Axşamınız xeyr! Keçən, altıncı verilişimizdə biz İkinci Dünya müharibəsi və Azərbaycan neftçilərinin əmək qəhrəmanlığı haqqında danışdıq. İkinci Dünya müharibəsi faşist Almaniyasının məğlubiyyəti ilə qurtardı. Və bu qələbədə Bakı neftinin rolu misilsiz idi. Bəs müharibədən sonrakı dövr Azərbaycan, eləcə də dünya neft sənayesinin inkişafı necə gedirdi? Bugünkü verilişimizdə biz neftin artıq açıq-aydın siyasi rənglər aldığını, dünya dövlətlərinin siyasi mənzərəsini dəyişəcəyini görəcəyik. Beləliklə, yeddinci veriliş – Dünya neft tarixi İkinci Dünya müharibəsindən sonra.
İkinci Dünya müharibəsindən sonra inkişaf etmiş ölkələrdə yüksəliş müşahidə olunurdu. Müharibə Avropanı viran etmişdi. Odur ki, bu qitənin yüksəlişi çox aşağı səviyyədən başladı. Birləşmiş Ştatlar isə yer üzündə ən qüdrətli dövlət kimi irəli çıxdı. Bu dövrdə amerikalılar böyük miqdarda avtomobil istehsal edirdi və onlar yanacağa olan ehtiyacı ödəmək üçün neft idxalı haqqında düşünməyə başladılar. İndi neft idxalında nəhəng bir mənbə vardı. Enerji Tədqiqatları üzrə Oksford İnstitutunun direktoru Robert Marbo deyir ki, Səudiyyə Ərəbistanı və Küveytdə olan neft mədənlərinin istismarına başlanıldı. Bütün kəşflər İkinci Dünya müharibəsindən əvvəl edilmişdi, lakin müharibə ərzində dondurulmuşdu. Müharibədən sonrakı illərdə böyük partlayış baş verdi. Oxşar inkişaf İraq və İranda da müşahidə edilirdi, çünki orada istehsal artıq var idi. Bunun ardınca Qətər və Abu-Dabi yataqları aşkar olundu. Tezliklə elə bir mərhələyə çatdıq ki, dünyada neftə artan tələbat üzündən ABŞ artıq mübarizə apara bilmirdi. Belə ki, neft sənayesinin, necə deyərlər, cazibə nöqtəsi, coğrafi cəhətdən Texas körfəzindən Fars korfəzinə keçdi.
Birləşmiş Ştatlardan sonra ən böyük neft bazarı Sovet İttifaqı idi. Lakin bu dövrdə əsas diqqəti Volqa-Ural regionu cəlb etməyə başladı. Neft və qaz məsələləri üzrə analitik Conatan Stern: “İkinci Dünya müharibəsinin sonuna yaxın Volqa-Ural mədənləri artıq müəyyənləşdirilmişdi və 1940-cı illərin axırı 1950-ci illərin əvvəlində burada intensiv qazma işləri aparılırdı. 1960-cı illərin əvvəlində isə Volqa-Ural mühüm neft regionuna çevrildi”.
Sovet İttifaqı bütün bu neftə malik idi, lakin müharibədən sonrakı illərdə onu yalnız kommunist ölkələrinə ixrac edə bilirdi. Bu ölkələr isə neftin haqqını sabit, dönərli valyuta ilə ödəmirdilər. Sovetlərə Qərb bazarları lazım idi. Conatan Stern: “1949-cu ildə NATO-nun əsası qoyuldu. Soyuq müharibə getdikcə şiddətlənirdi. Bu, ideoloji mübarizə zamanı Sovet neft məhsullarına qarşı daha bir neft boykotu idi. 1950-ci illərdə dünya bazarlarında kifayət qədər neft var idi, Qərb şirkətləri yeni, böyük neft mənbələri axtarırdılar”.
Dünya bazarlarına çıxmaq üçün Sovetlər beynəlxalq qiymətlərlə rəqabət aparmalı idi. Qərb şirkətləri neft sənayesində dominant rolunu oynayırdılar, istehsalçı ölkələrlə sövdələşmələr həmişə onların xeyrinə olurdu. 40-cı illərdən başlayaraq, birgə sazişlər imzalamağa başlandı. İlk dəfə olaraq, istehsalçı ölkələr öz neftlərindən əldə edilən gəlirin yarısını alırdılar. 1950-ci ildə İran nefti ətrafında gərgin böhran yarandı. Xatırladaq ki, Britaniyanın İngilis-Fars şirkəti burada inhisarçı hüquqa malik idi. BBC Mərkəzi Asiya və Qafqaz xidmətinin başçısı Bəhruz Afaq Təbrizi: “Əslində, bu böhran 1940-cı illərin ortalarında başlamışdı. Bir tərəfdən, neft fəhlələri maaşların qaldırılmasını və yaxşı iş şəraiti tələb edirdilər. Digər tərəfdən isə Tehran siyasətçiləri istəyirdilər ki, İngilis-İran şirkəti ilə daha əlverişli saziş bağlansın. Onu da deyim ki, Sovet İttifaqı təklif etmişdi ki, İranın qərbində neft işləri aparsın, lakin İran hökuməti buna razı olmadı. O vaxt, 1951-ci ildə, baş nazir Məhəmməd Mossadıx idi. O, hesab edirdi ki, İrana beynəlxalq konsessiya əl vermir, çünki xaricilər İranın siyasətinə müdaxilə edəcəklər.”
Mossadıx ingilislərin İrandan çıxmasını istəyirdi. Ümumiyyətlə, orada İran-ingiis şirkətini sevmirdilər. Şirkət və Britaniya hökuməti arasında əlaqələr güclənirdi. Çünki Britaniya hökuməti şirkətin aksiyalarının əksəriyyətinə malik idi. İngilis-İran neft şirkətinin çalışdığı ölkənin cənubunda heç bir infrastruktur yox idi. Şirkət Britaniya hökumətinin təşəbbüsü ilə xəstəxana, tədris müəssisələri, yol tikintisi, elektrik və su təchizatı kimi işləri həyata keçirirdi. Böhran ən yüksək nöqtəsinə çatanda, Mossadıx hökuməti İngilis-İran neft şirkətini milliləşdirdi. Tarix təkrar olundu. Mübahisə tezliklə beynəlxalq miqyas alaraq öz tarixi əhəmiyyətini itirdi. İşə Amerika hökuməti də cəlb olundu. Bu o vaxtlar idi ki, Amerikanın xarici siyasəti kommunizmə qarşı yönəldilmişdi. İran isə Sovet İttifaqının yaxınlığında çox mühüm strateji mövqe tuturdu. Bəhruz Afaq Təbrizi: “İran hökuməti ilə danışıqlar başladı. Mossadıxa çoxlu güzəştlər edildi, lakin o, heç birini qəbul etmədi. Mossadıx çox millətçi idi. Əvvəla, Amerika və İngiltərə İran neft işində hədə-qorxuya əl atmaq istəmirdilər, lakin onlar gördülər ki, danışıqlar çox uzun çəkdi, 1953-cü ilə kimi. Və tədbir görməli oldular. Nəticədə çevriliş baş verdi. Amerika və ingilislərin köməyi ilə Mossadıx hökuməti devrildi. Yeni baş nazir Zahidi daha üzüyola idi. 1954-cü ildə bu neft məsələsi həll olundu. İngilis şirkəti İranda qaldı, lakin konsorsium üzvü kimi 40% pay aldı”.
Bu, İranda baş verirdi. Qonşu Azərbaycanda isə müharibədən sonra neft sənayesinin üçüncü dəfə texniki cəhətdən rekonstruksiyası başladı. Neft hasilatı və emalının mütərəqqi üsulları, elektrik qazma maşınları, almaz, hidromonitor və digər baltalar tətbiq olundu. Quyuların dərinliyi xeyli artıb 4.500-4.900 metrə çatdı. Dərinliyi hətta 5000 metrə çatan quyular da var idi.
1947-ci ildə Gürkandəniz, 1949-cu ildə Neft Daşları, 1950-ci ildə Darvin bankəsi, 1951-ci ildə Ciloydəniz, 1953-də Qum adası, 1955-də Palçıq Vulkanı, 1958-də Qaradağ-Dəniz yataqları kəşf edildi. Dənizdə estakadanın qurulması işləri davam etdirilirdi, hərçənd ki, ilk cəhdlər hələ 1936-1938-ci illərdə Artyom adasında edilmişdi, lakin müharibə bu işləri dayandırmışdı. 1947-ci ildə “Dalğalar üzərində qaçış” davam etdirildi. 1947-1950-ci illərdə “Başdənizneft”, “Azərdənizneft”, “Azərdənizneft-kəşfiyyat”, “Azərdəniznefttikinti”, “Dənizneftlayihə” təşkilatları yaradıldı.
Müharibədən sonrakı dövr Azərbaycan neft epopeyasında ən qəhrəman səhifələrdən biri Neft Daşlarının salınması idi. Bakılılar neft dalınca dənizə gedən dünyada ilk adamlar idi. Hələ 1922-ci ildə Xəzərdən qoparılmış torpaqda, İliç buxtasında mədən salındı. Sonra buruqlar dənizə addımladılar. Dənizin dibini öyrənərək geoloqlar sahildən getdikcə uzaqlaşırdılar. Geoloji partlayışlar dərin layları açır və geoloqlara yeraltı sərvətlərdən danışırdı. Dənizçilər Xəzərin bu hissəsini “gəmilər qəbristanlığı” adlandırırdılar. Sakit havada burada, su üzərində, qaz qovuqları və neft ləkələri görmək olardı. Bir çox alim zənn edirdi ki, bu, batmış dəfinələrin qalıqlarıdır və dəniz suları neft laylarını çoxdan yuyub aparıb. Neft Daşlarına ilk ekspedisiyaya Ağaqurban Əliyev başçılıq edirdi. 1949-cu ilin yanvarın 5-də “Transportnik” adlı şxuna Bakı buxtasından çıxıb Neft Daşlarına doğru irəlilədi. Neft Daşlarının tikintisi və bununla da qəhrəman Azərbaycan neftçilərinin salnaməsində yeni səhifə belə başlandı. Azərbaycan Dövlət Neft Sənayesi Elmi-Tədqiqat və Layihə İnstitutunun direktor müavini Bəhmən Hacıyev Neft Daşlarının ilk pionerlərindən biri idi: “Biz pioner kimi öz təkliflərimizi, öz ixtiralarımızı, öz biliyimizi, öz təcrübəmizi əsalandırıb bu layihənin həyata keçirilməsinə yönəldirdik. Uzun metal körpülərin tikilməsi, onun üzərində ayrı-ayrı əsasların yaradılması, bu əsaslarda küt-maye qazma üsulunun tətbiqi, neftin nəqli üçün yeni iş şəraitinin yaradılması, dənizin çirklənməsinə qarşı bütün münasib vasıtələrin tətbiqi kimi məsələləri həll etməli və onları vaxtlı-vaxtında yerinə yetirməli idik. Biz bunların hamısını estakada adlanan uzun dəmir körpü vasitəsilə etdik. Bu nəinki yaşayış məntəqələri, habelə sənaye obyektləri arasında hava şəraitindən asılı olmayaraq əlaqə saxlamaq imkanı verirdi. Bu da dənizin fırtanısına, küləyin şiddətınə baxmayaraq, hər şəraitdə işləməyə imkan verirdı”.
Neft Daşları neftçilər üçün yalnız iş yeri yox, eləcə də yaşayış yerinə, doğma evə çevrildi. Burada qəsəbə salındı, yeməkxanalar, kitabxana, tibbi xidmət, klub, hətta məktəb-texnikum açıldı. Bəhmən müəllimin dediyi kimi, 1951-ci ildən 1968-dək neft hasilatında hər il orta hesabla yarım milyon ton artım var idi. 1968-ci ildə Neft Daşlarında çıxarılan neftin miqdarı sutkada 22 min tona çatmışdı. İllik isə 6 milyon 800 min ton çıxarılmışdı. Bu, Sovet İttifaqında çıxarılan neftin 10%-ni təşkil edirdi. Bəhmən müəllimin dediyinə görə, Neft Daşlarında işləmək o qədər də asan deyildi. Burada ildə yalnız əlli sakit, küləksiz gün olurdu. Qalan 315 gün isə şiddətli fırtınalar qopurdu.
Neft Daşları açıq dənizdə salınan dünyada yeganə mədən idi. Bəhmən Hacıyev xatirələrini belə davam etdirir: Neft Daşlarının tarixində ən böyük faciə 1957-cu il noyabrin 20-dən 21-nə keçən gecə baş verdi. Sürəti saniyədə 44 metrə çatan fırtına baş verdi. Bu fırtına nəticəsində 10 km artıq estakada dağıldı. 21 nəfər neftçimiz həlak oldu”.
Neft Daşlarına dünyanın hər yerindən adamlar gəlirdi və əlbəttə ki, o vaxtlar Sovetlər ölkəsinin böyük rəhbərləri Bakıya təşrif buyuranda ilk növbədə Neft Daşlarına baş çəkirdilər. Vaxtilə SovİKP MK Baş katibi N.S. Xruşşovun Bakıya səfərini Bəhmən müəllim belə xatırlayır: “Xruşşov Neft Daşlarına gəldi. Ona Fəxri neftçi adı verdilər, başına kaska qoydular, plaş geydirdilər. Xruşşovun özü lap yerində dedi ki, “mən donuz otarmışam, şaxtada işləmişəm, amma dənizdən neft çıxarmamışam, axı. Siz niyə mənə Fəxri neftçi adı verirsiniz? Məncə, kişi bunu lap yerində dedi, haqlı dedi”.
Müharibədən sonrakı illərin neft sənayesi öz qəhrəmanlarını yaratdı: Yusif Fərzəliyev, Musa Bayramov, Ağadadaş Kərbəlayi oğlu, Akif Cəfərov, Yarmət Yarəliyev, Xanoğlan Bayramov, adı neftçi Qurban kimi dillərdə əzbər olan Qurban Abbasov. Təəssüf ki, bu proqram üçün material toplayanda neftçi Qurbanla söhbət etmək mənə nəsib olmadı. Artıq bir il idi ki, neftçi Qurban dünyasını dəyişmişdi.
Yeni neft yataqları kəşf olunurdu, Azərbaycanın neft və kimya elmi inkişaf edirdi, respublika Sovet İttifaqının Neft Akademiyası kimi ad qazanmışdı. Bakının özündə isə yeni-yeni gözəl binalar tikilirdi. Sadıq Dadaşov, Mikayıl Hüseynov kimi məşhur memarların tikdiyi binalar Bakını gözəl, müasir şəhərə çevirirdi: Bakı Sovet İttifaqının neft paytaxtı idi.
1960-1970-ci illərdə dünya neft sənayesində bir sıra mühüm hadisələr baş verdi. 1960-cı ildə dünyanın ən böyük neft ixracatçısı olan Venesuelanın aparıcı rolu sayəsində OPEK - Neft İxrac edən ölkələrin Təşkilatı yaradıldı. Buraya Venesuelanın özü, Səudiyyə Ərəbistanı, İraq, İran və Küveyt daxil oldu. Təşkilatın başlıca məqsədi neft qiymətlərinin müdafiəsidir. Lakin neft olduqca böyük əhəmiyyət kəsb etdiyinə görə, OPEK də tez bir zamanda siyasi məsələlərə qarışmalı oldu. 1970-ci illərin əvvəllərində OPEK Qərbə düşməncəsinə münasibət bəsləməyə başladı. OPEK üzvləri hesab edirdi ki, qərb ölkələri neftdən daha çox faydalanır, nəinki neft hasil edən ölkələrin özü. İran şahı deyirdi ki, biz neftə görə az pul qazanırıq, axırda bu da tükənəcək. Bu, əbədi mənbə deyil. 1979-cu ilin yanvarında, OPEK-də böyük nüfuza malik İran şahı taxtdan salındı. Bəhruz Afaq Təbrizi: “Düzdür, Qərb məmləkətləri üçün şahla neft barədə danışmaq çətin idi. Amma buna baxmayaraq, o, Qərbin dostu idi. Və belə bir fakt var ki, şah islam təməlçiləri tərəfindən devrildi. Qərb üçün çox qorxulu idi”.
1980-ci illərin ortalarında dünya siyasətində böyük dəyişikliklər başladı. Sovet İttifaqında hakimiyyət başına Mixail Qorbaçov gəldi. 1986-cı ildə Sovet İttifaqını dağıdan iki hadisə baş verdi: biri - Çernobıl qəzası, digəri isə - neft qiymətlərinin iflası. Dağılan iqtisadiyyatı xilas etmək üçün Qorbaçov ölkənin neft sənayesinə Qərb kapitalını cəlb etmək qərarına gəldi. Beləliklə, SSRİ-nin dağılma ərəfəsində Azərbaycan da daxil olmaqla, Sovet İttifaqının neft regionlarında ilk xarici şirkətlər yarandı. Neft uğrunda mübarizənin daha bir mərhələsi başladı. Lakin bu barədə - artıq gələn verilişimizdə. Hələlik isə, sağ olun!