Axşamınız xeyir!

     Yəqin ki, siz evlərinizdə oturub, kimi çay içə-içə, kimi iş görə-görə verilişimizə qulaq asırsınız. Otağınızı xəfif işıq bürüyür. Və bəlkə də heç yadınıza düşmür ki, vaxtilə, hələ elektrik lampası icad olunmamışdan çox-çox əvvəllər dədə-babalarımız və eləçə də bütün əhli-bəşər neft lampası yandırırdı. Verilişimizi sükan arxasında dinləyənlər isə maşınlarını benzinlə dolduranda yəqin ki, bu yanacağın haradan yaranması barədə fikirləşmirlər. Buna o qədər adət ediblər ki! Sanki bu həmişə belə olub, elə belə də qalacaq. Lakin bu həmişə belə olmayıb. Tarixin ilk çağlarında neft o qədər də əhəmiyyət kəsb etmirdi. Lakin sənaye dövrü başlayandan sonra neft həm xalqlar, həm də ayrı-ayrı fərdlər üçün var-dövlət, hakimiyyət rəmzinə çevrildi. Neft müharəbələri daha ağır və qanlı, sülhü isə daha sabit etməyə qadir oldu. Neft tarixi nə vaxtdan və haradan başlayır? Birinci verilişimiz də elə bu barədədir. Beləliklə, neft uğrunda mübarizə. Başlanğıc...

   Amerika Birləşmiş Ştatları. Pensilvaniya. 1855-ci il... 

 

        Bir qrup işgüzar adam belə bir fikir irəli sürür ki, Qərbi Pensilvaniyada yerin qatlarından çıxarılan və “qaya yağı” adlandırılan məhsulu təmizləməklə işıq lampaları üçün maye əldə etmək olar. Bu ideya ilə onlar 1855-ci ildə Yell universitetinin bir professoruna müraciət edib məsləhət istəyirlər. Professor onlarla razılaşır, “Bəli, - deyir, - yüksək dərəcəli işaqlandırıcı maddə alına bilər, əgər... əgər siz onun tətbiqini tapsanız”. Odur ki, məsələ həmin yağın tətbiqi üçün sahə tapmaqda olur. Və yerli işgüzarlar Kolonel Dreyk, yəni polkovnik Dreyk adlı təqaüddə olan dəmir yol konduktorunu neft quyusu qazmaq kimi ağlasığmaz bir fikirlə Qərbi Pensilvaniyaya yola salırlar. Əslində o, polkovnik deyildi, sadəcə olaraq camaata təsir bağışlamaq üçün onu belə çağırırdılar. Hamı polkovnik Dreyki dəli sayır. Polkovnik orada bir neçə il çalışır. Lakin nəticəsiz. Nəhayət, Qərbi Pensilvaniyaya, Titusvillə xəbər göndərilir ki, işlər dayandırılsın. Bu, yəqin ki, neft melodramasında adi bir süjetdir: neftin nəticəsiz axtarışı, işdən ümidcəsinə əl şəkmək və birdən, gözlənilmədən ... neft fəvvarəsi.

       Dünya neft tarixindən bəhs edən “Prayz” kitabının müəllifi doktor Dəniel Ergin bu hadisəni belə təsvir edir: “Həmin həftəsonu işlərin dayandırılması haqda sifariş hələ Tutisvillə çatmamışdı. Dreyk və onun briqadası: dəmirçi Billi əmi və onun iki oğlu neft tapdıqlarını artıq aşkar etmişlər. Və Qərbi Pensilvaniya vadisini sarsıdan bir qışqırıq qopdu: “Dəli yankilər neft tapdılar! Dəli yankilər neft tapdılar!” Qızıl həyəcanına bənzır neft vəlvələsi başladı, hamı torpaq sahəsi almağa tələsirdi, qiymətlər göyə çıxdı. Hər yerdə qazıntı işləri gedirdi...”

Dünya neftçıxarma sənayesi Amerika Birləşmiş Ştatlarında bax beləcə başlamışdı. Bu isə 1859-cu il idi.

   Hesab olunur ki, Amerikanın Pensilvaniya ştatında baş verən hadisə ilk sənaye neftçıxarmasının başlanğıcını qoyub. Lakin dünyanın o tayında bir məkan var idi ki, orada neft min illərlə məlum idi və 1848-ci ildə yəni Pensilvaniyadan düz on bir əvvəl orada ilk neft quyusu qazılmışdı. Bu yer Azərbaycan, Abşeron yarımadası, Xəzərin sahilləri idi...

     Bu qədim torpaqda neft mayesinin mövcudluğu, onun çıxarılması və daşınması haqda məlumatlar bizə miladi tarixinin erkən əsrlərindən gəlib çatır. Neftlə üzərə çıxan təbii qazdan mavi Xəzərin sahillərində əbədi məşəllər yanırdı, dünyanın hər yerindən – İrandan, Hindistandan buraya atəşpərəstlər ziyarətə gəlirdilər. Odur ki, hələ qədim zamanlardan Azərbaycan Odlar Yurdu kimi tanınırdı. Qədim və Orta əsr salnaməçiləri, alimləri, səyyahları: Prickus, Əbu İshaq İstərhi, Əl-Biruni, Əbdül Həsən ibn Hüseyn, Marko Polo, Oleari, Qmel, Lerke, Kempfer və başqaları Abşeron nefti haqqında rəvayətlər söyləyirdilər. Qocaman yazıçı, hamımızın sevimlisi Manaf müəllim Süleymanov bu barədə saatlarla danışa bilər: “Hətta belə bir məlumat var ki, Makedoniyalı İsgəndər Hindistana yürüş edəndə onun əsgərlərindən müəyyən bir hissəsinin yolu Abşeron yarımadasından, Bakıdan düşür. Suyun üzərində qazın yandığını görən əsgərlər heyrətə gəilblər ki,  burada su yanır”.

Bəs tarixi məlumatlardan başqa neftin Azərbaycanda qədim zamanlardan mövcudluğu və işlədilməsinə hər hansı bir sübutlar varmı? Əlbəttə, arxeoloji tapıntılar. Bu cür eksponatları siz Azərbaycan Tarixi Muzeyində görə bilərsiniz. Muzeyin əməkdaşı Mira xanım Əliyarova: “Azərbaycan Tarixi muzeyində neftin ilk istehsal dövründən bu günə qədər tarixini əks etdirən eksponatlara nəzər salsaq görərik ki, neftin tarixi ilk növbədə çıraqla bağlıdır. Qədim dövr ekspozisiyasında müxtəlif çıraqlar nümayiş etdirilir. Bu çıraqlar, təbii ki, yanaçaqla - neftlə yanırdı. Arxeoloji qazıntılar zamanı çoxlu çıraqlar əldə edilib”.

Orta əsrlərdə Azərbaycan torpağına ingilislərin də ayağı dəyib. Onlar da Bakı nefti haqqında bizə bəzi maraqlı məlumatlar çatdırırlır. “1572-ci ildə İngiltərə ticarət şirkətinin üzvləri Azərbaycana gəlir. Şəxsən Cefri Deker Bakıda 500-ə yaxın quyunun olması haqqında məlumat verir, Abşeronda evlərin neftlə işiqlandırılmasından, böyük qatır karvanlarından yazır. Onun dediyinə görə, Azərbaycanda neft yalnız yanacaq kimi yox, həm də müalicə məqsədilə işlədilir, revmatizm, sinqa, dəri xəstəliklərində, öd daşlarının əridilməsində neftdən istifadə edilir”. Neftdən hərbi məqsədlərlə də geniş istifadə olunurdu. Elə Səfəvilər dövründən də. Mira xanımın dediyi kimi, “Muzeyin ekspozisiyasında çox maraqlı eksponatlat var. Bu, Azərbaycan silahlarıdır, XV, XVI, XVIII əsrlərə aiddir. Bu silahların bir çoxu neftlə işə salınırdı”.

 

Abşerondan Azərbaycanın bütün künclərinə, dünyanın digər ellərinə neft tuluqları ilə yüklənmiş karvanlar yola düşürdü... “Bir də görürdün ki, məşhur dəvə karvanları Abşerondan yola düşür. Azərbaycanın qəzalarına, kəndlərinə neft aparıb satırdılar. Elə dəvəçilər vardı ki, yalnız neft satmaqla məşğul idilər. Nefti dəvələrlə tuluqlarda neft gətirənlər küçələrdə qışqırırdılar: “Ay neft alan! Qara neft alan!” Camaat eşidirdi, gəlib alırdı”, -deyir Manaf Süleymanov.

Orta əsrlərin lap erkən çağlarında neft qonşu və uzaq ölkələrə daşınırdı. X  əsrdən rus tacirləri Bakı neftini Rusiya bazarlarında satmağa başlamışlar və artıq XVI-XVII əsrlərdə Abşeron nefti rus tacirləri üçün sərfəli bir mala çevrilmişdi.  Nefti əvvəlcə dənizlə Həştərxana, oradan da Volqa boyunca lap elə Moskvanın özünə satmağa aparırdılar. Bəzən rus tacirlərinin əli ilə neft Niderlanda, İspaniyaya, Fransaya çatırdı. Ən şox isə neft İrana daşınırdı.

Bəs bu neft kimə məxsus idi? Azərbaycan Elmlər Akademiyası tarix İnstitutunun direktor müavini, elmlər doktoru Mahmud İsmayılov: “Azərbaycanda XVIII əsrdə , xanlıqlar dövründə neft quyularının, demək olar ki, hamısı xanlara məxsus idi. Xanlar neft quyularını özləri bilavasitə idarə etmirdilər, onları ayrı-ayrı iltizamçılara iltizama verirdilər”.

Lakin XIX əsrin əvvəllərində Azərbaycanda tarixi əhəmiyyətli bir hadisə baş verdi. Mahmud müəllimin dediyinə görə, “Azərbaycan çar Rusiyası tərəfindən zəbt edildi və xanlara məxsus olan bütün neft quyuları çar hökumətinin ixtiyarına keçdi. İlk vaxtlar çar hökuməti idarə edirdi, lakin 1808-ci ildən başlayaraq neft quyuları yenidən iltizama verildi. İltizam prinsipi ondan ibarətdir ki, iltizamçı müəyyən məbləğ müqabilində neft quyusunu iltizama götürür. Quyular, neftli torpaqlar onun inhisarında olurdu. Ondan başqa həmin sahədə heç kəs quyu qaza, neft çıxara bilməzdi, neft ticarəti ilə özü məşğul olurdu. Yəni bütün neft istehsalı onun ixtiyarında idi”.

XİX əsrin 40-cı illərində Bakı ərazisində cəmi 135 neft quyusu var idi. Bu quyulardan orta hesabla 100 puda yaxın neft çıxarılırdı. Bu nefti necə çıxarırırdılar? “Nefti çıxarmaq üçün göndən hazırlanmış xüsusi tuluqlar var idi. Neft quyusuna tuluqları buraxırdılar. Tuluq dolandan sonra çarxla onu çəkib çıxarırdılar. Tökürdülər ayrı-ayrı çənlərə”

1850-ci ildə Abşeronda artıq 260 min pud neft çıxarılmışdı. Bəs quyular hansı yolla qazılırdı? Mahmud müəllimin dediyinə görə, əvvəlllər əllə, sonralar isə “neft sənayesində buruq tətbiq edilməyə başladı. İlk belə təşəbbüs 1848-ci ildə Bibiheybətdə olmuşdu, lakin o, bir nəticə vermədi, buruğu işə sala bilmədilər. Sonrakı illərdə, o cümlədən 1863-ci ildə də edilən təşəbbüslər uğursuz oldu. Yalnız 1871-ci ildə Balaxanıda bir qazma buruğu işə salındı və bu buruq neft verdi”.

   Bəs ABŞ-da neft kimin ixtiyarında idi, ona kim ağalıq edirdi? Ümumuyyətlə, artıq həmin dövrlərdə, ABŞ-da bu sahənin inkişafı nə yerdə idi? XİX əsrin ortalarında Amerikada “ağ neft”, İngiltərədə “parafin” adlandırılan lampa mayesi istehsal edən neft sənayesi sürətlə inkişaf etməkdə idi. Bu maye bütün dünyaya daşınanaraq tez bir zamanda fövqəlbəşər bir işə çevrildi. Lakin eyni zamanda bu, kortəbii iş idi. Amma bir nəfər var idi ki, bu işin kortəbiiliyini duydu və neftdə geniş imkanlar gördü. Bu, Ohaya ştatının Klivlend şəhərindən olan mavi gözlü, soyuqqanlı bir gənc idi - Con D. Rokfeller.

Neft tarixindən yazan doktor Deniel Erqin bu barədə belə danışır: “O, neft sənayesini nəzarəti altına almaqla bu sahəni nizama salmaq fikrinə gəldi. O dedi: "Fərdiyyəçilik dövrü başa çatmaqdadır, kombinasiya dövrü başlayır". Gənc Rokfellerin məqsədi neftin çıxarılmasından daha çox neft bazarlarında, xam məhsulu ağ neftə, parafinə çevirən təmizləmə prosesinə, paylaşdırma  sisteminə nəzarət etmək idi. Və olduqca qısa müddətdə, təxminən 10 ilə, o, ABŞ-da bu proseslərin, demək olar ki, 90%-ni nəzarəti altına aldı, bir qədər sonra isə ağ neft və parafin ticarəti üzrə dünya birincisi oldu”.

O vaxtlar neft özü-özlüyündə o qədər də böyük dəyərə malik deyildi. Onun istifadə dairəsi çox məhdud idi. Neft yalnız təmizləndikdən sonra əhəmiyyət kəsb edirdi, çünki məhsul şəklində camaata satıla bilərdi. Nəticədə, neftayırma zavodları qüdrətli bir adamın – “Standart Oyl” şirkətini yaradan Rokfellerin nəzarəti altına keçdi. Əlbəttə, bir çox digər şirkətlər də inkişaf edirdi, lakin “Standart Oyl” kimi yox. Doktor Dəniel Erqin: “Rokfeller biznes dahisi idi. O, plan sistemini tətbiq etdi. Təhsilcə, Rokfeller hesabdar idi və bütün ömrü boyu hesabdar olaraq qaldı. O, fantastik struktur və təşkilatçılıq hissiyyatına, strategiyanı tətbiq etmək qabiliyyətinə malik idi. Onda inandırma qabiliyyəti var idi. O, öz ətrafında “əla keyfiyyətli adamlar” toplamışdı. O həm də XIX əsr Amerika kapitalizminə xas olan prinsiplərlə yaşayırdı. Bildiriş belə idi: "ya bizimlə birgə çalışırsan, ya da səni məhv edəcəyik”. O belə də edirdi və müxtəlif üsullarla rəqiblərinə qalib gəlirdi”.

Rokfellein ən böyük tənqidçisi olan İda Tarbell “Standart Oyl şirkətinin tarixi” kitabında yazır: “Onlar heç vaxt namusla hərəkət etmirdilər, bu da mənim onlara olan münasibətimi dəyişdirirdi. Məncə, onların iş üsulunun dırnaqarası bu parlaq nümunəsi nəinki ölkənin mənəvi prinsiplərini  zəiflədir, eləcə də iqtisadi sağlamlığını sarsıdırdı”.

Dəniel Erqin isə Rokfellein “Standart Oyl” şirkətinin  iş üsulu haqqında belə deyir: “Onlar yerlərdə neftin qiymətini salaraq rəqiblərini ya sövdələşərək "Standart Oyl" imperiyasına qoşulmağa məcbur edir, ya da onları biznesdən kənarlaşdırırdılar. Onlara kor pələnglər deyirdilər. Beləliklə, Rokfeller Amerikanın ən zəngin adamı oldu. Eyni zamanda o, ən çox nifrət doğuran insana çevrildi”. Hətta deyirlər ki, analar uşaqları sözə baxmayanda deyirdilər: “Bax ha, Rokfeller səni aparar!” Bundan əlavə Dəniel Erqinin yazdığı kimi, “Standart Oyl”un dəhşətli xəfiyyə xidməti var idi. Xəfiyyə xidmətinin nefti alıb satanlar və onu haradan əldə etdikləri barədə xücusi məlumat dosyesi var idi. Çoxları Rokfellerə nifrət edirdi, lakin o heç vaxt tənqidə cavab verməzdi. O, İda Tarbeli “Miss Tar-Barrel”, yəni “qır çəlləyi” adlandırardı. Rokfeller öz tərcümeyi-halında yazırdı: “Biz bir çox ölkədə, məsələn Çində, neft lapmaları tətbiq etmişik, biz ticarəti qəribə yerli ehtiyaclara uyğunlaşdırırdıq. Hər dəfə xaricdə uğur qazananda ölkəmizə milyonlarla dollar gətirirdik. Uğursuzluğumuz isə vətənimiz və xalqımız üçün itki demək idi”.

Rokfeller mənfəətli bir şirkəti idarə edirdi. Onun gəliri rəqiblərininkindən çox idi, çünki texniki cəhətdən daha yaxşı silahlanmışdı. O həmişə nə isə yaradırdı: milyonlarla insanı yüksək keyfiyyətli mallarla təmin edirdi, özü də ki, aşağı qiymətlərlə. Rokfeller həmişə deyirdi ki, qoy kasıbın da evində işıq olsun.  Bəs, Rokfellerin şirkəti niyə “Standart Oyl” adlandırılırdı? O vaxtlar dünya bazarlarında parafin və ağ neftin müxtəlif növləri var idi. Onların əksəriyyəti, demək olar ki, aşağı keyfiyyətli idi və vaxtaşırı partlayışlara, yanğınlara, insan tələfatına səbəb olurdu. Bu, şox lazımlı, lakin eyni zamanda təhlükəli maddə idi. Rokfellerin isə satdığı lampa mayesi bu cür təhlükələrdən uzaq idi. Axşamlar lampanı yandıran adam əmin idi ki, sabaha sağ-salamat çıxacaq. Odur ki, Rokfellerin şirkətinin adı “Standart” idi. Beləliklə, 1879-cu ildə  “Standart Oyl” şirkəti ABŞ-da neftayırma zavodlarının 90%, marketinqin isə 80%-nə malik idi.

  Dünya bazarına nail olmaq üçün "Standart" Rusiya məhsuluna, eləcə də Hindistan bazarına böyük təsir göstərən “Birma Oyl” şirkətinə qarşı mübarizə aparırıdı. “Prayz” kitabının müəllifi Dəniel Erqin:  "“Standart Oyl"  hökumətdən daha varlı idi, olduqca qüdrətli hesab olunurdu. Deyirdilər ki, onlar rüşvəti sağa-sola paylayırlar. Hətta Pensilvaniyanın qanunvericiliyində dəyişikliklər etməyə çalışırdılar”.

 Aydındır ki, ABŞ-ın və başqa ölkələrin neft sanayesi arasında olan məsafə bir gün azalmalı idi. 1861-ci ildə Rusiyanın siyasi-ictimai həyatında mühüm bir hadisə baş verdi. Doktor Mahmud İsmayılov: “Təbii ki, sənayenin inkişafı neftin əhəmiyyətini və ona olan marağı artırdı. Rusiya imperiyasının hələ ki, yeganə neft mənbəyi olan Bakıda yerli sahibkarlar, o vaxtın dili ilə desək neftxudalar və yeni bazarlar axtarışında olan xarici işgüzarlar peyda oldu. Neft uğrunda əsl mübarizə elə o vaxtlardan başlayır”.