MURAD- ABŞ-da təhsil alıb Vətənə qayıtmış gənc, 21-22 yaşında.

FİKRƏT- Muradın atası, iqtidar nümayəndəsi, 45-50 yaşında

DİLARƏ- Muradın anası, evdar qadın, 42-45 yaşında,

AYAN- Muradın bacısı, məktəbli, 13-14 yaşında,

NƏNƏ- Muradın nənəsi, 60 yaşında,

İSKƏNDƏR- Muradgilin qonşusu, müxalıf əhval-ruhəyyəli adam, 45-50 yaşında,

ANAR- Muradın keçmiş sinif yoldaşı, ali təhsilli gənc, 21-22 yaşında,

Taksi sürücüsü, Gömrük və aeroport işçiləri və s.

 

Birinci hissə

Təyyarə. Stüardessa sərnişinləri çıxışa dəvət edir. Hava limanı. Hamı gözləyir. Təyyarə eniş edir. Musiqi. “Salam, Vətən” mahnısı. Gözləmə zalı. Muradın valideynləri gözləyirlər. Onlar nigarandırlar.

Fikrət: Görən, bu təyyarə niyə belə gecikdi?

Dilarə: Yaxsı, sən də qoy görək! Allaha min şükür, sağ-salamat gəlib çıxdı. Bu tamojnadan da tezcə keçə bilsəydi! Murad üçün lap ciyərim yanıb, Fikrət. 4 il yolunu gözləmişəm.

Fikrət: Əgər atasının oğludursa, işini bilib tamojnadan tez sürüşüb çıxacaq.

Murad pasport nəzarətindən, gömrükdən keçməyə hazırlaşır. Ona ayrı-ayrı adamlar yaxınlaşır.

Birinci rəsmi: Oğlan, uzaqdan gələnə oxşayırsan? Haradan gəlirsən?

Murad: Amerikadan

Birinci rəsmi: ABŞ-dan? Balam, lap əla yerdən gəlirsən ki! ABŞ-dan, papışdan, cibişdən!

İkinci rəsmi: Deyirəm, bu növbə uzun çəkəcək, 1-2 dollar ver keçirim səni növbəsiz.

Murad: Zəhmət çəkməyin, növbəm indi yaxınlaşar.

İkinci rəsmi: Yaxşı, yaxşı, keç!

Üçüncü rəsmi: Pasport, zəhmət olmasa. Haçandan Amerikadasan?

Murad: Düz dörd ildir.

Üçüncü rəsmi: Neynirdin orada?

Murad: Oxuyurdum.

Üçüncü rəsmi: Bu şəkil niyə belədir? Sənə heç oxşamır.

Murad: İndi çəkdirməmişəm, axı. Düz 4 il bundan qabağın şəklidir.

Üçüncü rəsmi: Deməli, indi Vətənə qayıdırsan? Əlin yüngüldür?

Murad: Ayağım yüngüldür!

Üçüncü rəsmi: Hə, yaxşı, di keç! Bu da bizim xaricdə oxuyub çox dil bilənimiz! Xalis dilbilməz imiş ki!

Rəsmi: Bura bax, neynirsən deklarasiyanı doldurub? Tez keçmək istəyirsən, brat? Əlin cibində olsun!

Murad: Onu edə bilməyəcəyəm, qədeş. Hava yaman istidir!

Ayrı-ayrı adamların səsi gəlir: “Yox, beş şirvan verərəm”. “İkinci qapıdan keçin”. “Prezident seçkiləri yaxınlaşır”. “Hara deyirsən aparım”.“Əhmədli, iki nəfər boş yer var!”, “Vosmoy!”, “Neftçilər!”, “Bacıoğlu, maşin lazımdır! Təptəzədir, lap ceyran kimi”.

Murad: Narahat olmayın, qarşılayanım var!

Dilarə: Muradik, balam! (görüşürlər). Sən o tamojnadan keçincə ürəyim az qala getmişdi.

Murad: Mama, salam! Salam, papa! O my sister! Sen ki lap böyük qız olmusan!

Ayan: O, yes!

Fikrət: Maşallah, yekə kişi olmusan! Baqajın hamısı buradadır? Bir şey yaddan çıxmayıb ki?

Murad: Yox, hər şey burdadır!

Fikrət: Hə, onda getdik! Murad, pasportunu mənə ver! Deyirəm, birdən itirib edərsən!

Səslər: “Ay oğul, Allah yolunda bir nəzir ver!”, “Bir məmməd çörək pulu ver, başına dönüm, ay oğul. Qaçqınam 10 baş külfət saxlayıram”. “Sağ ol, ay bala, Allah murazına yetirsin!”

Musiqi. Yolda. Radio işləyir. Xəbərlərə qulaq asırlar.

Fikrət: Yaxşı ki, gəlib çıxdın, mamaşan bərk darıxmışdı.

Dilarə: Özünü niyə demirsən, a kişi? Uşaq bir həftə zəng eləməyəndə özünə yer tapa bilmirdin!

Ayan: Bu lap visşi şeydir ki! Brother! Əsl amerikanski kompakt disk!

Murad: Sənə hədiyyə gətirmişəm onu!

Ayan: Mənə! Ay sağ ol! Gəl bir səni öpüm! (öpür)

Murad: Mənə bax. Dərslərin necədir? İngilis dilini öyrənə bilirsən?

Dilarə: Hardan öyrənəcək? Vaxtı var? Başları başqa işə qarışıb!

Murad: Nə işdir o elə?

Ayan: Biz seçkilərə hazırlaşırıq!

Murad: Sizin seçkilərə yaşınız hələ çatmır ki, sister!

Ayan: Sinifkom seçkiləridir, Murad! Özü də əsl demokratik seçkilər olacaq.

Fikrət: Əşi, siz haradan bilirsiz demokratik seçkilər nədir!

Ayan: Fuad müəllim izah edib də, papa!

Dilarə: Böyüklərin əli yağa batıb seçki-seçki oynamaqdan, sizinki də bala batacaq.

Ayan: Eh, Murad, luçşe de, mən bu kompakt diski nədə çaldıracağam?

Murad: Sənə Walkman CD Player gətirmişəm. Əla şeydir.

Fikrət: Diplomunu da yəqin gətirmisən?

Murad: Əlbəttə!

Fikrət: Yaxşı planımız nədir? Neft şirkəti?

Dilarə: Planlarını saxla, sən Allah! Uşaq təyyarədən yenicə düşüb!

Murad: Ayan, Ayan! Bir ora bax! O köhnə “Moskviç”ə! Arxa qapısının biri yoxdur! Özü də adam aparır!

Dilarə: Yaxşı gününə aparmır ki, ay oğul. Yəqin qaçqındır, yazıq! Uşaqlarına çörək pulu qazanır!

Murad: Vay, yazıq. QAİ ilişdi ona!

Dilarə: Aaa! Bizi də saxladılar ki?

Polis: Göstər görüm sənədləri!

Fikrət: Əvvəlcə bir de görək, günahımız nədir?

Polis: Siz sürəti aşmısınız!

Fikrət: Biz sürəti aşmamışıq.

Murad: Bunu mən də təsdiq edə bilərəm.

Polis: Səndən soruşan var bu gün ayın neçəsidir?

Polis: Baqajınız da həddən artıq çoxdur. Pravanızı saxlamalı olacağam.

Fikrət: Aeroportdan gəlirik. Oğlumu qarşılayıram... Yaxşi, indi mən neyləməliyəm?

Polis: Əşi, neynəməlisən ki, rəhmətliyin oğlu! Götür o daşı, bük bir dənə şirvana, vur mənim təpəmə!

Fikrət: Bəlkə Naxçıvana büküm? (Pul verir).

Fikrət: İndi gedə bilərik?

Polis: Hə indi başqa məsələ. İndi gedə bilərsiniz! Yaxşı yol! (Fit çalıb başqa maşını saxladır).

Musiqi. Ev.

Nənə: Qurban olum boyuna, Ellər gəlsin toyuna, Bir hava çaldırginən, Nənən girsin oyuna!  Bir hava çaldırginən Nənən girsin oyuna! (Muradı öpür) Oxxay, ləzzət verdi!

Murad: Yenə babusya qan eyləyir!

Nənə: Babusya sənə qurban!

Ayan: Bu da sənə musiqi! Nənə, Meray Kerri. (musiqini qurur)

Nənə: Kim? O günlər fizikadan öyrəndiyin?

Ayan: Yox e, nənə! O, Mariya Küri idi. Fizik. Çoxdan ölüb.

Nənə: Hə? Allah rəhmət eləsin!

Diıarə: Saxla, qaçmır musiqi! Uşağım uzaq yoldan gəlib. Qoy bir oturaq hamımız bir yerdə rahat-rahat çörəyimizi yeyək.

Ayan: Nənə zakaz elədi də. Eşitmədin, oynamaq istəyir!

(Stol ətrafında oturub söhbət edirlər)

Ayan: Qatığın standart keyfiyyəti olmasa, Murad onu yeməz, mama!

Qapının zəngi çalınır.

Dilarə: Ayan, Ayan, qapını aç, qızım, gör kimdir?

Ayan: Anardır. Muradın məktəb yoldaşı...

Anar: O, Murad, sən də gəlib çıxarmısan!

Murad: A Anar! (görüşürlər) Hər gün yadıma düşürdün Amerikada.

Nənə: Ay saqqalın ağarsın! Murad, nənə də hər gün düşürdü yadına?

Fikrət: Hər gün nədir, ay ana? Sən azı gündə üç dəfə. Muradın  ixtiyarı nədir ki, orada səni azı gündə üç dəfə yadına salmayaydı?

Nənə: Bəs nə?

Nənə:  Ay uşaq, otur, da! Niyə mıx Məmməd kimi durmusan ayaq üstə?

Anar: Yox, sağ olun, gedəsiyəm. Vacib işim var. Elə-belə ayaqüstü gəlmişəm. Muradı görmək üçün.

Murad: Otur bir azdan çıxarıq bir yerdə.

Anar: Yox, sən bu gün evdə olsan, yaxşıdır. Sabah görüşərik.

Nənə: Ədə, niyə bizimlə oturmursan? Biz məgər, nəyik, nədi onun adı? Müxalifət-zadıq? Otur da!

Ayan: Nənə yenə başladı, deyəsən.

Fikrət: Müxalifət düşmənin olsun, ay ana! Biz niyə müxalifət oluruq!

Nənə: Müxalifətdə olanların buynuzu var?

Ayan: Nənə, nənə, biz hər ikimiz bu evdə müxalifətik.

Nənə: Ay sağ ol. Yoxsa atan məni təkləmişdi. Elə anan da.

Dilarə: Bu ikisi birləşsə, yıxıldı sənin namizədin, Fikrət!

Fikrət (pafosla): Mənim namizədimi yıxan hələ anadan olmayıb! Varsa, çıxsın meydana, görək!

Murad: Kimdir papanın namizədi?

Nənə: Aaa! Sənin atanın namizədi çox zor adamdır, bala! Ona o qədər səs verən olacaq! Sən gəl bu yana! Sən də qoşul nənəyə, olaq zad, müxalifət.

Fikrət: Bu evin çörəyini yeyənlərin hamısı yalnız bir nəfərə səs verəcək! Hər kəs gərək bəri başdan bilsin bunu!

Murad: Papa, olmaya aeroportda mənim pasportumu ona görə əlimdən aldın? Mənim yerimə səs vermək istəyirsən? Mən özüm səs verəcəyəm! Axı, azad səs vermək hər kəsin haqqıdır! Qaytar mənim pasportumu!

Fikrət: Bura sənin üçün Amerika-zad deyil, bala. Ailənin bütün pasportları ailə başçısında olmalıdır! Bir də ki, demokratiya başıpozuqluq deyil. Bala, Amerika demokratiyası getməz burada!

Murad: Hə, bunlar na danışır, Anar?

Anar: Yaxşı, Murad, mən gedim. Sabah görüşərik! Köhnə yerimizdə!

Murad: Oldu, sağ ol! Ok!

Musiqi.

Dilarə: Ayan, ay bala, onun səsini al da bir az! Qonşular dəng oldu. Onsuz da İskəndərgil hay-həşir salmağa bir bəhanə axtarır!

Fikrət: Müxalifətçidir də!

Murad: Hə?

Fikrət: Özü də lap yekəsindən!