Büroya 25 il sahiblik edən Morin Boll məktəb çantalarının itməsinə xüsusilə çox təəccüblənir: “Doğrudanmı məktəblilər belə huşsuzdurlar? Yoxsa onlar ev tapşırıqlarını yerinə yetirmədikləri üçün bu cür edirlər. Balaca şeytanlar fikirləşirlər ki, çantalarını itirsələr onları danlamayacaqlar. Amma mən bu balaca şeytanlara deyirəm ki, onsuz da çantanızı geri məktəbə göndərəcəyik. Odur ki, əziyyət çəkib onları avtobusda unutmayın! Büroda əşyalar seksiyalar üzrə bölünür və hamısının üzərində yazı var. İtən əşyalar büroda 3 ay saxlanılır. Bu müddət ərzində sahibi çıxmasa, hərraca çıxarılır. Yalnız eynəklər üçüncü dünya ölkələrinə göndərilir. Burada bir bölmə var ki, ona baxanda adamın ürəyi ağrıyır.  Bu, oyuncaqlardır. Görün onlar necə də kədərlidir!? Balaca sahiblərini itiriblər. Məsələn, bu yumşaq meymun. Altı həftədir ki, bizdədir. Bəlkə də haradasa onun sahibi zır-zır ağlayır.

Bəzən idarəyə olduqca qəribə əşyalar gətirilir. Məsələn, quş müqəvva, yaxud diri ilan. Bir dəfə metroda tabut tapılıb, xoşbəxtlikdən içi boş idi. Lakin ən gülməlisi diş protezləridir. Gülməli olan odur ki, onların sahibləri gələndə protezləri taxırlar ki, görsünlər onlarındır, ya yox. Protezlər yaramayanda deyirlər:  “Yox, mənimkilər deyil”. Diş protezi hələ nədir! Siz ayaq protezindən danışın! Biz buna çox heyfsiləndik, amma sahibi gələndə gülməkdən ölürdük. Dedi: “ A, bir ayağı neçə dəfə itirmək olar?” Büroya çoxlu sayda qoltuq ağacları və əlil arabaları daxil olur. Yəni şikəst adam metroya qoltuq ağacı ilə daxil olur, marşrutun sonunda isə onları atır. Nə gözəl! Həə, London metrosunda belə möcüzələr baş verir".

   Morin deyir ki, hər əşyanın arxasında insan taleyi durur. "Məsələn, avtobusda tapılan dədə-babadan qalma nəhəng  saat, yaxud bu gəlin paltarı.  Yəqin qız son məqamda "yox, mən ona getmirəm” - deyib. Nə isə. Paltar bizdədir, fikrini yenə dəyişsə, gəlib götürə bilər".

Büroya əşyası itmiş sərnişinlərdən çox məktub gəlir. Morin və onun işçiləri  çalışırlar ki, hamıya xoş cavab versinlər. Bir dəfə onlar belə bir məktub alırlar. "Bir centlemen yazır ki, keçən çərşənbə onun başına qəribə iş gəlib. Pikkadilli xəttində ... şalvarını itirib.  "Şalvarımı axırıncı dəfə bir xanım-xatın qadının əlində gördüm. O,  şalvarı mənə atmaq əvəzinə onu bayraq kimi yelədi. Qapılar bağlandı və mən  qaldım perronda şalvarsız”.  Morin ona “Təəssüf ki, şalvarınız tapılmadı” yazmaqla yanaşı təsəlli vermək üçün bir şeir də ithaf edib:

Əfsus belə malınız itdi.

Deməyin, bəxtiniz bitdi.

Tökməyin göz yaşlarınızı

Bəlkə tapdıq şalvarınızı.

Özünüzü vurmayın oda,

İtirməyin şalvarınızı metroda.

 

1995-ci il