Axşamınız xeyir! Keçən dəfə biz Rokfellerin “Standart Oyl” şirkətinə ciddi rəqabət təşkil edə biləcək Avropa şirkətlərinin yaranmasından, Bakı neft sənayesi inkişafının başlanğıcından danışdıq. XIX əsr artıq arxada qalmış, bəşəriyyət iyirminci əsrə addımlamışdı. Bu yüzilliyin əvvəllərində neft sənayesində nələr baş verirdi, qara qızıl uğrunda mübarizədə kimlər qalıb gəlirdi, kimlər məhv edilirdi? Üçüncü veriliş - neft sənayesi Birinci Dünya müharibəsi və proletar inqilabı ərəfəsində!
Beləliklə, ABŞ-ın neft sənayesində ən mühüm yer tutan nəhəng “Standart Oyl” şirkətinə qarşı hədələr artmaqda idi. Bu şirkəti dağıtmaq üçün Ruzvelt hökumətinə təzyiq olunurdu. Dünya bazarında da aparıcı olmağına baxmayaraq, şirkət orada da hədələnməyə başlandı. Redinq Universitetinin professoru Cefri Consun dediyi kimi, yeni rəqiblər öz təsirini göstərirdilər. İlk növbədə bu, ruslar idi. Sonralar Hollandiyanın idarə etdiyi "East İndies"də yeni yataqlar kəşf olundu. “Standart” bu sahələrə də girişməyə cəhdlər göstərdi. Rokfellerin məşhur taktikası qiymətləri kəskin surətdə aşağı salmaq idi. O, həmçinin şirkətləri zəbt etməyə və ya onlarla uzunmüddətli kartel sazişi bağlamağa çalışırdı. Lakin uzun müddət neft təchizatını və bütün neft şirkətlərini nəzarətdə saxlamaq mümkün deyildi.
"East İndies", indiki İndoneziyanın yataqları, iki şirkət tərəfindən istismar olunurdu. Onlardan biri Borneoda neft kəşf etmiş “Şell”, digəri isə Sumatrada qazıntı işləri aparan "Royal Dutch" idi. Professor Cefri Cons: “Bu şirkət, Danimarka kralı üçüncü Vilyam tərəfindən dəstəkləndiyindən “Royal Dutch” adlanırdı. Sumatranın zəngin neft mədənləri strateji cəhətdən geniş Asiya bazarlarına açıq idi. İşçi qüvvəsi olduqca ucuz idi. Bir də ki, şirkətin istehsal etdiyi xam neft yeni daxili yanma mühərrikləri üçün lazım olan qazolinlə zəngin idi”.
Mühüm bir mülahizə: Rokfellerin yaratdığı neft sənayesi dünyaya parafin və kerosinlə yanan lampalar verdi. Elektrik lampalarının meydana gəlməsi bu sənayeni sıxışdırıb aradan çıxarırdı. İndi dünya bazarlarını daxili yanma mühərrikləri, müasir dillə desək, avtomobillər fəth etməyə başlamışdı.
Bu dövrdə fərdi xüsusiyyətlər mühüm rol oynayırdı. Belə xüsusiyyətlərə “Royal Datç” şirkətinin sahibi Henri Deterdinq malik idi. Bu cəhətdən o, böyük rəqibi, lakin bir təşkilatçı kimi fərasətsiz olan “Şell” kompaniyasının banisi Markus Səmyueldən fərqlənirdi. 1907-ci ildə "Royal Datch" və "Shell" şirkətlərinin birləşməsi barədə H. Deterdinqin teleqramı
. Professor Cefri Cons: “Deterdinqin iddiası “Standart Oyl”a bənzər bir Avropa şirkəti yaratmaq idi. Onun başqası ilə ittifaqa ehtiyacı var idi. 1903-cü ildə Henri Deterdinqin başçılığı altında “Şell”, “Royal Datç” və Rotşildlərin marketinq maraqlarından "Asiatic Petroleum Company - “Asiya neft şirkəti” yarandı. Şirkəti Deterdinq idarə edirdi. Lakin sonralar şirkətlər arasında dramatik çəkişmələr başladı. “Royal Datç” nə qədər qüvvətlənirdisə, "Şell" bir qədər zəifləyirdi”.
Bunun səbəblərindən biri Amerikada, Texasda olduqca böyük neft yataqlarının kəşf olunması idi. Hamı Texasa üz tutdu. Neft dollarları minlərlə iş yeri demək idi və milyonlarla dollarlar öz sahiblərini gözləyirdi. Lakin neftin həddindən artıq olması qiymətlərin aşağı düşməsinə gətirdi. 1901-ci ilin yayında bir barrelə 3 sent verirdilər, halbuki neft mədənlərində su 5 sentə idi. Neft quyuları ağılsızcasına istismar edilirdi. Odur ki, tez bir zamanda onsuz da daimi şəkildə nefti olmayan Markus Səmyuel Texasda neft təchizatından məhrum oldu. “Şell” çətin bir vəziyyətdə qaldı. 1907-ci ildə Deterdinqin şərtilə, "Royal Datç" və "Şellın" birgə şirkətdə pay nisbəti dəyişdi, oldu 60/40. Bu günədək “Royal Datç" "Şell” şirkətində 60% Hollandiyanın, 40% isə ingilislərindir. Beləliklə, Deterdinq "Standart Oyl"a artıq ciddi rəqabət təşkil edə bilərdi. “Prayz” kitabının müəllifi doktor Daniel Erqinin dediyi kimi, “Standart”ın məhvi yavaş, lakin yəqin idi... “O, uzun illər məhkəmələrə cəlb olundu və nəhayət 1911-ci ilin isti may ayında ABŞ-ın Ali Məhkəməsi “Standart Oyl”a öz hökmünü çıxartdı. Hökmdə deyilirdi ki, şirkətin fəaliyyəti ticarətin məhdudlaşdırılmasına yönəldilib, buna görə də trest buraxılmalıdır. "Standart" bir neçə ayrı-ayrı şirkətə parçalandı”.
“Standart Oyl” Kaliforniyada “Şevron”a, Nyu-Yorkda “Mobil”ə çevrildi. Lakin Rokfellerin yaratdığının çox hissəsi Nyu-Cersidə idi. Bu bölmə “Standart Oyl” sözlərinin ilk hərflərindən, yəni, C.O.-dan ibarət olduğundan “Esso” adlandırıldı. O, həmçinin “Eksson” kimi də tanınır. Getdikcə inkişaf edib çiçəklənən bu şirkətlərin əsas səhmləri “Standart”a məxsus idi. Səhmlərin məzənnəsi artırdı. Belə ki, trestin dağılması ilə səhmdarlar, o cümlədən Rokfellerin özü əvvəlkindən daha zəngin oldular. O, həyatının son on ilində yığdığından müxtəlif xeyriyyə işlərinə çoxlu pul xərcləyirdi. Əgər o, XIX əsrin ilk kapitalistlərindən idisə, XX əsrdə ilk burjua xeyriyyəçisi olmuşdu.
Uilyams Noks D’Arsi
Dünya bazarlarını isə artıq avtomobillər fəth etməyə başlamışdı. İndi neft daxili yanma mühərrikləri üçün benzinə və ya qazolinə çevrilə bilərdi. Odur ki, dünyada neft axtarışları davam edirdi. Uilyams Noks D’Arsi adlı bir ingilis İranda neft axtarmaq fikrinə düşdü. Onun hələ neft şirkəti yox idi, o, katibəsi ilə kiçik bir idarədə otururdu. Onun maliyyə yardımına ehtiyacı var idi və bu işdə ona Britaniyanın “Burma Oil” - Birma Neft şirkəti kömək etdi. 1901-ci ildə İran hökuməti D’Arsiyə İranda qazma işləri aparmaq üçün konsessiya verdi. D’Arsinin kiçik müəssisə İngilis-fars şirkətinə çevrildi. Sonralar adı dəyişib oldu İngilis-İran və daha sonra - "Britiş Petroleum", 1908-ci ildə İranın cənub-qərb əyaləti Abadanda neft tapıldı və orada qazma işləri başlandı.
Bəs İranla qonşu olan Azərbaycanın neft sənayesində əsrin əvvəllərində nələr baş verirdi?
Başları torpaq tutmağa qarışmış Bakı neft sənayeçiləri XX əsrin necə başlandığını hiss etmədilər. Əslində, əsr onlar üçün çoxdan başlamışdı. 1901-ci ildə Bakı dünya neftinin yarısından çoxunu verir, birinciliyi əldə saxlayırdı. Nobel qardaşlarının sifarişi ilə inşa edilmiş çoxtutumlu neftdoldurma gəmiləri artıq işə salınmışdı. Bakı nefti Biskay körfəzindən, Panama kanalından ixrac edilirdi. Məhz bu dövrlər istər yerli sahibkarlar, istərsə də Rusiyadan gəlmiş işgüzarlar sıxışdırılıb çıxarılır, Azərbaycanın neft sənayesində aparıcı rolu xarici kapital tutmağa başlayır.
Azərbaycanın Tarixi muzeyində, əsrin əvvəlləri ekspozisiyasında maraqlı bir diaqram var. Muzeyin əməkdaşı Mira xanım Əliyarova: “Muzeyimizdə Azərbaycan neftinə qoyulan kapitalın əks edildiyi diaqram var. Diaqramda neft sənayesinin yarandığı 1874-97-ci illər və onun inkişaf etdiyi 1910-1913-cü illərdə xarici kapital və yerli kapitalın həcmi göstərilir. Qeyd etmək lazımdır ki, yerli kapital deyiləndə Azərbaycan və ümumiyyətlə Rusiya ərazisində olan yerli sahibkarların kapitalı nəzərdə tutulurdu. 1874–ci ildə xarici kapitalın həcmi 27 milyon manat idisə, 1898—ci ildə 74 milyon, 1910-ci ildə 81 milyon, 1910-13-üi ildə 188 milyona çataraq artıq rus kapitalını sıxışdırıb bazardan çıxarmışdı”.
Əsrin əvvəllərində Bakıda 3 fransız, 2 isveç, 2 alman, 2 belçikalı, bir Danimarka, ümumi kapitalı 40 milyon manata çatan 11 ingilis şirkəti var idi. Lakin ən aparıcı yer Nobel qardaşlarına məxsus idi. Onlar neft nəqliyyatını, neft istehsalını inhisara almağa başlamışdılar. Bunu hələ keçən əsrin sonunda duyan Hacı Zeynalabdin Tağıyev “Kak nam vıyti iz neftyanoqo krizisa” - “Neft böhranından necə çıxmalıyıq” adlı kitabında bir sənayeçi kimi öz mülahizələrini vermişdi. Bu mülahizələrə nəzər salmaq maraqlı olardı. Bakı Dövlət Universitetinin professoru Süleyman Əliyarlı: “Kitabda başlıca fikir ondan ibarətdir ki, Nobel nefti tamamilə öz inhisarına almaq üzrədir. Belə olarsa, Rusiya neft sənayesi çox böyük zərər çəkəcək. Yəni bütün işlər Nobelin yaratdığı neft daşımasının üzərinə buraxılarsa, bu ancaq Nobelin inhisarı olaraq qalaçaq, qalan firmalar ağır vəziyyətə düşəcək və bundan Rusiya neft sənayesi böyük zərər çəkəcək. Buna yol verməmək üçün neft kəməri çəkilməlidir”.
Belə ki, yerli, yəni Azərbaycan, rus, erməni, yəhudi kapitalistləri Avropa bazarlarına çıxmaq üçün Bakıdan Qara dənizə bir neft kəmərinin çəkilməsini təklif etdilər. Lakin, professor Əliyarlının dediyinə görə: “Rusiya dövlətində və hökumətinin tərkibində Nobel firmasının böyük lobbisi var idi, güclü təsirə malik idi. Belə olduğu üçün də neft kəməri məsələsi təxirə salınırdı. Bu iş başa çatdırıldl, lakin Nobel məsələni əsaslı şəkildə dəyişməyə müyəssər oldu. İlkin ideyadan heç nə qalmadı. Əslində Bakıdan çıxarılan xam neft, yəni qara neft ixrac edilməli idi, lakin Nobel firmasının təsiri nəticəsində çar hökuməti xam neft əvəzinə ağ neft kəmərinin tikintisinə icazə verdi. Avropada isə ağ neftə tələbat yüksək deyildi, çünki Avropa ölkələri artıq elektrik enerjisindən istifadə edirdilər».
1902-ci ildən etibarən, Bakı neft sənayesində böhran başlandı. Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun direktor müavini Mahmud İsmayılovun dediyinə görə, “Ümumdünya iqtisadi böhranı baş verdi. Bu böhran nəticəsində Rusiya sənayesi xeyli gerilədi. Təbii ki, geriləmiş sənayenin neftə olan tələbatı azaldı və Bakida çıxarılan neft bazardan məhrum oldu”.
1904-cü ildə Bakıda, neft rayonlarında yayılan epidemiya, sonrakı ildə erməni-müsəlman qırğını neftin hasilatını daha da azaltdı. 1906-cı ildə 1555 neft quyusundan yalnız 888-i işləyirdi. Lakin sonralar, 1907-ci ildə Bakı-Batum neft kəmərinin işə salınması ilə hasilat səviyyəsi az da olsa qalxdı. 1909-cu ildə qazılan quyular daha dərində yerləşən məhsuldar qatlara çatmağa başladı. Bu dövrdə Bakı nefti Rusiyanın neft hasilatında hansı yeri tuturdu? Doktor Mahmud İsmayılov: «1914-cü ildə Rusiyada cəmi 543 milyon pud neft çıxarılırdısa, onun 431 milyon pudu Bakıda hasil edilirdi. Buna uyğun olaraq da sürtkü yağı, parafin, çıraq yağı, benzin və s. da istehsalı da inkişaf edirdi».
Neft sənayesinin sürətlə inkişafı mühüm bir tarixi amilə - Bakı fəhlə kütləsinin təşəkkülünə gətirdi. Bakı neft fəhlələrinin 34%-ə qədərini azərbaycanlılar, o cümlədən Cənubi Azərbaycandan olanlar təşkil edirdi, mədənlərdə həmçinin ermənilər, ruslar, dağıstanlılar çalışırdı. Fəhlələrin həyat tərzi necə idi? Mahmud Ismayılovun dediklərindən: “Əlbəttə, fəhlələrin həyat tərzi yaxşı deyildi. Lakin əmək haqları pis deyildi. Doğrudur, bizim ədəbiyyatımızda həmişə belə bir fikir olub ki, fəhlələrin hamısı dilənçi kökündə idi. Bu, əlbəttə, o qədər də doğru deyil. Yerli fəhlələr ki, onlarin şəhərdə evi, arvad-uşağı vardı, onların dolanışığı nisbətən yaxşı idi. Lakin gəlmə fəhlələr qazmalarda, alacıqlarda yaşayırdılar, onların həyat tərzi çox ağır idi. Qeyd etmək lazımdır ki, bəzi sahibkarlar fəhlələr üçün müəyyən şərait yaradırdı, məsələn Nobel qardaşları fəhlələr üçün xüsusi yaşayış sahəsi salmış və daşdan evlər tikdirmişdi. Buna baxmayaraq fəhlə kütləsinin böyük hissəsi acınacaqlı vəziyyətdə yaşayırdı”.
Belə ki, fəhlələr özlərinin hüquqları uğrunda mübarizəyə qalxırdılar və Bakının neft sənayesində tez-tez tətillər baş verirdi. 1901-ci ildə Bakıda Rusiya sosial-demokrat fəhlə partiyasının Bakı komitəsi yarandı ki, o da fəhlələrin bu mübarizəsinə rəhbərlik edirdi. 1903-cü ilin iyul ayında Bakıda yarım ay davam edən böyük mütəşəkkil tətil oldu. Lakin fəhlələr uğur qazana bilmədi və iş yerlərinə qayıtmalı oldular. Manaf Süleymanovun xatırladıqlarından: “Neft mədənləri məzarıstana bənzəyirdi, qəbiristanlıq idi insanlar üçün. Su olmurdu. Kazarmalar alçaq idi, fəhlələrin başı tavana dəyirdi. Bir otaqda altı, bəzən səkkiz fəhlə yaşayırdı. Tez-tez xəstəliklər yayılırdı. Dizəcən palçıq, hər yan neft gölməçələri. Çox ağır vəziyyət idi”.
Daha böyük tətil 1904-cü ilin dekabrında baş tutdu. Doktor Mahmud İsmayılov: “Dekabr tətili fəhlələrin qələbəsi ilə başa çatdı. Fəhlələr və sahibkarlar arasında müqavilə bağlandı. Hətta bu tarixdə Neft Konstitusiyası adlandırıldı. Həmin müqaviləyə görə, əmək haqqı müəyyənləşdirildi, 8-9 saatlıq iş günü müəyyən olundu. Bu, Bakı fəhlələrinin mübarizə tarixindı ilk böyük qələbəsidir”. Bu çıxışlar neftxudalara çox baha başa gəlirdi. Hələ 1905-ci ildə Peterburqda yaşayan Nobellərdən biri gileylənirdi ki, biz nə türkük, nə də rus, amma elə gün olmur ki, mədən və zavodlarımızda fəhlələr iğtişaş salıb maşın, avadanlıq sındırmasınlar. Ürəyimiz Bakıdadır, bizi iflic vursa ordan vuracaq.
Sözgəlişi, Bakı universitetinin professoru Süleyman Əliyarlı qeyd edir ki, həmin dövrlər Bakı neft mədənlərində yanğın və iğtişaşlar salanların əksəriyyəti erməni fəhlələri idi. Odur ki, onun dediyi kimi, Nobel iflasa uğramış şirkətləri ələ keçirdikdə, erməni fəhlələrini işdən çıxarırdı. “Nobel bir inhisarçı olaraq daima digər şirkətləri ələ keçirirdi.Yeni şirkətləri alanda orada işləyən fəhlələrin tərkibini nəzərdən keşirirdi. Nobel iflasa uğramış erməni şirkətlərini satın alanda Peterburqdan ( baş ofisdən) təlimat, hətta direktiv gəlirdi. Həmin direktivlər bizim Bakı arxivində də, Peterburq arxivində də saxlanılır. Həmin direktivlərə əsasən, erməni fəhlələrinə etimad göstərlməməli idi. Bu nə ilə bağlı idi? Əlbəttə ki, onların milli xüsusiyyətləri ilə bağlı deyildi. 1900-cu ildən başlayaraq mədənlərdə yanğınlar baş verirdi ki, onlar təbii yanğınlar deyildi. Onları törədənlərin çoxu ermənilər idi. Peterburqdan gələn direktivlərə əsasən, firma alınandan sonra onun tərkibi yoxlanılırdı, erməni millətindən olan fəhlələr böyük ödəniş verilməklə işdən çıxarılırdı”.
Azərbaycanın qocaman neftçisi, mədənlərdə hələ, necə deyərlər, Nikolay vaxtından çalışan, elə indinin özündə də Balaxanı neftçıxarma idarəsində rəhbər işçilərdən olan 94 yaşlı Musa Bayramov inqilabdan əvvəlki illəri yaxşı yadında saxlayır. Onun həyat yolu minlərlə Azərbaycan fəhləsinin keçdiyi yolun nümunəsi ola bilər. Musa-baba mənə o uzaq illərin xatirələrini danışdı: “Mən Sisyan mahalının Kürddərəli kəndində anadan olmuşam. Ermənilər bizim kəndi dağıdandan sonra biz oradan qaçqın düşüb gəlmişik Ağdam şəhərinə. Ağdam şəhərində mən nökər olmuşam Yelmar bəyə. Mən gördüm ki, dolana bilmirəm. Bizim kəndçi Əbdülrəhim Bakıda işləyirdi, o gəlmişdi Ağdama. Mən qoşuldum Əbdülrəhimə, gəldim Bakıya. Onda yaşım az idi. İşə götürmürdülər. Məcbur oldun özümə iş axtarmağa. Bizim kəndçilər var idi, Balaxanıda şaxtadan neft çıxarırdılar. Dedim, məni də aparın orada işləyim. Mən də onlara qoşuldum, getdim Balaxanıya. Neft şaxtasından əllə neft çıxarırdıq”.
İnqilabdan əvvəl neftin çıxarılması qaydasından, fəhlələrin dolanışından çox kitablarda deyilir, lakin Musa baba o günlərin canlı şahididir: “Orda əl çarxı var idi, boçkalar var idi, mal dərisindən tuluq var idi, bir ton, ton yarım tuturdu. Onu əl çarxı ilə quyuya buraxırdıq. Dolandan sonra çıxarırdıq, boşaldırdıq coloba, coloblardan neft axıb gedirdi anbara. Anbardan xozeynlər gəlib həmin nefti pul ilə alırdılar, eşşəklər, taçka, araba ilə daşıyırdılar Çernı Qoroda. Ordan da pul alırdılar. Bizim zəhmət haqqımızı verirdilər. Ayda 5 manat, 4 manat qızıl pul verirdilər, üstündə də Nikolayın şikli. Əmək haqqı ki, mən alırdım artıqlaması ilə mənə bəs edirdi. Nikolay vaxtı demək olmaz ki, yaxşı idi. Nikolay adamların qanını içən bir adam idi. Pis idi, olduqca pis adam idi”.
Fəhlələrin həyatı ağır idi, lakin Nikolay çarlığının sonu yaxınlaşırdı. Rusiyada inqilabi şərait yetişirdi. Ancaq hələ birinci dünya müharibəsi başlanmalı idi. Bu müharibədə ilk dəfə olaraq neft yanacağı ilə işləyən təyyarə və tanklar işə salındı. Neftə daha çox ehtiyac duyulduğundan, neft uğrunda mübarizə dünya ölkələrini özünə cəlb edərək, yeni mərhələyə daxil oldu. Lakin bu yeni mərhələ barədə növbəti verilişimizdə danışacağıq. Belə ki, söhbətimiz davam edəcəkdir.