Axşamınız Xeyir! Sədaqət İsmayılova “Neft uğrunda mübarizə” silsiləsinin növbəti verilişi ilə yenə də sizinlədir. Yadınızdadırsa, keçən, birinci verilişimizdə, biz neft tarixinə nəzər saldıq, neftin ilkin mərhələlərdə necə istifadə olunduğundan söhbət açdıq. Lakin vaxt gedir, zəmanə və əsr dəyişir, sənayenin inkişaf dövrü başlayır. Neftə tələbat və maraq getdikcə artır. Avropada, Amerikada ilk neft şirkətləri yaranır. Dünya neft bazarları uğrunda mübarizəyə başlayır. Beləliklə, veriliş ikinci - Neft sənayesinin inkişaf dövrü!
1861-ci ildə Rusiyada təhkimçilik sistemi ləğv olundu, azad işçi qüvvəsi xeyli artdı və sənaye sürətlə inkişaf etməyə başladı. Bu sənaye neft tələb edirdi. Bakı neft sənayesində mövcud olan iltizam, yəni otkup sistemi isə neftin çıxarılmasına mane olurdu. Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun direktor müavini, doktor Mahmud İsmayılov: “Neft inhisarda idi. İnhisarçını yalnız müəyyən məbləğdə gəlir götürmək maraqlandırırdı. Heç kəs neft sahəsinə, neft ticarətinə buraxılmırdı. Bütün bunlar neft sənayesinin inkişafına mane olurdu”.
Ona görə də qarşıda mühüm bir məsələ dururdu. İltizam sisteminin ləğv olunması. 1872-ci ildə neft sahəsində iltizam sistemi ləğv edildi. O sahələrin hamısı uzunmüddətli icarəyə verildi.
İltizam sisteminin ləğv olunması ilə Bakı neft sənayesi sürətlə inkişaf etməyə başladı. Bu dövrdən etibarən, qazma buruqların və ümumiyyətlə, yeni texnikanın tətbiqi xeyli artdı, çünki: İltizam sisteminin ləğv olunması ilə sahibkarların sayı artdı. Bakı neft rayonunda artıq 79 neft şirkəti, 47 ağ neft emalı zavodu fəaliyyət göstərirdi. Bu, yerli və rus kapitalı idi. 1872-ci ildə Bakı bir milyon yarım pud neft verdi, zavodlarda isə 15 min pud ağ neft emal olundu. Bakı mədənlərində gözlənilmədən elə fontanlar vururdu ki, gündə min tonlarla neft çıxırdı. Bakı tarixindən bəhs edən “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabının müəllifi Manaf Süleymanov Bakını əsl neft Klondaykına çevirən bu vəlvələ haqda belə danışır: “İlk neft sahibkarları burada yaşayanlar idi, yəni azərbaycanlılar idi. Ona görə ki, o torpaqlar onların ata-babalasının idi. Dünən bir qəpiyi yox idi, amma babasının yerində gedirdi quyu qazdırırdı, olurdu milyonçu. Neft harada çıxırdı orada axtarırdılar, neft harada çıxırdı, onun qonşuluğunda axtarırdılar”.
Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev, Murtuza Muxtarov, Seyid Mirbabayev, o vaxtların dili ilə desək, qeyri-müsəlmanlardan Mantaşov, Lianozov və başqaları belə varlananlardan idilər. Bəs neftin qiyməti nə qədər idi? Manaf müəllim demişkən, “Əşi, neftin 1 pudu 1 qəpiyə! Neft ucuz idi. Güclü fontanlar olanda neftin qiyməti lap aşağı düşürdü. O aşağı düşən kimi bankrotlar başlayırdı”.
Bəli, bankrot, yəni iflas olanlar da var idi, amma Bakının tarixində milyonçuların adı qaldı. Onlardan ən məşhuru, sözsüz ki, Hacı Zeynalabdin Tağıyev idi. Uşaq ikən anasını itirmiş, pinəçi oğlu Zeynalabdin Tağıyev gənc yaşlarından çörək pulu qazanırdı. 15 yaşında daşyonan, 18 yaşında bənna, sonra memar-podratçı olub. 1873-cü ildə o, Bibi-Heybətdə icarəyə yer götürür, xeyli müddət iki nəfər şəriki ilə quyu qazır. Lakin neft görsənmir. Şəriklər ümidlərini itirib gedirlər. Zeynalabdin isə səbrlə işləri davam etdirir. Nəhayət, onun sahəsində neft fontan vurur. Beləliklə, başmaqçı oğlu Zeynalabdin dönür olur milyonçu Zeynalabdin Tağıyev.
Səxavəti və xeyriyyə işləri ilə tanınan milyonçu-mesenat Hacı Zeynalabdin həmişə doğma şəhəri, xalqı, gələcək haqqında fikirləşərdi. M. Süleymanovun xatirələrindən: “Hacı bir gün küçə ilə gedərkən beş-alt ınəfər ona yaxınlaşır. Onlar deyirlər, ay hacı, bu şəhərdə erməni əlindən tərpənmək olmur. Hara gedirik ermənilər ev tikdirir, hara baxırıq ermənilər ev tikdirir. Bunun qabağını alın, yoxsa şəhər olacaq erməni şəhəri. Hacı deyir: “Danışmayın. Qoy tikdirsinlər. Mən özüm də onlara deyirəm ki, tikdirin. Çünki erməni gedəndə o binanı dalına şələləyib aparmayacaq ki”.
Neft fontan vurduqca, torpaq sahibləri varlandıqca, Bakının siması da dəyişirdi. Buraya Avropanın məşhur memarları dəvət olunurdu. Göz qırpımında şəhərdə müxtəlif üslublarda - klassisizm, qotika, barokko, modern, Şərq üslubunda gözəl, əzəmətli binalar, mülklər tikdirilirdi. Şəhərin küçələrində bəzəkli faetonlar gəzirdi, xeyriyyə və kübar məclisləri qurulrudu. Sənaye isə inkişaf etməkdə idi. 1871-ci ildə ilk dəfə olaraq dəniz nəqliyyatında neft yanacağı işlənildi. Tədricən, bahalı ingilis kömürü və saksaul yanacağı neftlə əvəz olundu. Neft yanacağı o vaxt işlənilən yanacaqlardan çox-çox üstün çıxdı. Qocaman yazıçımız bunu belə izah edir: “Yanacaq növü çoxdur, antrasit, daş kömür, ağac və s. Amma neftin böyük üstünlüyü orasındadır ki, onun özü hərəkət edə bilir. Müəyyən miqdarda neftin daşınması digər yanacaqlardan 3 dəfə az xərc tələb edir. Neftin özünün axma qabiliyyəti, onun müxtəlif hissələrə ayrılma qabiliyyəti ona elə üstünlük verir ki, qalan yanacaqların sahibləri geri çəkilməyə məcbur olur. Onun üçün də neft uğrunda başlayır mübarizə. Bütün dünya başladı Azəbaycana axışıb gəlməyə”.
Bəli, günlərin bir günü Bakının sərvətləri buraya xarici kapital sahiblərini də cəlb etməliydi. Rusiya çar hökuməti xarici iş adamlarına aşağı qiymətlərlə neftlə zəngin olan yataqlara girişməyə imkan yaratdı. Bunlar əsasən kimlər idi? Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru, Azərbaycanda inhisar dövrünün tədqiqatçısı Süleyman Əliyarlı: “İlk növbədə onların bir qrupu Rusiya iqtisadiyyatında, Rusiya sənayesinin başqa sahələrində təcrübə qazanmış və böyük sərmayə toplayan işgüzarlar idi. Onların sırasında Nobel ailəsi birinci yerdə gedir.”
Nobellər ailəsi İsveçdən idi. 1843-cü ildə Nobel qardaşlarının atası, Emmanuel Nobel İsveçdən Rusiyaya gəlmiş, orada silah istehsalına başlamışdı. Onlar sualtı mərmilər hazırlayırdılar. Krım müharibəsi qurtarandan sonra dövlət sifarişləri kəsildi və Nobel iflasa uğramaq təhlükəsi qarşısında qalaraq İsveçə qayıtmalı oldu. Oğulları Lüdviq və Robert isə Peterburqda qalıb sonralar Nobel qardaşlarının şirkətini yaratdılar, çar ordusu üçün silah hazırlamağa başladılar. Redinq universitetinin (İngiltərə) professoru Gefri Cons bu barədə yazır: “1870-ci illərin əvvəllərində Nobellər Rusiya sənayesinə daxil olan ilk xarici iş adamlarından idilər. Bu, dinamitin ixtiraçısı və Nobel mükafatının təsisçisi Alfred Nobelin qardaşları Robert və Lüdviq idi. Birinci gələn Robert olmuşdur. Məşhur bir hekayətə görə, o, ailə biznesindən ötrü tüfəng qundağı düzəltmək üçün qoz ağacı axtara-axtara Bakıya gəlmiş və orada nefti görmüşdü...”
Bakıda isə həyat qaynayırdı. Bu məşhur hekayəti canlı ensiklopediya olan Manaf müəllim belə davam edir: “Bu (yəni Robert Nobel) gəlir Bakıya paroxodla, oradan da Peterburqa qayıtmalı idi. Bir-iki həftə qalır Bakıda, rayonlara gedir. Oradan qardaşına məktub yazır ki, qundağ nədir, taxta nədir, ağac nədir, Lənkəran nədir? Bakıda qızıl su kimi axır gedir. Bundan istifadə etmək lazımdır”.
Necə deyərlər, Robert doşab axtarırdı, bal tapdı. O, israrla təkid edir ki, Nobellər burada şirkət yaratsınlar. Robertə, Bakıya lazımi vəkalət və pul göndərilir ki, mədən və zavod alsın. Manaf Süleymanovun daha bir maraqlı söhbəti - Robert Nobelin ilk neft hərracına çıxması: “O vaxtlar müzaidələr 2-3 aydan bir kecirilirdi. Robert Nobel hərracdan əvvəl səksəkəli gecə keçirir, səhər tezdən oyanıb müzaidə yerinə tələsir. Hərrac yrinə çatanda satışin başlandığını görür. Qiymətlər get-gedə artaraq min manata yaxınlaşır. Birdən Nobelin tərcüməçisinin səsi eşidilir: “5 min manat. Cənab Nobel 5000 min manat təklif edir“. Hərracda çaşqınlıq yaranır. Rus tacirlərindən biri irəli çıxaraq narazılığını bildirir. Deyir: “Nə burada fünf-fünf danışır, mən başa düşmürəm, çıxartsın pullarını göstərsin”. Nobel tələsmədən çek kitabçasını çıxararaq onu imzalayır”.
1879-cu ildə rəsmi olaraq, “Tovarişestvo neftyanoqo proizvodstva bratyev Nobel”, yəni “Nobel qardaşları” şirkəti yaradıldı. Az bir müddətdə Nobel qardaşları Sabunçu, Suraxanı, Balaxanı, Bibi-Heybətdə mədən sahibi oldular, neft təmizləyən, eləcə də kükürd, mis və çuqun zavodları tikirdilər. Ağşəhərdə 1882-1883-cü illərdə firmanın qulluqçuları üçün xüsusi “Villa Petrolea” - “Neft bağı” saldılar. Lənkərandan qara torpaq daşındı, Tiflis, Batum, Rusiya və Avropanın müxtəlif yerlərindən gətirilmiş 80 min ağac və bəzək kolları əkildi.
Peterburqdan heykəl, rəsm tabloları, büst, çoxlu kitablar gətirildi. İsveçli mühəndis və qulluqçular burada firavan yaşayırdılar. Otaqlarını bəzəyən Azərbaycan və İran xalı-xalçaları əsl mədəni, aristokrat həyat tərzindən xəbər verirdi. Şirkətin baş idarəsi isə Peterburqda yerləşirdi. Nobel qardaşları, demək olar ki, bütün neft sənayesini dəyişdirdilər. Redinq Universitetinin professoru Cefri Cons: “Lüdviq həqiqətən də sənayeni dəyişdirən adamlardan idi. Hər şeydən əvvəl, o, Amerikada istehsal olunmuş avadanlıq və texnologiyanı Bakı neft mədənlərinə gətirdi. Nefti müasir üsullarla çıxarmaq üçün Pensilvaniyadan Bakıya altı buruq ustası gətizdirdi”.
Lakin bu qardaşların biznes zəkası başlıca olaraq onda özünü göstərdi ki, onlar neft kimi bir məhsulun nəql, daşınma problemini ön plana çəkmiş oldular. Professor Süleyman Əliyarlı: “Nobellər ilk olaraq anladılar ki, bu sahəyə daha çox kapital qoymaq lazımdır. Nəinki birbaşa neft quyularının qazılmasına, istehsalına, neftayırma zavodlarının yaradılmasına. Uzaqgörən adamlar idilər. Neft satışı və ixracatı məsələsini yalnız Qafqaz, yaxud Yaxın və Orta Şərq regionu, hətta Rusiya bazarlarının əhatə etdiyi bir regionla məhdudlaşdirmaq istəmirdilər. Onlar öncədən bir şeyi dərk etdilər ki, neft nəqli problemi dünya səviyyəli problemdir”.
Belə ki, 1877-ci ildə Nobel qardaşlarının sifarişi ilə İsveçdə ilk neftdoldurma gəmisi “Zoroastr” - “Zərdüşt” inşa edildi. Bu, dünyada ilk neft tankeridir. Daha sonra “Məhəmməd”, “Musa” adlı tankerlər “Zərdüştə” qoşuldular. Nobellərin var-dövləti artırdı. Professor Əliyarlının bildirdiyinə görə, “tezliklə Nobellərin firmasının əsas kapitalı 15 milyona çatdırıldı, 30 milyona, sonra rəsmi olaraq 45 milyona. Ancaq onu nəzərə çatdırmaq istərdim ki, dünya biznesində Nobel firmasının qiymətli kağızları- səhmləri qızıl qiymətində idi”.
Bir neçə il sonra Bakıda Rotşildin “Xəzər-Qara dəniz” adlı səhmdar şirkəti yaradıldı. Şirkətin planları çox geniş idi - neft məmulatı almaq, emal və ixrac etmək. Rotşild eyni zamanda “Mazut” ticarət komissiyası yaratdı. Neft sənayesi inkişaf etməkdə idi. 1879-cu ildə Bakı-Balaxanı dəmir yolunda ilk vaqon-sistern peyda oldu. 1883-cü ildə artıq 462 belə vaqon var idi. Onlar ildə 12 milyon pud neft daşıyırdı. Bakı neft sənayesi Rusiya imperiyasının ən aparıcı və inkişaf etmiş sənayesi oldu. 90-cı illərdə Bakıda neft hasilatı Amerikanı ötüb keçdi və artıq XIX əsrin sonunda dünyada birinci yerə çıxdı. 1895-ci ildə Bakıda 426 milyon pud, Amerikada isə 400 milyon pud neft çıxarıldı. Cəmi Bakıda 1872-ci ildən əsrin sonuna kimi 86 milyon 189 min ton neft çıxarılmışdı. Beləliklə, Bakıda kifayət qədər neft var idi və onu çox uzaqlara ixrac etmək olardı. Bu da ingilis işgüzarlarından olan Markus Səmyuelin diqqətini cəlb etdi. O, Bakı nefti üçün böyük bazarlar tapmışdı. Redinq Universitetinin professoru Cefri Cons deyir: “Səmyuelin ailə biznesi 1830-cu ildə Londonun East End hissəsində, kiçik bir dükandan başlamışdı. Həmin dükanda Asiyadan gətirilən balıqqulağı satılırdı. Getdikcə Səmyuellərin işi genişlənir, onlar uğurlar qazanmağa başlayırlar və kiçik dükan böyük bir ixrac-idxal şirkətinə çevrilir. Bu şirkət Asiya və İngiltərə arasında ticarət aparır. Xüsusilə də 250 il dünyanın qalan hissəsindən təcrid olan Yaponiyada çox müvəffəqiyyətli biznes qururlar. Odur ki, Asiyada geniş biznesə malik olan Səmyuellər rus, yəni Bakı neftinin Asiya bazarlarında satışı üçün yeni əlverişli imkanlar gördülər. Asiyada isə neft lampalarına tələbat artmaqda idi”.
Əlavə edək ki, balıqqulağına ingiliscə “shell” deyirlər və yəqin ki, artıq anladınız ki, söhbət, bəli, “Shell” kompaniyasından gedir. Hətta fikir vermisinizsə, şirkətin loqotipi balıqqulağından ibarətdir. Nə isə. O vaxtlar Rokfellerin “Standart Oyl”u Uzaq Şərqdə hegemon idi. Markus Səmyuel isə 1891-ci ildə Bakı neftinin alınmasına dair Rotşildlə 9 illik müqavilə imzaladı. Professor Consun dediyinə görə, “qabaqlar, neft Asiyaya beş qallonluq çənlərdə taxta yeşiklərdə göndərilirdi. Səmyuel təhlükəsizlik səbəblərindən bağlanmış Süveyş kanalından bu nefti tankerlərdə nəql etmək üçün icazə almağa nail oldu”.
Bu vaxt artıq Markus Səmyuelin “Shell” şirkəti Borneoda neft tapdı. İndi onun öz nefti var idi və o, Asiyada “Standart Oyl”a güclü rəqabət təşkil edə bilərdi. Lakin qüdrətli Standart elə Amerikanın özündə, necə deyərlər, ocaq başında, digər ciddi bir təhlükə ilə üz-üzə gəldi. Doktor Daniel Erqin: “XIX əsrin sonunda - XX əsrin əvvəllərində Amerika ictimaiyyətini trest və inhisarlara malik olan quldur neft baronlarına qarşı “proqressivizm” adlanan bir həyəcan bürüdü. Bu da inhisar əleyhinə qanunvericiyin yaranmasına gətirib çıxartdı. Bir neçə il “Standart Oyl”a toxunan olmadı. Artıq bu vaxtlar Rokfeller xəstəlik üzündən işlərdən uzaqlaşmışdı. Lakin İda Tarbelin inhisarçılığa qarşı bir sıra məşhur məqalələrindən sonra trestlərin anası sayılan “Standart Oyl” ətrafında gərginlik yarandı. Trestlərin qənimi sayılan Teodor Ruzvelt hökuməti “Standart Oyl”a qarşı çəkişmələr başladı”.
Belə ki, “Standart Oyl” iki təhlükə ilə üz-üzə gəldi: bir tərəfdən ABŞ-da onu məhv etmək istəyirdilər, digər tərəfdən isə dünya bazarlarında uğur qazanan Avropa rəqibləri güclənirdi.
90-cı illərin sonu idi. Bəşəriyyət yeni əsrə qədəm qoymaqda idi. Və hələ bilmirdi ki, bu yeni əsrdə onu inqilablar, çevrilişlər, qanlı müharibələr gözləyir və bu müharibələrdə neft həlledici rol oynayacaq. Lakin bütün bunlar - gələn verilişimizdə. Hələ ki, mən Sədaqət İsmayılova sizinlə sağollaşıram. Sağ olun, sağlıqla qalın!