Səslər eşidilir. “Xlor var! Xlor! Mebel yağı! Süd! Qatıq!”
Murad: Sabahın xeyir, nənə!
Nənə: Aqibətn xeyir, bala! Durdun, sən də! Eh, bu xlorla qatıq satanların səsi məgər qoyur adamı yatmağa! Biz heç. Biz öyrəncəliyik buna.
Murad: Jivoy budilnik!
Nənə: E-eh (gülür). Budilnik dedin. O günləri qonşu Rəfiqə deyir ki, nəvəsi dil açır. Uşaq dil açanda görmüşük ki, ana-ata deyər. Ay başına dönüm! Bu uşaq dil açanda deyib “xlol”! Sənin canın üçün. Yeri, əl-üzünü yu, gəl çörəyini ye!
Murad: Əl-üzümü yudum, nənə. Amma duş qəbul edə bilmədim. Qəribə işdi, su kəsildi.
Nənə: Nə tez, a bala? Hələ 10 olmayıb. Bu evə su verənin görüm susuzluqdan ciyəri yansın, yansın ciyəri!
Nənə: Bıy, işıq da söndü! Vaxsey, adə, atan liftdə qaldı. Uşağım qaldı liftdə, e!
Murad: Belə tez papa hara gedib?
Nənə: Eh, nə bilim? Sənin üçün iş danışmağa gedib. Dünən birisı ilə nəsə danışırdı telefonla.
Murad: Mənə iş? Nə olub özümə?
Nənə: Özün iş tapa bilərsən? Eh. Hələ Moskvada oxuyanlar burada iş tapa bilmirlər. Bura Bakıdır, ey, Bakı. Bakı! Sən orda gördüklərini, bala, yadından çıxart!
Musiqi. İşıq yanır.
Nənə: Yandı. Gəl burada otur, rahatca çörəyini ye. Hər şey yaxşı olacaq. İş də düzələcək. Papan işsiz qoymaz səni. Narahat olma!
Ayan: Good morning, brother!
Murad: Ayaşa, birinci növbədə oxuyursan?
Nənə: Həri, birinci ismenə gedir. Bu səhər Ayaşa az qalır uçsun göyə!
Ayan: Sinifkom seçkilərimizdir bu gün!
Murad: Neçə namizədiniz var?
Ayan: Mənimlə bir yerdə üç nəfər.
Murad: Platformanız var?
Nənə: Qələt eləyur! Atası onun başını kəsər! Platforma geyinmək ona hələ tezdir! (gülüşürlər)
Ayan: Bu başqa platformadır e, nənəcan! Yəni siyasi proqram!
Murad: Ayan, bax, çalış ki, yoldaşlarına boş vədlər verməyəsən! Çünki sinifkom seçilsən də, sonralar səni dəstəkləməzlər.
Ayan: Oldu, brother! Hə, mən qaçdım!
Nənə: Ay qız, heç çörək yemədin! Eh, bu siyasət azarı əl boyda uşaqların da başını xarab edəcək yavaş-yavaş. Deyirəm, bu demokratiyadı, nədi, xalqın başına çox oyunlar gətirəcək. Daş düşsün başına Gorbaçov! O xallı başına!
Murad: Qorbaçov məgər pis elədi, nənə? O boyda imperiyanı dağıtdı. Azərbaycan indi müstəqil dövlətdir! Özü-özünə, öz sərvətinə sahibdir! Pisdir, məgər?
Nənə: Az danış, az danış! Otur çörəyini ye!
Murad: Hə, nənə, doydum, sağ ol! Deyirəm durum bir şəhərə çıxım. Görüm nə var, nə yox.
Nənə: Adə heç çörək yemədin ki! Nənə qurban!
Murad: Nənə, mədəm o qədər qamburqerə, çizburqerə öyrəşib ki, daha ev yeməyi götürmür.
Nənə: Bıy, onlar da cız-bız bişirirlər? Bəs o qəmbərqulu nə olan şeydir? De, ondan mən də bişirim sənin üçün.
Murad: Sonra danışaram, nənə (öpür). Bəlkə, günorta gəlmədim. Nigaran qalma! Papaya deyərsən... mən onun düzəltdiyi işə getməyəcəyəm. Boş yerə özünə əziyyət verməsin!
Nənə: Adə..
Musiqi. Həyətdə.
Murad: Salam, İskəndər əmi! Xoş gördük!
İskəndər: A, Muradik! Xoş priyexal!
Murad: Necəsiniz, İskəndər əmi? İşiniz-gücünüz necədir? Şadlıq eviniz necədir?
İskəndər: Yaxşılıqdır. Şadlıq evini bağlatdırmışam. O gün müştərilərimdən biri deyir ki, ay İskəndər, sən şadlıq evini bağlamısan, biz isə boğazımızı.
Murad: Bəs indi nə ilə məşğul olursunuz?
İskəndər: Qəzet buraxıram. İqtidarın əleyhinə!
Murad: O!
İskəndər: Elə sən də özünü vaxtında yetirmisən vətənə. Bu gün-sabah səs veririk prezidentə. Sən də atan kimi yəqin kişiyə səs verəcəksən?
Murad: Mən hələ kimə səs verəcəyimi bilmirəm. Bir də ki, İskəndər əmi, yaxşı namizədin nə kişisi, nə qadını?
İskəndər: Mənə gəlmə də! Mənə yox da! Bizdə ya kişiyə səs verərlər, ya bəyə. Ola bilməz ki, atan sənin instruksiyanı verməmiş olsun!... Elə bu həyətdə gecə-gündüz agitasiya aparır ki, indiki iqtidara səs versinlər.
Murad: Məgər müxalifət təbliğat aparmır?
İskəndər: Biz, ümumiyyətlə, seçkiləri boykot edirik!
Murad: “Nazlo taksistu poydu peşkom” məsələsidir?
İskəndər: Mənası yoxdur! Onsuz da kimin seçiləcəyi indidən məlumdur. Bax, sən neçə il Amerikada oxumusan. De görüm, orada belə şey ola bilərmi?
Murad: İskəndər əmi, özünüz deyirsiniz ki, müxalifət seçkiləri boykot etmək istəyir. Amma müxalifət də seçkilərdə iqtidarla yanaşı eyni məsuliyyət daşımalıdır. Müxalifət də seçkilərə öz proqramını, seçilsələr, xalq üçün nə edəcəklərini açıqlamalıdır. Amerikada bu belədər. Bir də ki, heç müxalifət yox, elə lap adi vətəndaş olsun. Adamsayı olmalıdır ki, seçkilər doğrudan da ədalətli keçsin.
İskəndər: Sən dediyin demokratiya, deyəsən, bizim millətin yeməyi deyil. Bizimki gözə kül üfürməkdir - dımokratiya, yaxud da boş-boşuna çənə döyməkdir –dəmokratiya!
Murad: Axı xalqa demokratiyanı kütləvi informasiya vasitələri öyrətməlidir. Düz demirəm?
İskəndər: Düz deməyinə düz deyirsən. Lakin biz bu saat atəş xəttində lap üz-üzə durmuşuq. Onlar bizə atır, biz onlara. Onlar bizə atır, biz onlara. Görək kim kimin leşini sərəcək?
Murad:Yaxsı, İskəndər əmi, söhbətimizi gələn dəfəyə saxlayaq. İndi tələsirəm. Məktəb dostumla görüşməliyəm.
İskəndər: Yaxşı, sağ ol!
Murad: Sağ olun!
Musiqi. Bar.
Murad: Privet, Anar!
Anar: Privet! Axır gəlib çıxdın! Səhərdən gözləyirəm səni!
Murad: İlişmişdim. Bir müxalifətçi qonşumuz var. Söhbətə tutmuşdu məni.
Anar: Sən demə, bu məmləkətdə müxalifət də varmış! Bəs hanı? Nə üçün görsənmir? O nə müxalifətdir ki, nə “mıs” deyə bilmir, nə “mustafa”. Yaxşı nə içəcəyik?
Murad: Deyəsən, elə mənsiz də bir az vurmusan? Mən bir dənə cintonik içərdim. Burda olur belə şeylər?
Anar: Bura sənin üçün Amerika deyil. Burada ceyran südü də tapmaq olar. (Ofisianta) Ay qız, iki cintonik!
Murad: Görüşümüzün sağlığına, hə, Anar?
Anar: Xoş gəlmisən! Həmişə sən gələsən!
Murad: Danış görək bu bıvşiy peredovoy respublikada 4 ildə nə dəyişib?
Anar: Bəlkə şeirlə deyim?
Çırmanırıq keçməyə çay gəlməmiş,
Başlayırıq qızmağa yay gəlməmiş,
Söz veririk indi - bir ay gəlməmiş,
Asta qaçıb dürtülürük xəlvətə,
Kim nə deyər bizdə oan qeyrətə?!
Qeyrətimiz bəllidir hər millətə!
Murad: Deməli, sən də keçmisən şeirlə danışmağa. Bu, bir dəyişiklik. Sonra?
Anar: Sənsiz bərk darıxmışdım, Murad. Bağrım çatlayırdı sənsiz. Amma sən gərək elə orada qalaydın. Çünki, çünki yaşamalı yer deyil bura.
Murad: Yaxşı, yaxşı. Qoy görək. Uşaqlığın tutmasın! O Amerika da cənnət-zad deyil!
Anar: Yaxşı, icazə versən bir cintonik də gətirsinlər. (Ofisianta) Devuşka, a devuşka, povtorite, pojaluysta!
Murad: Çox içirsən, Anar!
Anar: Eh, bu da olmasa, Murad, lap ürəyim partlayar!
Murad: Nədən narazısan bu qədər?
Anar: Nədən? Eh, Murad, bir az yaşayarsan baxarıq.
Murad: Sən də müxalifətsən? İncimə, zarafat edirəm.
Anar: Bu ölkədə əzilənlər də, əzənlər də eyni dərəcədə miskindirlər.
Murad: Deyəsən, fəlsəfəyə yuvarlanmısan. Səni ilk dəfədir belə dərdli görürəm.
Murad: Yaxşı, sənin sağlığına, Anar!
Anar: O kişi deyəsən bizə göz qoyur. Söhbətimizə qulaq asır.
Murad: Hansı kişi?
Anar: Arxa stolda oturan.
Murad: O ki Hacıya oxşayır. Papanın keçmiş şoferinə. Bəlkə papa onu bizə şpik göndərib? Ola bilməz!
Anar: Olar, Murad, olar! Bu ölkədə nə desən, olar.
Yolda. Maşın səsləri.
Anar: Murad, burax məni. Mən taksiyə minməyəcəyəm. Mən bu şəhərə nifrət edirəm! Mən hər şeyə nifrət edirəm!
Murad: Yaxşı, qoy görək!
Anar: Mən nifrət edirəm bu ölkəyə! Lap sənə də! Lap özümə də! Lap Allaha da!
Murad: Dəli olmusan, nədir? Sənə içmək olmaz! Sən...
Anar: Mən ölmək istəyirəm, Murad! Sən bu viranxanaya niyə qayıtdın, Murad? Bura bardakdır, Murad! Burada hər şey puldur, iş də, vicdan da, namus da. Hər şey!
Murad: Bəsdir, sakit ol! Özünə gəl. Qoy taksi tutum, gedək sizə. Ayılarsan, sonra çıxıb gəzərik.
Anar: Mən heç yana getmirəm. Mən evə necə gedim, Murad? Hansə üzlə gedim? İnstitutu qırmızı diplomla bitirmişəm. İl yarımdır özümə iş tapa bilmirəm. Ali məktəb müəllimi ola-ola anam 3-4 yerdə xadiməlik edir, onun-bunun ayağının altını süpürür.
Murad: Bura bax, papa bilir ki, sən işsizsən?
Anar: Eh, Murad, bilir, niyə bilmir? İş haradadır? Bu saat hər kəs öz hayındadır. Öz hayında. Pulun var adamsan, pulun yoxdur, get at özünü dənizə. Pulum yoxdur rüşvət verməyə, pulum yoxdur, yox! Bu ölkədə hamısını güllələmək lazımdır, rüşvət verəni də, rüşvət alanı da. Murad, bu ölkədə əhalinin 99 faizi özünün belə olduğunu boynuna almalıdır.
Murad: Bu qədər tarixi fəlakəti indi deyirsən buradaca həll edək? Anar, biz bu gün bu məsələni həll edə bilməyəcəyik. Ona görə də gəl bir taksi tutaq gedək.
Taksi səsi.
Sürücü: Taksi lazımdır, bacıoğlu?
Murad: Hə, hə. Nərimanov prospektinə gedəcəyik. İndi, deyəsən, Hüseyn Cavid prospekti olub.
Sürücü: Bəli, Cavid prospekti.
Murad: Di gəl, Anar, gəl.
Maşına minib gedirlər. Maşında. Anar şer oxuyur:
Bir ölkə ki, səsi-ünü çıxmaya,
Haqsızlığa qarşı yumruq sıxmaya,
O bir məzarlıq ki, görənlər şaşar,
İçində həp canlı ölülər yaşar.
Sürücü: Dostunuz, görürəm, Cavid yaradıcılığını yaxşı bilir? Amma... bir balaca sərxoşdu, deyəsən.
Murad: İşə düzələ bilmir. Odur ki, hərdən içir.
Sürücü: İçməklə iş düzəlmir ki. Bütün bu çevriliş cəhdləri, qiyamlar, nə bilim nələr, nələr qan tökməkdən başqa bir şey deyil. Ən yaxşısı seçki keçirməkdir.
Murad: Elədir ki, var. Hər halda bəşəriyyət cəmiyyətdə mühüm dəyişiklik etmək üçün başqa bir yol icad etməyib.
Sürücü: Amerikada prezident var idi. Riçard Nikson. O demişdi ki, demokratiya o vaxt əsas sınaqlardan keçir ki, hakimiyyət başında olanları seçkilər vasitəsilə əvəz etmək mümkün olsun.
Murad: Mən sizə təəccüblənirəm. Sürücü olasan və Niksondan danışasan!
Sürücü: Eh, orta məktəbdə tarix müəllimi işləmişəm. Amma şagirdlərdən heç vaxt pul dilənməyi bacarmamışam. Elə ona görə də direktor gözümçıxdıya salmışdı. Məcbur oldum çaxdım məktəbdən. Bir də ki, müəllim nə alır ki! İndi türklərdən bu “Star”ı götürmüşəm, bir təhər çörək pulu çıxarıram.
Murad: Bu ilin hesabatına görə Azərbaycan rüşvətxorluğa görə dünyada dördüncü yeri tutub.
Anar: Yəqin birinci olmalıydı, rüşvət verib özünü dördüncü yerə saldırıb.