- “Salam, Vətən” adlanan radio-tamaşada əsas məqsəd azad və demokratik seçki prinsiplərini dinləyicilərə asan qavranılan tərzdə çatdırmaqdır. Yarızarafat, yarıciddi şəkildə dinləyicilərimizə bildirmişik ki, səsvermədə iştirak etmək hər kəsin vətəndaşlıq borcudur, başqasının yerinə səs vermək olmaz, seçkilərin azad və demokratik keçirilməsində hakimiyyətlə yanaşı müxalifət də məsuliyyət daşıyır və s. və i.a.

- Tamaşada kimlər iştirak edir?

- Tamaşada hamımızın sevimlisi Afaq xanım, xalq artistləri Kamal Xudaverdiyev, Fuad Poladov, əməkdar artist Muxtar İbadov, Azərbaycan Dövlət Gənclər Teatrının yaradıcı heyəti. Tamaşanın qəhrəmanı Muradı Coşqun Rəhimov səsləndirir. Quruluşçu rejissor əməkdar incəsənət xadimi Hüseynağa Atakişiyevdir, musiqisi Ədalət Mədədoğlunundur. Ssenarinin hazırlanmasında yazıçı Əkrəm Əylislinin böyük köməyi dəyib.

- Oktyabrın 11- planlarınız necədir?

- Seçkiləri nəzərdə tutursunuz? Əlbəttə, Londonda səfirliyimizdə seçki məntəqəsi yaradılacaq. Həyat yoldaşımla birlikdə mən də həmin gün öz vətəndaşlıq borcumu yerinə yetirəcəyəm.

- Gəlin bir az da Qərb mətbuatından danışaq.

- Qərbdə, o cümlədən Böyük Britaniyada mətbuat həqiqətən dördüncü hakimiyyətdir. Mətbuatın yazdığı ciddi şəkildə qəbul edilir. Əsas prinsip obyektivlik və sadəlikdir. Qərb jurnalistikası rəngarəng janrlara müraciət etməklə yanaşı, onun dili, ifadə tərzi sadədir. Burada yüksək pafoslu ibarələr yoxdur. Bu sadəlik isə əslində daha çox professionallıq tələb edir. Qərbdə mətbuat ictimai rəyi əks etdirir və istiqamətləndirir. Yadımdadır ki, Böyük Britaniyada son parlament seçkiləri zamanı müstəqil namizədlərdən biri tələb edirdi ki, mətbuat vasitələri seçkiləri işıqlandırmasın. Onun fikrincə mətbuat istədiyi namizədi yıxa, yaxud yüksəldə bilər.

- Qərb mətbuatında Azərbaycan həqiqəti necə işıqlandırılır?

- Azərbaycan həqiqəti Qərb mətbuatında çox geniş işıqlandırılır. Ümumiyyətlə, Böyük Britaniya cəmiyyətində son vaxtlar ölkəmizi yaxşı tanıyırlar. Bakının adını eşidəndə “Oyl, oyl Kaspian” deyirlər. Mətbuatın obyektivliyinə dair xatırlatmaq istərdim ki, hər bazar ertəsi “Bi-Bi-Si” mətbuatın icmalını təqdim edir. Materialların nə dərəcədə obyektiv olduğunu dinləyicilər özləri müəyyənləşdirə bilərlər.

- Çoxlarının sevdiyiMədəniyyət dərgisindən səbəbə getdiniz?

- Bu barədə məndən tez-tez soruşurlar. Burda təəccüblü heç nə yoxdur. Əlbəttə, mən “Mədəniyyət dərgisi” proqramını çox sevirdim. Həvəslə işləyirdim. Lakin başqa proqrama keçmək yeni bir təcrübədir. Bizdə belə praktika var. Hazırda eyni həvəslə “Sənin səsin” proqramını aparıram.

- Dinləyici fəallığından razısınızmı?

- İlk vaxtlar bizə edilən zənglərlə indiki müraciətləri müqayisə etsək, çox böyük fərq var. Əvvəllər şikayətlər üstünlük təşkil edirdi. İndi isə dinləyicilərimizin maraq dairəsi genişlənib. Onlar Böyük Britaniya həyatı ilə maraqlanır, müxtəlif məqamların açıqlanmasını xahiş edirlər. Zənglər yalnız şəxsi problemlər, iqtisadi çətinliklərlə məhdudlaşmır. Bunu müsbət hal kimi qiymətləndirirəm. Biz çalışırıq ki, imkan daxilində hər bir suala cavab verək. Axı, hər bir zəngin arxasında canlı insan durur.

- Görünür ki, dinləyicilər sizə inamla müraciət edirlər?

- “Bi-Bi-Si”nin səlahiyyəti çatmır ki, kiməsə təzyiq göstərsin, məsələni həll etsin. Lakin müvafiq qurumlarla əlaqə saxlayıb bu və ya digər məsələnin hüquqi əsaslarını soruşa bilərik. Bunun özü artıq köməkdir.