Yəqin ki, siz bu əsəri tanıdınız. Efirdə Endrü Lloyd Veberin (Sir Andrew Lloyd Webber) ilk ən məşhur əsəri olan Jesus Christ Superstar - “İsa Məsih fövqəl ulduzdur” rok operasından bir parça səsləndı. Maraqlısı odur ki, dünyada şöhrət qazanmış bu əsəri Endrü Lloyd Veber çox gənc yaşlarında yazıb. Əslində bu hələ o vaxtlar adları heç kəsə məlum olmayan iki çox istedadlı gəncin birgə yaradıcılığının bəhrəsidir. O vaxt Veber və rok opera üçün sözləri yazan şair Tim Raysın təxminən 21-22 yaşı var idi. Bu 70-ci illərin başlanğıcı, daha doğrusu 1971-ci il idi. Jesus Christ Superstar tamaşaya ilk dəfə Amerikada Nyu-Yorkun şouları ilə məşhur Brodveydə qoyulub. Sonralar isə Londonda səhnələşdirilib. O vaxtdan əsər dünyanın 30-dan çox ölkəsində tamaşaya qoyulyb, 11 dildə ifa edilib. (Musuqi səslənir). Bu, operanın fransız dilində ifası idi. Həmişə olduğu kimi gözəl və populyar əsərin təsiri altında yeni variantlar, yeni əsərlər yaranır. Gəlin əvvəlcə Jesus Christ-in birinci parçasına qulaq asaq. (Musuqi səslənir). İndi isə əsasını bu mahnının təşkil etdiyi hamımızın sevimlisi Ququşun mahnısına. (Musuqi səslənir). Məhəbbət, ayrılıq və kədər haqqında olan bu mahnı əlbəttə ki, rok-operanın məzmunundan çox uzaqdır. Amma yenə də əsərin nə dərəcədə məşhur olmasına dəlalət edir. Ümumuyyətlə Endrü Lloyd Veber və Tim Raysın şöhrət zirvələrinə yolu Jesus Christ Superstar-dan başlayıb. Həm də onları var-dövlətə çatdırıb. Yalnız ilk 8 il ərzində tamaşaların sayı 12 mini ötüb, 150 mln dollar dəyərində dabl disklər satılıb. Müzikl o dərəcədə populyar oldu ki, onun əsasında 1973–cü ildə 35 milyon dollara başa gələn film də çəkilib.
Bu şedevr bəstəkarın Tim Raysla yeganə əməkdaşlığı deyil. Onlar 1946-52-ci illərdə Argentinanın prezidenti olmuş Xuan Perronun həyat yoldaşı Evita Perrona həsr edilmış “Evita” müziklini də birlikdə yaradıblar. Yeva Mariya Perron argentinalılar üçün əfsanəvi şəxs olub. Dünyanın ən varlı və gözəl qadınlarından olan Yeva sadə argentinalılara məhəbbətlə yanaşardı, onlara qayğı göstərərdi. Elə ona görə də xalq arasında ona nəvazişlə Evita deyərdilər. O, 1952-ci ildə Buenos-Ayresdə çox cavan ikən, 32 yaşında xərçəng xəstəliyindən vəfat edib. Ölümündən sonra xalq tərəfindən şəhid adına layiq görülüb. Hətta onu xalgın xoşbəxtliyi uğrunda özünü qurban edən Argentinanın Janna Darkı adlandırıblar. Mahnı səslənir. “Mənim üçün göz yaşı tökmə, Argentina”, - oxuyur Evita və bu hissə operanın ən uğurlu və təsiredici yerlərindəndir. Bu mahnı sinql kimi disk və kasetlərə yazılıb, hit-paradlarda dəfələrlə birinci yerləri tutub. Evitanın bu naləsi portuqal, yapon, koreya dili də daxil olmaqla dünyanın 11 dilinə tərcümə edilib.
1981-ci ildə Endrü Lloyd Veber daha bir müzikl yaradır. “Cats” (“Pişiklər”). Bu əsər məşhurluğuna görə Veberin yaradıcılığında ikinci yeri tutur. 14 ildir ki, uğurla tamaşaya qoyulur. Veberin “Pişikləri“ Nyu-Yorkdan tutmuş Tokioya qədər, demək olar ki, hər yerdə miyoldayıblar. “Evita”da olduğu kimi bu operanın da bəzi parçaları sinql kimi geniş yayılıb. Onlardan ən məhşuru “Memory” (“Xatirə”). mahnısıdır. Veber müasir İngiltərənin ən məşhur və məhsuldar bəstəkarlarından biridir. O yalnız müzikllər yaratmır, simfoniya kimi ciddi janrlara da müraciət edir. Bu baxımdan “Rekviyem” simfonik əsəri bəstəkarın yaradıcılıq uğuru sayılır. Musuqi səslənir.
Son vaxtlar Veberin ünvanına tənqidi, hətta narazı sözlər söylənilir. Bu da səbəbsiz deyil. Bəstəkar özünün “Sunset Boulevard” (“Sanset bulvar”) müziklində aparıcı partiyalara məşhur aktrisalar Meril Strip və Fayda Novanı dəvət etməyəndə heysiyyatına toxunulmuş bu Hollivud ulduzları mətbuat səhifələrində hay-küy qaldırdılar. Veber rejissorlarla da tez-tez savaşır. Hətta 17 il çalışdığı, onun sağ əli olmuş Biddi Hord Hiddi işdən çıxarıb. Tamaşa ilə bağlı hər şeydə Veber yeganə hakim və diktator olmağı sevir. Bu, onun əməkdaşlarının da ürəyincə deyil. Diktator sayağı ədalarına irad tutanda zarafata salıb: “Bəstəkara güllə atmayın, -deyir, - o bacardığını edir”. (Musiqi səslənir. Veberin Paqanini mövzusunda variasiyaları). Ümumiyyətlə bəstəkarın xasiyyəti barədə, hətta Veberin krallarsayağı özü barədə cəmdə danışmaq adəti də mənfi qarşılanır. Bəziləri deyir ki, bu onun dikbaşlığından irəli gəlir, bəziləri isə hesab edir ki, bu, onun utancaqlığı və mədəniyyətindən irəli gəlir. Yaxın dostlarından biri Veberin xasiyyətini belə açıqlayıb: “Emosiyalar və coşqunluq!” Ömrünün 47-ci baharını yaşayan Veberin xasiyyəti şəxsi həyatına da təsir göstərib. O, hazırda üçüncü həyat yoldaşı Madlenlə yaşayır. Keçmiş həyat yoldaşları ilə də dostluq münasibətlərini saxlayır. Xüsusilə də ikincı arvadı Sara Braytmanla. “The Phantom of the Opera” (“Opera kabusu”) əsərini də elə ona həsr edib. Özünün dediyinə görə, “The Phantom of the Opera” üzdən kifir, daxilən dahi olan insan haqqındadır. O insan gənc bir qıza vurulur və ona olan hisslərini musiqi vasitəsilə deyir. (Musiqi səslənir.) Bu “The Phantom of the Opera” müziklindən bir parça idi.
Veber yalnız istedadı və ağır xasiyyəti ilə deyil, həm də hesaba gəlməyən sərvəti ilə də məşhurdur. 250 mln. funt sterlinqin sahibi olan Veber İngiltərənin ən varlı şəxslərindən biridir. “Really Useful Group”, yəni “Həqiqətən faydalı“ adlanan şirkətinin gəliri günbəgün artır. Bəstəkarın Yorkşirdə böyük malikənəsi var. Özünün XIX əsr ingilis rəngkarlığı əsərlərindən ibarət məşhur kolleksiyasını burada saxlayır. Ekspertlər hesab edirlər ki, bu, dünyanın ən zəngin kolleksiyalarındandır. Veber Corc Meycerin ən sevimli bəstəkarıdır, həmçinin xanım Marqaret Tetçerin. Baronessa heç vaxt Veberin ziyafət tədbirlərini diqqətsiz qoymur, həmişə təşrif buyurur. Onu da deyim ki, xidmətlərinə görə Endrü qədim zamanardan İngiltərərdə şərəfli sayılan Cəngəvər adına layiq görülüb. O, indi ser Endrü Lloyd Veberdir. Doğrudan da, Ser Endrü İngiltərənin adını çox yüksəkliklərə qaldırıb. Ona qədər müzikl sahəsində dünyada birinciliyi amerikalılar tuturdu.
Onun kimi bəxti gətirən ikinci adamı təsəvvür etmək çətindir. Bəs onda onun ağır xasiyyətinin və hər şeyi təkbaşına etmək cəhdlərinin səbəbi nədir? Tənqidçi Meqa Tresider deyir ki, bunun səbəbini Veberin uşaqlıq illərində axtarmaq lazımdır: “Endrü Londonda ortabab ailədə böyüyüb. Musiqiçi olan valideynləri, demək olar ki, həmişə məşgul idilər. Fortopianoçu olan anasının şagirdləri evə gəlirdilər və balaca Endrü onların istedadına həsəd aparırdı. Ona elə gəlirdi ki, o heç kəsə lazım deyil, böyüklər onunla maraqlanmırlar. Varlığa və şöhrətpərəstliyə meyl bəstəkarda məhz uşaqlıq illərində doğulub”. (Musiqi səslənir.) Yaxın bir zamanda Veberin sərvəti, ehtimal ki, daha da artacaq. Belə ki, o, kinematoqrafa doğru da addımlayır. Onun impressariosu hazırda müzikl istehsal edən kinostudiya yaratmaq üçün məşhur Poliqram şirkəti ilə danışıqlar aparır. Bu baş tutsa, Veber İngiltərənin kino kralı olacaq. Dediyinə görə, ilk növbədə “Sanset bulvar” operasını lentə alacaq. Musiqi səslənir. Sanset Bulvar operasından “ With One Look” - “Bir baxışla“ ariyası səsləndi. Müəllifin dediyinə görə, bu opera onun ən uğurlu işidir. “Bilirsiniz, əgər siz irəliləyirsiniz və hesab edirsiniz ki, sizin bu əsəriniz əvvəlkindən yaxşı deyil, onda çalışmağın, yaratmağın mənası yoxdur. Dəqiq deyə bilərəm ki, müzikl məhz o sahədir ki, orada mən uğur qazana bilərəm”. Tənqidçilər təəccüb edirlər ki, yaradıcılğının bədii səviyyəsi günbəgün aşağı düşən Veber nə üçün müzikl aləminin solmaz ulduzu olmaqda davam edir. Söhbət gəzir ki, Veber yeni tamaşasının uğurunu da, teatr truppalarını da, tənqidçiləri də satın alır. Bütün dünyada müziklı inhisara alıb. Hər şeyi axı pulla almaq mümkün deyil. Görünür, Veberin məşhurluğunun səbəbi, onun öz sözləri ilə desək, “rəqibin olmamasındadır”. Bəstəkar deyir: “Şöhrətim onunla izah oluna bilər ki, müasir müziklların səviyyəsi mənimklərdən qat-qat aşağıdır”. Bu, Veberin nə günahı, nə də xidmətədir. Bu, tarixi şəraitin izaholunmaz oyunudur. Və bir halda ki, tarixi şərait onun üçün uğurludur, Veber özbaşınalıq da edə bilər. Axı o təkcə kimisə işdən çıxarmır. Həmçinin kimlərəsə müasir müzkl dünyasının ulduzu olmaq imkanı verir. Elə bir dünyanın ki, onun fövqəl ulduzu özüdür. Avropa səmasını fəth etmək arzusunda olan ulduzla biz onun İncil əhvalatı əsasında yazdığı və gözəl, böyük arzulardan danışan “Yusif və sehrli xalat” (”Joseph and the Amazing Technicolor Dreamcoat”) əsərindən mahnı ilə vidalaşırıq. Musiqi .
1995-ci il