Axşamınız xeyir! Keçən verilişimizi dünyada siyasi dəyişikliklərin, əsasən də, Rusiyada proletar inqilabının baş verməsi, bunun neft sənayesinə təsiri və həmin dövrdə dünya neft sənayesindəki yeniliklərlə tamamladıq. Dünyanın iki siyasi sistemə bölünməsi neft sənayesində özünü necə biruzə verdi? Neft uğrunda mübarizəyə hansı ölkələr cəlb olunurdu?
Beşinci veriliş : Dünya neft tarixi İkinci Dünya müharibəsi ərəfəsində.
Əvvəla, nəzəri Azərbaycana salaq. Azərbaycanda Şura hökumətinin qurulması ilə Bakı neftinin yeni dövrü başlandı. Bakıya XI Qızıl Ordu ilə zirehli qatarda Aleksandr Pavloviç Serebrovski də gəlirdi. V.İ. Lenin ona geniş səlahiyyətlər verib Azərbaycan neft komitəsinin başçısı təyin etmişdi. Qocaman yazıçımız Manaf Süleymanov Serebrovski haqqında belə deyir: “Elə ki, sovet hökuməti quruldu Serebrovskini təyin etdilər “Azneft”ə rəis. Serebrovski çox bacarıqlı adam idi, çox da əclaf idi. Çox millətpərəst idi, şovinist idi olmayan dərəcədə”.
Bakı fəhlələri bolşevikdərin gəlməyini salamladılar. Azərbaycanın qocaman neftçisi, artıq tanış olduğunuz Musa Bayramov o illəri belə xatırlayır: “Sovet hökuməti gələndən sonra bir balaca yaşayış yaxşılaşmağa başladı. Azadlıq oldu. Adamlar qırılmaqdan, müharibədən qurtuldular”.
Bu dövrlər Bakı neft sənayesi son dərəcə bərbad halda idi. Bakı “neft qəbristanlığına” çevrilmişdi. Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun Azərbaycanın ən yeni tarixi şöbəsinin müdiri, elmlər doktoru Adil Məmmədov: “1921-ci ilin əvvəlindən neft çıxarılan buruqların sayı 1913-cü ilə nisbətən 3,5 dəfə azaldı. Neft sənayesi cəmi 2,5 min ton neft, yəni 1913-cü il səviyyəsinin 33,3%-ni istehsal edə bilirdi. 40 neftayırma zavodundan ancaq 18-i işləyirdi. 1913-cü ildə Bakıda və onun rayonlarında 100 mindən çox fəhlə işləyirdisə, 1920-ci ildə burada 28,6 min fəhlə vardı. Odur ki, təcili olaraq Bakı neft sənayesini bərpa etmək, onu böyük bir ölkənin tələbatını ödəmək iqtidarına gətirmək lazım idi. Bunu hər şeydən əvvəl Sovet Rusiyasının mənafeyi tələb edirdi”.
Dünya bazarında nəhəng neft şirkətləri arasında amansız rəqabətin getdiyini bilən Serebrovski Bakı neftinin mübadilə imkanını öyrənmək üçün Istanbula yola düşdü. Özü ilə də yüksək keyfiyyətli sürtkü yağları apardı və yanılmadı. Bu yağları gözəl keyfiyyətlərinə görə hələ XIX əsrin axırları, XX əsrin əvvəllərində hətta Amerikada həvəslə işlədirdilər. İlk qaranquş Fransanın “Sosifros” şirkəti oldu. Serebrovski fransız işgüzarları haqqında yazırdı ki, “bunlar malı görmədən pulunu artıqlamasıyla ödəməyə hazırdılar”. İstanbulda olarkən o, eləcə də ucuz qiymətə neft avadanlığı, fəhlələr üçün ərzaq, geyim aldı. Serebrovskinin İstambulda neft avadanlığı alması maraqlı bir söhbətdir. Həmin avadanlıq bolşeviklərin hələ Bakıya daxil olmasından əvvəl neftxudalar tərəfindən Amerikadan sifariş edilmiş və müharibəyə, yəni Birinci dünya müharibəsinə görə İstanbulda ilişib qalmışdı. Pulu isə ödənilmişdi. Söhbəti Serebrovskinin özünün xatirələri əsasında Manaf müəllim davam edir: “Mən Serebrovskinin xatirələrini oxumuşam. O yazır ki, Bakı mliyonçularının aldığı avadanlıq və maşınların İstanbulda saxlanıldığı barədə məlumat əldə edir. Həmin avadanlığın pulu ödənilmişdi. O vaxtlar İstanbulda komendant üsuli-idarəsi vardı. On gün ingilislər komendant olurdu, on gün fransızlar, on gün də, deyəsən, italyanlar. Serebrovski İstanbula gələndə ingilislər iş başında imişlər. O, ingilislərə yaxınlaşmağa cürət etməyib, cünki onlarla söhbət aparmaq çətin idi, onların başı neftdən çıxırdı, hər şeyi yaxşı bilirdilər. Serebrovski bir qədər gözləyib, fransızlar komendantlığa gələndə onların yanına gedir. Fransızlara bir qədər pul verməklə milyon manatlıq bütün avadanlığı göndərir Bakıya”.
1921-ci ilin sentyabrında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin qərarı ilə Azərbaycan Neft komitəsi “Azneft” trestinə çevrildi. Trest şəhərin ən gözəl binalarından birində - Mirbabayevin hələ keçən əsrin sonunda tikdirdiyi mülkündə yerləşdirildi. Elə bu gün də həmin binada Azərbaycan Dövlət Neft şirkəti yerləşir. Trestə Serebrovski başçılıq edirdi. Musa baba Serebrovskinin “Azneft”də fəaliyyətindən belə danışır: “Serebrovski “Azəneft”in xozeyni idi, “Azneft”də otururdu. O, tez-tez fəhlələrin yanına gələrdi. Söhbət aparırdı. Onlara premiya, pul verirdi”.
Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının ilk günlərindən Bakı Rusiyanın əsas yanacaq bazasına çevrildi.
Azərbaycan iqtisadiyyatının əsası olan neft sənayesi faktiki olaraq RSFSR-in tabeliyinə keçdi və ancaq onun tələblərinə müvafiq idarə olunurdu. Azərbaycan xarici işlər naziri Mirzə Davud Hüseynov 1921-ci ilin mart ayında Leninə göndərdiyi radioqramda yazırdı: “Bakı ümumrusiya forsunkasıdır. Qoy onun neft bulağı fasiləsiz vuraraq, yüz minlərlə zavodların, fabrikların, gəmilərin və parovozların milyonlarla ocaqlarına hərarət versin”.
Azərbaycanın ərzaq komissarı Musabəyov isə 1922-ci ildə “Pravda” qəzetində yazırdı: “Bakı proletariatı zəhmətkeş Azərbaycan kəndliləri ilə birlikdə Azərbaycanda Sovet hakimiyyətinin qalib gəldiyi ilk gündən etibarən bildirdi ki, onun bütün Sovetlər ölkəsini təmin etdiyi neft yalnız Azərbaycan xalqının sərvəti deyil, bütün Sovetlər ölkəsinin malıdır...”
Odur ki, Azərbaycan nefti intensiv surətdə respublikadan daşınırdı. Doktor Adil Məmmədov: “1920-ci il mayın 1-dən dekabrın axırınadək təkcə Xəzər dəniz yolu ilə 2,265 min ton neft məhsulu daşınmışdı. Bakı nefti yalnız Rusiyaya deyil, eləcə də sovet hakimiyyəti qurulan digər respublikalara da yardım və yeni quruluşu müdafiə etmək məqsədilə göndərilirdi. 1920-ci ilin axırından 1921-ci ilin sonuna kimi Ermənistana 1 milyon 572 min pud neft göndərilmişdi. 1921-ci ilin fevralından dekabrın axırınadək Gürcüstana 2134 sistern duru yanacaq, o cümlədən 1638 sistern neft, 496 sistern neft məhsulu göndərildi”.
1921-ci ilin iyul ayında Azərbaycan Kommunist bolşeviklər Partiyası Mərkəzi Komitəsinin sədri vəzifəsinə Sergey Mironoviç Kirov təyin olundu.
İndi o, Serebrovski ilə birgə səylərini neft hasilatının artırılmasına yönəltdi. Kirovun Bakıya gəlməsi, onun tez-tez neft mədənlərinə baş çəkməsi, fəhlələrlə söhbət aparması, qocaman neftçi Musa Bayramovun yaxşı yadındadır: “Kirov Bakıya gələndə biz fəhlələr hamımız yağışdıq bir yerdə getdik vağzala. Zirehli qatarla Kirov gəldi, mitinq oldu, sonra biz dağılışdıq. Kirov ilk dəfə olaraq bizim mədənə gəldi, fəhlələr arasında mitinq keçirdi. Dedi nefti çox çıxardın, neft çox lazımdır. Dağılmış məmləkəti abad etmək üçün Sovet hökumətinə külli miqdarda neft lazımdır. A yoldaş fəhlələr, gəlin əl-ələ verin, yaxşı-yaxşı işləyin”.
Köhnə mədənlərin güclü istismarı ilə yanaşı qarşıda mühüm bir vəzifə kimi yeni mədənlərin salınması dururdu. İlk sovet mədəni 1921-ci ilin ikinci yarısında Balaxanı-Sabunçu rayonunda Soldat bazarı deyilən yerdə salındı. 1922-ci ilin mayında burada qazılmaqda olan səkkiz quyudan ikisi istismara verildi. Həmin mədənə Kirovun adı verildi. Hazırda Balaxanı neftçıxarma idarəsi adlanan həmin mədən Leninneft trestində 8 nömrəli mədənə çevrildi. Həmsöhbətimiz üç Lenin ordeni kavaleri, Sosialist Əməyi Qəhrəmanı, Fəxri neftçi Musa Kərim oğlu Bayramov indiyədək məhz bu mədəndə çalışır. Bir qədər sonra isə Bibiheybət buxtasının torpaqla doldurulması başlandı. Əslində, bu işlər hələ keçən əsrin sonunda başlamışdı, lakin sonra vəsait problemləri və digər səbəblərdən dayandırılmışdı. Buxta Leninin şərəfinə İliç buxtası adlandırılmışdı. Həmin işlərdə Musa baba da iştirak edirdi: “Yoldaş Kirov İliç buxtasında çıxış edərək dedi ki, yoldaşlar, bu gün artıq quyu qazmaq üçün o qədər də yer yoxdur. Neyləyək? Bu dənizi qurutmaq lazımdır. Torpaq, qum daşıdılar, oraya tökdülər. Dənizin suyu geri çəkildi. Həmin yerdə yeni quyular qazdılar ki, neft çıxarsınlar. Mümkün qədər çox neft çıxarmaq lazım idi”.
Bu, 1923-cü ildə, mayın 1-də olmuşdu. Neft istehsalı burada artmağa başladı və artıq 1925-ci ildə 223 min tona çatdı. Yeni neft mədənlərinin istifadəyə verilməsi ardıcıl hala çevrilməyə başladı. Belə ki, Buta, Qaraçuxur, Neftçala, Lökbatan, Sulu-təpə, Qala, Körgöz, Zığ, Pirsaat və bir sıra digər mədənlər istismara verildi. 1935-ci ildə Sovet İttifaqında ilk dəfə olaraq açıq dənizdə neft mədəni yaradıldı. Ona rus inqilabçısı Artyomovun adı verildi. Neft sənayesində yeni texniki yeniliklər də baş verirdi. Doktor Adil Məmmədov: “Bakı neft sahəsi ölkədə ilk sənaye sahələrindən idi ki, onun bərpasına texniki cəhətdən yenidənqurulma ilə başlanıldı. Neft istehsalında gərgin fiziki əmək tələb edən və az məhsuldar dartay üsulu dərinlik nasosları və kompressorlarla əvəz edildi. 1932-ci ildə neft sənayesi, demək olar ki, tamamilə elektrikləşdirildi. Neft quyularının qazılmasında vurma üsulundan mexanikləşdirilmiş fırlanma üsuluna keçirildi. 1924-cü ildə Suraxanı mədənində dünyada ilk dəfə olaraq trubodur üsulu ilə quyu qazıldı. 1925-ci ildə İliç buxtası yaxınlığında dünyada ilk dəfə dənizdə qurudulmuş adacıqda neft quyusu qazıldı. 1935-ci ildən başlayaraq açıq dənizdə Xəzərin daha dərin yerlərində neft quyularının qazılmasına başlanıldı”.
Belə ki, Bakı neft sənayesində baş verən yeniliklər nəinki Azərbaycan və yaxud Sovet İttifaqı çərçivəsində, habelə dünya miqyasında ilk yeniliklər idi. Neft sənayesini qaldırmaq üçün ilk beşilliklərdə Staxanov hərəkatı, zərbəçilik, sosializm yarışı kimi müxtəlif tədbirlər görülürdü. Musa baba bütün bu yeniliklərin ilk sıralarında gedirdi: “O vaxtlar fəhlələr arasında sosializm yarışını gücləndirmək üçün Staxanov hərəkarı başladı. Staxanov hərəkatı Donbasda başlamışdı. Bizdən də nümayəndə seçdilər getdi oraya hərəkatla tanış olmağa. Ondan sonra araya saldılar “udarniçestvo”. Fəhlələr bir-birini yarışa çağırırdılar. Mən bu gün belə işləyirəm, sabah daha yaxşı işləməliyəm. Bu gün bir belə neft çıxarıram, sabah bir belə çıxaracağam”.
Məhz belə əmək sayəsində Azərbaycan neftçiləri hər iki beşilliyi iki il yarıma bitirdilər. Bu, çox böyük nailiyyət idi, dünya proletariatı Bakı fəhlələrini bu qələbə ilə təbrik edirdi. Neft sənayesinə göstərilən xüsusi qayğı sayəsində onun istehsalı sürətlə artırdı. Artıq 1928-ci ildə Bakı neft sənayesi bərpa edildi. 7,7 milyon ton neft çıxarılaraq 1913-cü ilin səviyyəsinə çatdı. 30-cu illərin əvvəllərində Bakıda artıq 15,3 milyon ton, yaxud Sovet İttifaqında istehsal olunan neftin 71,5 %-i qədər, 1937-ci ildə isə 21, 3 milyon, yaxud ümumittifaq miqyasında 75,1%-i qədər, 1940-cı ildə isə 22,2 iki milyon ton neft istehsal olunmuşdu. Müharibə ərəfəsində Bakı əla növ aviasiya benzininin 80%-ni, ağ neftin 90%-ni, sürtkü yağlarının 96%-ni verirdi. Bundan əlavə, Bakı neftindən əldə edilən gəlir, o cümlədən xarici valyuta, İttifaqın iqtisadiyyatında mühüm yer tuturdu. Lakin bu vəsaitdən respublikanın özünə nə çatırdı? Doktor Adil Məmmədov: “Neft məhsulunun satışı İttifaq neft sindikatının sərəncamında olduğundan ondan əldə edilən vəsaitin müəyyən hissəsi “Azərneft” birliyinə verilirdi. Respublika demək olar ki, bu vəsaitdən məhrum edilmişdi. Belə ki, neft ticarətindən əldə edilmiş 2 trilyon 104 milyard manatdan “Azərneft”ə cəmi 9 milyard manat ayrılmışdı. Bu cüzi vəsait nəinki neft avadanlığı almağa imkan vermirdi, hətta fəhlələrin əmək haqqını belə ödəmirdi”.
Əsasən İttifaq mənafeinə xidmət edən Bakı neft sənayesinin belə templərlə inkişaf etdirilməsi, ümumiyyətlə, respublikada sənayenin belə birtərəfli inkişafı, Azərbaycanın iqtisadiyyatına, əlbəttə ki, mənfi təsir etmişdi. “1940-cı ildə Gürcüstanda bütün sənayenin səviyyəsi 1913-cü illə müqayisədə 10 dəfə, Qırğızıstanda 9.9 dəfə, Tacikistanda 8.8 dəfə, Ermənistanda 8.8 dəfə artmışdısa, Azərbaycanda bu artım 5,9-a bərabər idi. Azərbaycan sənayenin ümumi artımına görə Sovet İttifaqında olan 11 müttəfiq respublika arasında 10-cu, iri sınaye üzrə isə ən axırıncı 11-ci yeri tuturdu”- Adil Məmmədov.
Bir şeyi qeyd etmək lazımdır ki, o vaxtlar Azərbaycanın neft sənayesində azərbaycanlıların iştirakı xeyli məhdudlaşdırılmışdı. Əgər 1921-ci ildə bu sənayedə çalışanların 34%-ə qədərini azərbaycanlılar, o cümlədən Cənubi Azərbaycandan gələnlər təşkil edirdisə, artıq 1933-cü ildə bu rəqəm 28%-ə enmişdi. Rusların sayı isə artırdı. Məsələn, 1913-cü ildə onlar Bakı neft fəhlələrinin 24%-ni təşkil edirdilərsə, 1933-cü ildə artıq 60%-ə qədərini təşkil edirdilər. Eləcə də rəhbər vəzifələrdə azərbaycanlıların sayı olduqca məhdud idi.
Sovet neft sənayesi bax beləcə bərpa edilirdi. Həmin dövr digər ölkələrin neft sənayesində hansı yeniliklər baş verirdi? Keçən verilişimizdə qeyd etdiyimiz kimi, bu dövrdə aparıcı xarici neft şirkətləri artıq ümumi mənafelər naminə Aknakkari razılaşması əldə etmişdilər. Bu, dünya neft bazarlarının bölüşdürülməsi haqda bir növ əməkdaşlıq idi. 1930-cu ildə Şərqi Texasda yeni yataqlar kəşf olundu. Bu yataqlar o qədər böyük idi ki, Texasa həmişəlik Amerikanın neft ştatı adı qazandırdı. Lakin bu qiymətlərin son dərəcədə aşağı düşməsinə gətirdi ki, bir barelə 2 sent verirdilər. Amerika hökuməti tədbir görməli idi. “Prayz” kitabının müəllifi doktor Daniel Erqin: “1929-cu ildə iqtisadi böhranla nəticələnən dünya depressiyası neftdən olan gəlirləri hər yerdə aşağı endirdi. İran neft mədənlərini istismar edən İngiltərənin neft şirkətləri və Şah arasında ixtilaflar yarandı”.
İngilis-fars şirkətinin tarixçisi doktor Bamberq: “Neft axtarışları intensiv surətdə Yaxın Şərqdə aparılırldı". Bəs orada neft var idimi? Doktor Erqin: “O vaxtlar "Britiş Petroleum" hələ ingilis-fars şirkəti adı altında qalırdı. Kaliforniyanın "Standart Oyl" şirkəti bu işləri təkbaşına görə bilməzdi. O, Aramkonu - Ərəb-Amerika Neft Şirkətini təşkil etmək üçün digər üç neft şirkətini buraya gətirməli idi. Lakin Səudiyyə Ərəbistanı neftinə yaxın buraxılan konsorsium tam amerikalılardan ibarət idi. İngilislərin nüfuzu altında olması güman edildiyi Yaxın Şərq nefti artıq Amerikanın əlinə keçirdi”.
Neft sənayesi yeni əsrə daxil olurdu. Lakin bu yeni neft əsrini İkinci Dünya müharibəsi təxirə saldı. İkinci Dünya müharibəsi illərində Azərbaycan neft sənayesi də daxil olmaqla dünya neft sənayesi barədə biz artıq gələn verilişimizdə danışacağıq. Belə ki, növbəti verilişimizdə görüşənədək!