İnsan özünün dörd çevrəsinə baxır. Dəniz kimi mavi göyü, göy kimi sonsuz mavi dənizi görür. İnsan ağacları, otları, qızılgül kollarını görür. Görür və təbiətin bütün yaratdıqlarına təəccüblənir. Sonra o, əllərə baxır - öz əllərinə, sənin əllərinə, insanların əllərinə. Baxır və bu əllərin nə qədər gözəl, nə qədər maraqlı sənət möcüzələri yarada bildiyinə təəccüblənir. Kətanda, kağızda, daşda, ağacda nələr yaratmır bu əllər!

Respublika Əlyazmaları Fondunun əməkdaşı Seyfəddin Məmmədvəliyevin əlləri də möcüzələr qaynağıdır. Ürəyi isə təəccüblə doludur. İşi belədir - əski kitablar, əlyazmalar arasında yaşayasan, yaradasan, ancaq qədim Şərq xəttatlarının qələmlərindən süzülən ilmələrə, naxışlara, hərflərdən yaranmış əsl sənət əsərlərinə, dəyəri heç nə ilə ölçülməyəcək miniatürlərin gözləri məst edən incəliyinə, sənətkar dühasına heyran olmayasan, irilmiş gözlərinlə köksünə sığmayan ürəyinlə təəccüblənməyəsən – bu heç mümkündürmü?! S.Məmmədvəliyevin təəccüb məktəbi ona bir sevgi, bir bacarıq bağışlamışdır. Keçmiş mədəni irsimizə dərin və bitməz-tükənməz maraqdan, Odlar Yurdunu ad-sanını, şöhrətini qaldıran böyük, azman ərən kişilərin yaratdıqlarına hüdudsuz sevgidən onun əllərinə başqalarına qismət olmayan möcüzə yaratmaq ustalığı doğmuşdur. Onun əlləri bir parça ağac kötüyünü danışdırır-kitaba çevirir, nəğməyə döndərir. Bu əllərdə ağac muma dönür, ipəyə çevrilir, bərkiliyini itirir, sənətkarın özü kimi kövrək olur. Uzun illər boyu qorxa-qorxa, ehtiyatla, barmaqlarının ucu ilə toxunduğu, yaradıcısına ürəyində min dəfələrlə, milyon dəfələrlə “Əhsən!” söylədiyi Gündoğar xətlərini o, ağac üzərində doğrayır. Naxışlar elə qurulur ki, eyni yazı güzgüdə olduğu kimi üzbəüz görünür. Ağac hərflərə baxırsan, cizgilərin incəliyinə, zərifliyinə göz yetirirsən və istər-istəməz təəccüblənirsən.  Qürur dolu bir təəccüblə sən də “Əhsən!” deyirsən - xəttə də, xəttada da. İlan kimi qıvrılan, ox kimi irəliyə doğru can atan cizgilər sanki dil açır, çiçək açır. Öz yaradıcısının əllərinə “Əhsən!” söyləyir.

Seyfəddin barmaqlarının möcüzəsi ağaclar üzərində Nizami Gəncəvinin, İmadəddin Nəsiminin, Xaqani Şirvaninin, Nəsrəddin Tusinin təkcə adına yox, onların xətlərdən hörülmüş portretinə çevrilir. İnana bilmirsən ki, hər gün gördüyün adicə ağac kötüyü dahi Üzeyir bəyin adı ilə onun “Koroğlusu” qədər təsirli ola bilər.

Belə iş nə qədər gərgin əmək, dözüm, bacarıq, ustalıq istəyir! Bir dahini ağac üzərində “göyərtmək” üçün necə-neçə aylar gedir. Qurumuş, bərkimiş ağac kötüyünün çiçək açması ikincı şərəfli ömrü, yaşamı öz qaynağını bulaq suyundan deyil, sənətkar beyninin gücündən, gözünün işığından, ürəyinin istisindən alır. Neçə-neçə biçimlər, dönümlər, formalar cızılır, yazılır, qazılır, pozulur... Ürək istəyəni beyin bəyənmir, beyin bəyənəni göz xoşlamır. Yenə də, yenə də bir istək,  bir düşüncə o birini üstələyir.

Seyfəddin müəllim ağacı dəmirlə yox, polad alətlə yox, ürəyi ilə kəsir. Yaratdığı bütün əsərlərə o öz ürəyinin bir parçasını qoyur, onlara odlu qəlbinin qızğınlığını, istiliyini, hərarətini verir. Respublika Əlyazmaları Fondunun sərgi zalında onun neçə-neçə belə əsəri sənət incisi kimi göstərilir. Özü isə iləyir, yaradır, təəccüblənir...

Boş vaxtlarında İçərişəhərdəki Azərbaycan Miniatür Mərkəzinə getməyi sevir. Muzeydə işləyən qız bir dəfə ondan soruşmuşdu:

- Bağışlayın, Sizi burada tez-tez görürəm. Miniatürçü rəssam deyilsiniz ki?

- Miniatürçü mən yox, oğlumdur. Sizdə onun bir əsəri nümayiş etdirilir. Bax, bu, “Döyüş”.

-Deməli, Fəxrəddin Məmmədvəliyev Sizin oğlunuzdur. Bilirziniz, muzeyə gələnlərin çoxu onunla necə də maraqlanır!? Sağ olun...

U sta öz kövrəkliyini, həssaslığını, gözəlliyə təəccüblənmək bacarığını  oğluna da verib, özü də təkcə ona yox, bu maraqlı adamla ülfət saxlayanların hamısına.

 

“Elm” qəzeti, 25 iyun 1986-cı il