dünyanın ən məşhur neft kompaniyaları iştirak edir. Onlar yeni texnologiyalara malikdirlər, çox qazanırlar, işçiərinə çox maaş verirlər. Bütün bunlar məndə ümid yaradır ki, eyni vəziyyət bizdə də olacaq”.
“Neft, birincisi, yardım edəcək ki, biz dünyaya və Avropaya qovuşaq, həm də siyasi mənada çox şey gözləyirik ki, Azərbaycan dövlətçiliyinin saxlanılmasına, dövlətçiliyin inkişafına xidmət edəcək”.
“Sürücüyəm. 31 yaşım var. Mən də, vallah, nə deyim. Elə televizordan eşidirəm. Yaxşı olacaq”.
“Neft kontraktı işə düşsün, hər şey nəzərdə tutduğumuz kimi olsa, mən əminəm ki, xalqın güzaranına 100% təsir göstərəcək”.
Rəylər, fikirlər, ümidlər.
Azərbaycan Dövlət neft şirkətinin istehsalat məsələləri üzrə vitse-prezidenti, tanınmış geoloq, Xoşbəxt Yusifzadə: “İndi Xəzər dənizinin Azərbaycan sektorunda 100-dən artıq struktur var ki, biz ora hələ yaxın düşməmişik. Azərbaycanda bu günə qədər 1 milyon 400 min ton neft almışıqsa, ondan artıq miqdarda laylarda var. 100-150 ilə çatacaq. Xəzərin böyük dərinliklərində, 1800-19000 metrdə çoxlu struktur var. Hələ ora yaxın düşə bilmirik. İllər keçdikcə, texnikanın səviyyəsi qalxacaq, xaricilər, özümüz də işləyəcəyik. Gedib həmin strukturları kəşf edəcəyik. Onu da demək olar ki, 100-150 il hələ bu barədə fikirləşməməliyik. Neftə olan ehtiyacımız ödəniləcək”.
Əlbəttə, bu çox sevindirici haldır! Lakin yenə də bütün bu sərvətlər özünə müdrik, qayğı ilə yanaşma tələb edir. Azərbaycanda və ümumiyyətlə, dünyada neft uğrunda mübarizə hələ, yəqin ki, çox davam edəcək, ta o vaxtlaradək ki, bəşəriyyət yeni, geniş yayılan yanacaq növü icad edəcəkdir. Hələ ki, bir şeyə ümid bəsləmək istəyirik ki, Azərbaycanın bu sərvəti onun xalqına, onun xoşbəxt gələcəyinə xidmət edəcəkdir.
Bu silsiləni biz qocaman yazıçımız, yeri gəlmişkən, özü neftçi-geoloq olan Manaf Süleymanovun sözləri ilə başlamışdıq. Gənc nəslin sözləri, ümidləri ilə bitirmək istəyirik. Çünki məhz bu nəsil Azərbaycanın sabahkı günü, onun gələcəyidir. Bir də, deyirlər ki, uşaqların dili ilə həqiqət danışır... “Adım Dadaşov Pərvizdir. 190 saylı məktəbdə oxuyuram, 7-ci sinifdə. Mən bilirəm ki, Azərbaycan xariclə müqavilə bağlayıb. Azərbaycan üçün bu, çox yaxşı olacaq. Mənim üçün, uşaqlar üçün, gələcək üçün çox yaxşı olacaq!”