Axşamınız xeyir! Bu bizim artıq altıncı görüşümüzdür. Keçən verilişimizdə qeyd etdiyimiz kimi, 40-cı illərin sonuna yaxın dünya neft tarixi özünün yeni əsrinə daxil olmaqda idi. Lakin bu yeni əsri İkinci Dünya müharibəsi təxirə saldı. Bu müharibənin ən həlledici mərhələsi isə faşist Almaniyasının məğlubiyyətinə gətirən Böyük Vətən müharibəsi idi. Bu qələbədə neft nə kimi rol oynamışdı? Azərbaycan neftçilərinin əmək qəhrəmanlığı lazımınca qiymətləndirilmişdirmi? Altıncı verilişimiz məhz bu illərə həsr olunur:
Artıq 1928-ci ildə bərpa edilmiş Bakı neft sənayesi sürətlə inkişaf edirdi. Sovetlər ölkəsinin iqtisadiyyatında mühüm yer tutan Azərbaycan neftinə Mərkəz xüsusi diqqət və qayğı yetirirdi. Bakı neftçilərinin fədakar əməyi isə bu inkişafı daha da sürətləndirirdi.
1940-cı ildə Bakı ölkədə hasil edilən neftin 72%-ni verdi. Bu, 22,2 milyon ton təşkil edirdi. Hitler Avropanı artıq müharibəyə sürümüşdü. Lakin Sovet İttifaqına hücum edilməzdən əvvəl Azərbaycan Kommunist bolşeviklər partiyasının Mərkəzi Komitəsinin sərəncamı ilə neft mədənlərinin qorunması və yanğından mühafizə tədbirləri işlənilməyə başlandı. Neft müəssisələrinin fövqəladə şəraitdə işləməsini təmin etmək üçün proqram yaradıldı. 1941-ci il gəldi. Bu, üçüncü beşilliyin dördüncü ili idi. Bakı neftçiləri həmişə olduğu kimi, bu beşilliyi də vaxtından əvvəl bitirmək əzmində idilər. 1941-ci ildə onlar 23 milyon neft hasil etməyi nəzərdə tutmuşdular. Və doğrudan da, neft və qaz üzrə illik plan vaxtından əvvəl, iyunun 24-nə qədər yerinə yetirilmək üzrə idi. Lakin iyunun 22-də faşist Almaniyası Sovet İttifaqına hücum etdi. Böyük Vətən müharibəsi başladı.
Hitler ordusu müharibənin elə ilk aylarında Sovet İttifaqının qərb neft rayonlarını və cənub kömür hövzəsini ələ keçirdi. Bütün ölkə kimi Bakı da müharibə relslərinə düşməli oldu. Müharibənin ilk günlərindən xalq ordusu sıralarına 186 min bakılı yazıldı. Bu səslər isə sənədli kinoxronikadan gəlir. Neftçi Eyvaz İsmayılov cəbhəyə getməzdən əvvəl mədənə, yoldaşları ilə sağollaşmağa gəlir. Onu xeyir-dua ilə yola salırlar:
-Get, oğlum, uğurlar olsun! Yerin bağrını yara-yara neft çıxartdığın kimi, get, cəbhədə aslan nərəsi çıkib o əclaf düşmənin bağrını yar! Onu əz, məhv et!
-Baş üstə! Tapşırığınızı canla-başla yerinə yetirəcəyəm!
Hər kəs cəbhəyə bacardığını verirdi. Müharibənin birinci ilində bakılılar ölkənin müdafiə fonduna 20 milyon manat verdilər. Bundan əlavə, milyonlarla şinel, paltar, ayaqqabı. Lakin Bakının cəbhəyə verdiyi ən əsas şey neft idi. Düşmən gözünü məhz neftə dikmişdi. 1941-ci ilin dekabrında Hitler Cənub istiqamətini başlıca istiqamət elan etdi. "Biz Bakı neftini ələ keçirəcəyik və bununla da sovet təyyarə və tanklarını cansız, lazımsız dəmir oyuncaqlara çevirəcəyik",- deyirdi fürer.
Bu isə BBC arxivlərindən Adolf Hitlerin özünün səsidir.
Qafqaz istiqamətinə ən seçmə qoşunlar - iki tank ordusu, fürerin “Böyük Almaniya” adlanan sevimli diviziyası, hərbi alpinistlərdən hazırlanmış Edelveys diviziyası, SS-in “Vikinq” adlı ən yaxşı diviziyası atılmışdı. Hitlerin planında hətta Bakının alınacağı gün müəyyən edilmişdi: Sentyabrın 25-də Bakı Böyük Reyxin bir hissəsinə çevrilməli idi. Müharibə dövründən qalmış “Neftçilərin qəhrəmanlığı” sənədli kinoxronikasında belə bir kadr var: Almaniya rəhbərliyinin qarşısında Sovet İttifaqının xəritəsi təsvir olunmuş böyük bir tort qoyulub. Fürer Abşeronu səliqə ilə kəsib öz boşqabına çəkir.
Həmin illər Sovet İttifaqının, Cəbhənin neftlə təchizatı dövlət komitəsinin başçısı, sonralar Neft Narkomu, görkəmli dövlət xadimi olan, özü də Bakıda anadan olmuş Nikolay Konstantinoviç Baybakov idi. Bu silsilə üçün material topladığım zaman xoşbəxtlikdən Nikolay Konstantinoviç də Bakıda idi. “Mir” teleproqramı onun barəsində film çəkirdi. Və mən bu fürsətdən istifadə edib, onunla görüşdüm, həmin illərin xatirələrini danışmağı xahiş etdim: “Hitler dedi ki, əgər o, Qafqaz neftini ala bilməsə, müharibəni uduzacaqdır. Stalin məni çağırıb rahatca belə dedi: Yoldaş BaybAkov, siz Bakı neftinə cavabdeh olacaqsınız. Əgər neftdən bircə damcı belə almanlara versəniz, güllələyəcəyik. Lakin mədənləri yandırsanız, almanlar isə gəlməsə və biz neftsiz qalsaq, yenə güllələyəcəyik...”
Hitler Bakı neftinə can atırdı. Stalin yaranmış vəziyyətdən narahatçılıq ifadə edərək bildirirdi ki, Sovetlərin ən zəif nöqtəsi - qırıcı aviasiyanın olmamasıdır.
Stalinin baş nazir Çerçilə gizli və şəxsi naməsi: “Qafqaz regionunda vəziyyətimiz oktyabrda yaranmış vəziyyətlə müqayisədə bir qədər pisləşib. Almanlar Nalçik şəhərini alıb Vladiqafqaza yaxınlaşıblar. Burada hazırda şiddətli döyüşlər gedir. Bizim zəif yerimiz - kifayət qədər qırıcı aviasiyanın olmamasıdır”..
Alman həmləsinin təhlükəsi qarşısında qalan Krasnodar və Maykopun neft mədənləri yandırıldı. Bakı neftçilərinin üzərinə daha ağır yük düşdü.
Baş nazir cənab Uinston Çerçildən cənab Stalinə məxfi məktubdan: “Almanlar artıq Xəzər dənizində hərbi əməliyyatlara komandanlıq etmək üçün admiral təyin ediblər. Onlar Mahaçqalanı özlərinin əsas hərbi-dəniz bazası seçiblər. Xətt açılan kimi, Mariupoldan Xəzərə dəmir yolu ilə 20-yə yaxın hərbi gəmi göndərəcəklər. Onların arasında İtaliyada istehsal olunmuş sualtı gəmilər və torpeda katerləri vardır”.
Bakıda fövqəladə tədbirlər planı hazırlanırdı. Bütün quyular bağlanmalı və ağzı tıxanmalı, almanların şəhərə girəcəyi təqdirdə partladılmalı idi. Abşeronun hər neftli bucağında partladıcı dəstələr hazır dayanmışdılar. Şəhərdəki idarələrin gizli surətdə Krasnovodska köçürülməsi nəzərdə tutulmuşdu. Bütün bunlar fövqəladə tədbir kimi ehtiyatda saxlanılırdı. Bununla yanaşı daha bir tədbir də görülürdü - Bakı neft sənayesi potensialının bir hissəsinin Volqaboyu, Ural, Orta Asiya və Qazaxıstan yataqlarının işlənilməsinə yönəltmək qərara alındı. On minə yaxın Azərbaycan mütəxəssisi həmin regionlara göndərildi. 1944-cü ilin iyun ayında Kuybışev vilayətində, məşhur Jiquli dağlarında neft fontanı vurdu. İkinci Bakının bünövrəsi belə qoyulmuşdu. Bakının özündə isə neftçilər, cəbhəni yanacaqla təmin etmək üçün istirahət nə olduğunu bilmirdilər. Yeni yataqların açılması davam etdirilirdi. Azərbaycan Neft Sənayesi Elmi-Tədqiqat və Layihə İnstitutunun direktor müavini, bir sıra mükafatlar laureatı, tanınmış neftçi Bəhman Hacıyev: "O vaxtlar Azərbaycanda yeni bir yataq – Buzovna sahəsi açıldl ki, burada yeni işçi qüvvəsi lazım idi. Ona görə də cəbhədə əsgərlərə ehtiyac olmasına baxmayaraq, Azərbaycanın bir sıra rayonlarından səfərbərliyə çağırılanlar müvəqqəti olaraq neft cəbhəsinə yönəldildi. Onlar yeni neft rayonlarında neft quyularının qazılması, onların istismara verilməsi, emal yerinə çatdırılması üçün əllərindən gələni əsirgəmirdilər”.
Vətənpərvərlik hissi neftçiləri ruhlandırır, onlara güc, inam verirdi. Bəhman Hacıyev: “O zaman bizdə o qədər yüksək vətənpərvərlik ruhu var idi ki, hamı cəbhəyə kömək etmək əzmi ilə çalışırdı. Müharibə vaxtı heç kim demirdi ki, iş vaxtı 8 saatdır. Onda gecə-gündüz azlıq edirdi, biz çox vaxt işdən sonra bir neçə saat əlavə qalıb işləyirdik və buna əmək haqqı almırdıq. Bir onu bilirdik ki, biz öz vətəndaşlıq borcumuzu yerinə yetiririk. Bilirdik ki, cəbhədə atalarımız, qardaşlarımız, bacılarımız əldə etdiyimiz məhsul üçün nigarandırlar. Axı, neftsiz tankları, maşınları, topları işı salmaq olmazdı, çörək bişməzdi. Bunları dərk edirdik və iş saatını hesablamırdıq. Bacardığımız qədər işləyib cəbhəyə öz köməyimizi edirdik”.
Bu isə, əvvəlki verilişimizdən sizə tanış olan qocaman neftçimiz 94 yaşlı Musa Bayramovun xatirələridir. Müharibə illərində Musa baba “Leninneft” trestində (bu, indi Balaxanı Neftçıxarma idarəsidir) 8 nömrəli mədəndə müdir işləyirdi. “Biz elə gecə-gündüz mədəndə idik, - deyir Musa baba,- Müharibə vaxtı 5 il mən öz iş otağımda yatdım, evə də getmədim ki, görəm evdə nə var, nə yox. 5 il! Günlərin bir günü xəbər tutdum ki, traktorların hamısı dayanıb işləmir. Soruşuram, adə nə olub? Adamlar işə gəlməyib! Mənim adamlarımdan 40 nəfəri gecə ilə gəlib yığıblar maşınlara. Müharibənin şiddətli vaxtında cəbhəyə göndəriblər. Buruqlar işləmir, traktorlar işləmir. Bizim bir partkom var idi, Tahirov. Çağırıb dedim, ay Tahirov, indi nə edək, neynəyək? İndi orduya gedənlərin evlərinə getmək, onların arvadları ilə danışıb, qadınları işə götürmək lazımdır”.
Müharibə illəri, neftçilərin əksəriyyəti arxa cəbhədə çalışırdı. O vaxtın dili ilə desək, onların “bronu” var idi. Çünki neft cəbhəsi hərbi cəbhə kimi olduqca böyük əhəmiyyət kəsb edirdi. Lakin müharibəyə gedənlər də var idi. Belə halda onları mədənlərdə qadınlar əvəz edirdi. Musa baba söhbətini belə davam etdirir: “Getdik bir-bir o fəhlələrin hamısının ailəsi ilə söhbət eylədik ki, sizin adamlar gedib orduya, gəlin bizə kömək edin. Qadınlardan biri dedi “Baş üstə!”, o biri dedi “Baş üstə!”. 41 nəfər qadın yığıldı. O vaxtlar talon verirdilər. Talon! Həmin talonları dedim arvadlara vermək lazımdır. Gündə 3 perajki verirdik onlara. Müharibə qurtarana qədər arvadlar işlədilər”. Belə qəhrəman qadınlar çox idi və onlar öz əməyi ilə qələbəni yaxınlaşdırırdılar. İş şəraiti ağır idi, dolanış çətin idi, lakin onların zərif çiyninə böyük məsuliyyət düşmüşdü. “Həmin qadınlardan adları o qədər də yadımda qalmayıb. Məsmə xanım, Nina xanım, Əlviyyə xanım, Nüsrətova, Əfruz xala, Rada, Lalə...”
Fəhlələrlə yanaşı Azərbaycan alimləri də cəbhə üçün əllərindən gələni əsirgəmirdilər. Akademik Yusif Məmmədəliyev yeni yandırıcı maddə yaratdı.
Bakının limonad zavodlarının birində həmin maddə ilə dolu butulkaların istehsalı təşkil olundu. Aviasiya yanacağı istehsalının artırılmasında da Azərbaycan akademikinin xidməti misilsiz oldu. Məmmədəliyev aromatik karbonun katalitik alkilləşdirilməsi üsulunu təklif etdi. Bu yolla, aviasiya benzini üçün qiymətli əlavələr əldə edildi. Əgər əvvəllər aviasiya benzini böyük yüksəklikdə havanın temperaturundan donurdusa, indi hərbi təyyarələr göyün daha yüksək qatlarından düşməni əzə bilirdilər.
“Cəbhənin və yalnız cəbhənin yox, eləcə də xalq təsərrüfatının neftlə təchizatında Azərbaycan neftinin xidməti çox böyük olub. Mən bunu ona görə demirəm ki, özüm Azərbaycandanam. Yox. Müharibə vaxtı neft məsələlərinə baxan bir şəxs kimi deyə bilərəm ki, Azərbaycan nefti olmasaydı, biz bu müharibəni uda bilməzdik”-deyir Nikolay Konstantinoviç Baybakov və bunu belə açıqlayır: “Müharibənin əvvəlində ölkədə 33 milyon ton neft çıxarılmışdı, onun 23 milyon yarımını Bakı vermişdi. Krasnodar mədənlərinin partladılmasından və Qroznı yataqlarının dondurulmasından sonra Bakı yeganə yanacaq mənbəyinə çevrilmişdi. Bizim əsas təchizat yollarımız kəsiləndə belə, biz bu dəyərli nefti və neft məhsullarını Xəzər dənizi vasitəsi ilə nəql etdirib cəbhəyə çatdırırdıq”.
75 milyon ton neft. Onun rekord həcmi - 23 milyon yalnız müharibənin ilk ilində. Aviasiya benzininin 80%-i, leqrain və ağ neftin 90%-i, mühərriklər üçün avtotraktor yağlarının 96%-i. Bakının faşizm üzərində qələbədə payı, xidməti bu olmuşdu. Lakin bu lazımınca qiymətləndirildimi? Hətta Malaya Zemlya-Novorossiysk qəhrəman şəhər adına layiq görüldü. Amma qələbəni təmin edən Bakı - yox. Bu il, Moskvada, dünya liderlərinin iştirakı ilə keçən qələbə bayramında Bakının adı belə çəkilmədi. Bakı neftinin qələbədə nə kimi rol oynadığını şəxsən bilən Baybakov bunu cinayət adlandırır.
Müharibədən sonra Azərbaycan neft sənayesinin texniki rekonstruksiyasına ehtiyac duyuldu. Bu, daha bir mərhələnin başlanması idi. Lakin müharibədən sonrakı illər Azərbaycan və dünya neft sənayesinin inkişafı barədə söhbəti artıq gələn verilişimizə saxlayaq. Bu dövrdə də dünya neft tarixində maraqlı hadisələr baş verir. Odur ki, gələn şənbə günü görüşənədək!