Azərbaycan xalçası Avropada çoxdan məşhurdur. Bircə onu söyləmək kifayətdir ki, hələ İntibah dövrü rəssamları öz əsərlərində məişət fonu yaradarkən məhz Azərbaycan xalçalarını təsvir edirdilər. Bəs Azərbaycan  xalçalarına, ümumiyyətlə Azərbaycan sənətinə avropalıların, xüsusulə də ingilislərin marağı nədən irəli gəlir?  Buna səbəb nədir? London İslam mərkəzinin əməkdaşı sənətşünas Dilarə Şah bunu belə açıqlayır: “Böyük Britaniya bir çox müstəmləkələri idarə edirdi. Naməlum fərqli bir aləmi, fərqli etik və estetik dəyərlərlə tərbiyələnmiş insanların psixologiyasını başa düşmək ilk növbədə incəsənət vasitəsilə mümkün idi. Belə ki, incəsənət xalqın yığcam həyat təcrübəsidir. Verilmiş halda Şərq simvolizmi,  yaradıcılıqda müəllifin və şəxsiyyətin rolunun ilkin olması, dünyaya  emosional münasibət - bütün bunlar Şərq və müsəlman incəsənətinin rəngarəngliyi ilə ilk dəfə üz-üzə gələn britaniyalıları cəlb edirdi. Qeyd etmək lazımdır ki, Azərbaycan incəsənəti bütöv islam mədəniyyətinin üzvi halqasıdır. Digər tərəfdənsə parlaq və bənzərsiz estetikaya malikdir. Bu ilk növbədə çox inkişaf etmiş incəsənətdir. O, müsəlman aləmində məlum bütün incəsənət nümunələrini özündə birləşdirir. Bu, xalçaçılıq, bədii keramika, bədii naxış, daş üzərində oyma, döymə, zərgərlik və əlbəttə ki, əlyazma kitab – bənzərsiz Azərbaycan miniatür sənətidir”.

   Sənətkarlıq baxımdan Azərbaycan xalcacılıq sənətinin ən orijinal xalçaları “Viktoriya və Albert” muzeyində saxlanılır. Odur ki, günlərin bir günü ofisimizin yerləşdiyi “Buş Haus”dan çıxaraq yollandım muzeyə. Əvvəlcə Londonun  haylı-küylü küçələrindən keçərək metroya düşdüm. Pikkadiliya xətti ilə 7 dayanacaq gedərək (bu, London üçün çox kiçik məsafədir) Saut Kensinqton stansiyasında metrodan çıxdım. Bir beş dəqiqədən sonra mən artıq muzeydə idim.  Keçmiş İngiltərə krallarının adını daşıyan “Viktoriya və Albert” muzeyi dünyanın ən böyük və  zəngin kolleksiyası olan muzeylərindən biri sayılır. Əsası 1852-ci ildə qoyulan bu muzeydə Avropa, Asiya, Afrika, Avstraliya, Amerika xalqlarının əsrlər boyu yaratdığı əsərlər saxlanılır. Azərbaycana aid olan sənət nümunələri muzeyin Yaxın Şərq bölməsində nümayiş etdirilir. Bunlar xalça, bədii parça, zərgərlik, saxsı qablar və tətbiqi sənət nümunələridir. Muzeyin Yaxın Şərq zalında elimizin nadir sənətkarlıq nümunələrinə nəzər salaq. Budur, Temzanın dumanlı sahillərində, Avropanın, necə deyərlər, düz ürəyində Azərbaycan guşəsi, Azərbaycan aləmi. “Viktoriya və Albert” muzeyində saxlanılan Azərbaycan eksponatları arasında xüsusi yeri xalçalar tutur.  Muzeyin Tekstil və paltar şöbəsinin mütəxəssisi Cenifer Verden onların tarixi barədə belə danışır: “Muzeydə Azərbaycana aid 131 xalca və xalça fraqmenti saxlanılır. Onlardan 12-si XVII əsrə və XVIII əsrin əvvəlinə, qalanları isə XIX əsrə aidir. Xalçaların toxunma tarixini müəyyənləşdirmək çətindir, çünki onlardan yalnız bəzilərinin toxunuşuna yaranma tarixi salınmışdır. Əksər hallarda isə biz xalçaların hansı dövrə aid olduğunu müəyyənləşdirə bilmirik. Kolleksiyamızın əsl dəyəri ondadır ki, o, 100 ildən artıq bir müddətdə toplanmışdır”.

   Doğrudanda niyə Azərbaycan xaıçaları üzərində yazı yoxdur? Bu suala Bakıdan sənətşünaslıq elmləri namizədi, xalçaçılıq üzrə ekspert, özü də bir neçə dəfə bu muzeydə olmuş Kübra xanım Əliyeva cavab verir: “Mənə xarici mütəxəssislər də bu sualı dəfələrlə veriblər. Azərbaycan xalçaları üzərində olan və bizim bu gün ornament və naxışlar adlandırdığımız bütün rəsmlər əslində yarandığı qədim dövrdə ornament xarakteri daşımamışdır. Müxtəlif rənglərin, gözəlliyin olmasına baxmayaraq, əslində bunun hamısı qədim dövrdən tutmuş bu günə qədər Azərbaycan xalqının tarixini, fəsəfəsini və müəyyən sosial-dini inkişafını özündə saxlayan təsvirli yazıdır”.

  “Viktoriya və Albert” muzeyində saxlanılan Azərbaycan xalçalarını ekspertlət bədii və texnoloji xüsusiyyətlərinə və texnologiyalarına görə iki qrupa bölülrlər. Birinci qrupa XVI əsrə aid edilən Təbriz xalçaları, ikinci qrupa isə XVI-XIX əsrlərdə toxunmuş Quba, Şirvan, Gəncə və Qarabağ xalçaları daxildir. Burada saxlanılan Təbriz xalçalarının dörd əsrdən çox tarixi olmasına baxmayaraq, onlar indi də zərif toxunuşu, rəngarəngliyi, kompozisiyası və gözəlliyi ilə insanı valeh edir. Onların toxunulmasında yüksək keyfiyyətli yun və əlavə bolluca gümüş və qızıl saplardan da istifadə olunmuşdur. Elə bil dediklərimi sübuta yetirməkdən ötrü Cenefer xanım məni zalların birinə dəvət etdi. Burada məni unudulmaz görüş gözləyirdi. Şeyx Səfi ilə görüş. 1539-cu ildə Təbrizdə Şah Təhmasibin sifarişi ilə Ərdəbil məscidi üçün toxunan və Şeyx Səfi adı ilə tarixə düşmüş bu xalı haqlı olaraq xalçalar aləminin tacı, xalçaçılıq sənətinin şah əsəri sayılır. Cenifer Verdenin dediyinə görə, 1893-cü idə Ərdəbildə satın alınmış və Londona göndərilmişdi. Bu, dünya muzeylərində saxlanılan ən nadir xalçalardan biridir. Onun gözəlliyi barədə əvvəllər də eşitmişdim, lakin onun bu qədər əzəmətli və valehedici olduğunu təsəvvür edə bilməzdim. Eni 5 metr 31 sm, uzunluğu 10 m. 51 sm., ümumi ölçüsü isə 56 kvadrat metr olan bu xalının bəzəkləri müxtəlif çiçək rəsmlərindən ibarətdir. Xalının mərkəzində çoxguşəli, mozaikaya bənzər qönçə var. O, hər tərəfdən qırmızı, yaşıl, sarı rəngli kiçik qübbələrlə bəzədilib. Xalıda rənglər ardıcıl olaraq rəngkarlıq elminin tələblərinə uyğun elə yerləşdirilib ki, böyük qönçə günəşi, onun ətrafındakı qübbələr isə şüaları xatırladır. Xalının aşağı və yuxarı hissəsində qırmızı və şəkəri rəngli qəndil təsviri vardır. Şeyx Səfi xalısının üzərindəki naxışlar onun mahiyyətini açıqlamağa kömək edir. Kübra xanımın dediyinə görə, burada islam dini və onun qollarından olan sufizm ünsürlərini izləmək olar. "Burada sufizmin Allaha qovuşmaq, təmizlik, saflıqla əlaqəli bütün simvollar, eyni zamanda ayinlər də öz əksini tapmışdır".

Xalı ilə bağlı söhbətini davam etdirərkən Muzeyin əməkdaşı Cenifer xanım toxunuşunda qızıl və gümüş saplarla işlənmış daha bir xalçanı mənə göstərdi. Bu xalıda gül-çiçək motivləri fonunda müxtəlif heyvanlar təsvir olunmuşdur. Bu təsvirlər, çox canlı, dinamik, hərəkətlidir. Bəzi sənətşünaslar belə bədii xalıların yaradılmasında bir çox rəssamların, xüsusilə də XIV əsrin məşhur Azərbaycan  rəssamı Sultan Məhəmmədin yaxından iştirak etdiyini deyirlər.

Azərbaycan  xalçalarının üzərində quş və heyvan təsvirlərinin olması təsadüfi deyil. “O dövrdə, XIV əsrdə bağ deyilən elementlər var idi. Bu element müxtəlif heyvan və quşların baş hissəsinin təsvirindən ibarətdir. Onlar ornamental kompozisiyalarda istifadə edilirdi, yəni Təbriz rəssamları müəyyən bir kompozisiyanı bağlamaq, onun daha gözəl, estetik olması üçün ondan istifadə edirdilər”.

   Bundan başqa Qarabağın Tərtər rayonu Çələbi kəndində toxunan bir xalı da vardır ki, onun üzərində sarı və qırmızı fonda yarpaqlara bənzər medalyonlar var. Bu xalıya Çələbi, bəzi mənbələrdə isə Çələbirt də deyirlər.

“Viktoriya və Albert” muzeyində daha bir xalı diqqəti çəkir. Bu, Qarabağda toxunulmuş Qaraqoyunlu xalısıdır. O, qoyun təsvirləri ilə bəzədilib. Bu simvolun mahiyyətini Kübra xanım belə açıqlayır: “Bildiyimiz kimi Azərbaycanda müəyyən dövrlərdə Orta Asiyadan gəlmiş Qaraqoyunlu tayfaları başçılıq etmişlər, mərkəzi Təbriz şəhəri olan böyük bir dövlət yaratmışlar. Bu, həmin dövrə aid simvollarla bəzədilmiş bir xalçadır. Tayfanın simvolu qaraqoyun olduğundan, xalça üzərində də qoyun təsvirləri əsas yer tutur”.

   Xalçaların Muzeyə gətirilməsi tarixindən Genefer belə danışır: “Onların əksəriyyətini XIX əsrdə ingilis tacirləri, xüsusilə də Mançester şəhərində yerləşən Vinsent Robertson şirkətindən və ya  Londonun mağazalarından alınmışdır. 1909-cu ilə qədər kolleksiya üçün xalçaları satın ala bilirdık, ona maddi imkan var idi. Lakin sonralar kasadlaşdı və hazırda ümidimizi hədiyyələr və vəsiyyətnamələrə bağlamışıq. Onu da demək istərdim ki, əsas diqqət yalnız 1930-cu illərədək toxunan xalçalara yetirilir. Buna baxmayaraq, bizi məsələn Leninin surəti, yaxud hər hansı tarixi mövzuda toxunmuş xalçalar da maraqlandırır. Hazırda məqsədimiz xalçaçılıq sənətinin müxtəlif janrlarında xüsusiyyətlərini öyrənməkdir”.

Cenifer xanımın dedikləri bizim üçün bir az da kədərli oldu. İki əsrdən çox burada saxlanılan bu misilsiz xalçaların məhz Azərbaycan xalçası olduğu bu yaxınlarda bilinib. “Əvvəllər biz bunları fars xalçası sayırdıq. Tədricən, mütəxəssislər onları öyrəndikcə Qafqaz adı altında bir qrupa daxil etdik. Yalnız bu yaxınlarda müəyyən edilmişdir ki, Qafqaz adlandırdığımız xalçaların 99%-i əslində Azərbaycan  xalçasıdır”.

Xalçaların öyrənilməsinə dair həmsöhbətimiz belə dedi: “Biz xalçaları müntəzəm olaraq kataloqa salırıq. Hər fraqmenti. Onu da deyim ki, bu o qədər asan deyil. Axı, Böyük Brintaniyada xalçaçılıq ənənəsi yoxdur. Biz əyirmə, boyama, naxışın vurulması, dəzgahın qurulması, nəhayət toxuma prosesinin özünə yaxşı bələd deyilik. Ona görə də Azərbaycana gedib orada bu proseslərlə yaxından tanış olmaq lazımdır”.

   Bəs Azərbaycanın özündə bu nadir sənət əsərlərinin öyrənilməsinə imkan varmı? Azərbaycan ekspertlərinin muzeylə müntəzəm əlaqəsi varmı? Təəssüf osun ki, belə bir əlaqə yoxdur, - deyir Azərbaycan dövlət xalça muzeynin direktoru Röya xanım Tağıyeva və bunun səbəblərini belə açıqlayır: “Əlbəttə yaxşı olardı ki, bizim əməkdaşlarımız bu muzeyə ezamiyyətə gedəydilər, bu kolleksiya, onların iş üslubu ilə tanış olaydılar. Təəssüf ki, respublikada maliyyə məsələsinin həlli çox çətindir”. Röya xanımın fikrincə, yaxşı olardı ki, “Viktoriya və Albert” muzeyində saxlanılan Azərbaycan xalçalarının Bakıda sərgisi keçiriləydi. Lakin bu, gələcəyin məsələsidir. Hələ ki, Bakı muzeyi öz eksponatlarını “Viktoriya və Albert” muzeyində  nümayiş etdirməyə dəvət olunub. Bu, Britaniya Şurasının təşəbbüsüdür. "Dəvətnaməni bildirdən almışıq, hazırda sərgiyə göndəriləcək xalçaların siyahısını haşırlayırıq".

Deməli, iki ölkə arasında əlaqələrin yaradnmasına ümidlər var!

 

Dekabr, 1994-cü il.