- Böyük Britaniyada kütləvi informasiya vasitələrinin cəmiyyətdə rolu çox böyükdür. Əsasən, KİV ictimai rəyi formalaşdırır. Nə dərəcədə müstəqil olub-olmamasına gəlincə, Böyük Britaniyada saysız-hesabsız telekanallar, qəzet və jurnallar var. Təbii ki, onların arasında bu və ya digər qüvvəyə meyllənənlər olur. Çalışırlar ki, ictimaiyyətdə həmin siyasi qüvvə barədə müsbət rəy yaratsınlar. Ancaq sizə bir fakt deyim. Bildiyiniz kimi, son parlament seçkilərinə qədər hakimiyyətdə mühafizəkarlar idi. Və cəmiyyətdə belə bir rəy formalaşmışdı ki, digər siyasi qüvvəyə imkan verilməlidir. Əks halda cəmiyyət keçmiş sovetlər məkanına, birpartiyalı sistemə çevriləcək. Belə ki, ənənəvi olaraq, mühafizəkarlara meyl göstərən, mühafizəkarların tərəfini saxlayan qəzetlər də onlara qarşı çıxdılar. Və cəmiyyətdə liberallar üçün əlverişli rəy formalaşdı. Nəticədə məlum olduğu kimi, hakimiyyətə liberallar gəldi.

- Sədaqət xanım, deməli, KİV nümayəndələri tam müstəqildirlər. Bu ya digər qüvvəyə meyllənəndə belə öz vətəndaş yaxud siyasi maraqlarına söykənirlər.

- Əlbəttə. Kim onların rəğbətini qazanıbsa, onu təbliğ edəcəklər. Bilirsiniz, Böyük Britaniyada KİV haqqında qanun işlək mexanizmdir. Bu qanunlar həqiqətən də Sözün dəyərini qoruyur. Heç bir mətbu orqan böhtan səciyyəli kampaniya apara bilməz. Buna cəhd edilərsə, qarşı tərəf onu məhkəməyə verəcək. Məhkəmə də haqlı olaraq, onları böyük məbləğdə cərimələyəcək. Və bu, heç bir qəzetin, mətbuat maqnatının ürəyincə deyil. Hətta belə bir satirik ifadə də var. Britaniya jurnalistinə rüşvət verə bilməzsən. Nəyə görə? Qəzet nə ilə dolanır? Yeni informasiyanı, maraqlı bir hadisəni hamıdan birinci cəmiyyətə ötürməklə. Kimsə jurnalistə rüşvət təklif edərsə, bu, həmin jurnalist üçün heç kimin bilmədiyi yeni bir informasiyadır. Jurnalist üçün rüşvəti almaqdansa, rüşvət təklifi haqqında bu xəbəri birinci ictimaiyyətə çatdırmaq daha sərfəlidir. Həm maliyyə, həm də peşəkarlıq baxımından, bu, onun imicini sözsüz ki, artıracaq.

- Böyük Britaniyada KİV nümayəndələrini birinci növbədə maraqlandırır?

- Oxucuları narahat edən məsələlər! Bu, beynəlxalq əhəmiyyətli məsələlər, daxili, gündəlik həyatla bağlı məqamlar da ola bilər. Böyük Britaniyaya getməmişdən qabaq mən özüm də bəzən fikirləşirdim ki, yəqin ki, Böyük Britaniyada KİV-ləri əsasən, dünya hadisələrinə, qlobal məsələlərə yer ayırırlar. Ancaq heç də elə deyil. Məsələn, Böyük Britaniyanın böyüklü-kiçikli qəzetləri birinci səhifədə məktəbdə müəllimlərə münasibətdən və ya yeniyetmə qızların hamiləliyindən yaza bilərlər. Bəzən bu səpkili mövzular inkişaf edərək bir müddət geniş müzakirə mövzusuna çevrilir. Bu müzakirələr ümummilli səviyyəyə qalxaraq, hətta parlamentin müzakirəsinə qədər çatdırılır. Bir neçə ay bundan əvvəl bir hadisə baş vermişdi. Hələ də onun əks-sədası səngimir. 9-10 yaşında olan Sara adlı qız itkin düşmüşdü. Bir neçə həftədən sonra cəsədini tapdılar. Məlum oldu ki, Saraya təcavüz edərək öldürüblər. Bu hadisə Britaniya cəmiyyətini sarsıtdı. O dərəcədə əks-səda yaratdı ki, uzun müddət bu əsas mövzu oldu. İctimaiyyət, bu kimi neqativ hallara qarşı “Sarahs Law” - “Saranın Qanunu” çıxarılmasını tələb edir. Daxili sosial məsələlərə böyük maraq göstərirlər. İnformasiya məkanı çox açıqdır. Elə bir hadisə yoxdur ki, qəzetdə və yaxud televiziyada öz əksini tapmasın.

- Böyük Britaniya oxucusunu hansı mövzu daha çox narahat edir - Saranın ölümü, yoxsa Kosovanın məsələsi?

- Məncə, Saranın ölümü. Saranın ölümü uşaqların gələcəyi ilə bağlı keçirdikləri narahatçılıqdır. Birbaşa öz həyatları ilə bağlı olan hadisələr onlar üçün daha maraqlıdır.

- Sədaqət xanım, söhbətinizdə sosial məsələlərə toxundunuz. Yüksək həyat səviyyəsi imicinin arxasında britaniyalıların yaşayış tərzi necədir?

- Orada həyat səviyyəsi yüksəkdir. Ancaq kasıblar, işsizlər də var. Düzdür, nə qədər yoxsul olsalar da, sosial-müdafiə sistemi o dərəcədə inkişaf edib ki, yoxsullar belə normal yaşayırlar. Ailə üzvlərinin sayına uyğun dövlətdən müavinət alırlar. Gəlir mənbəyi olmayan və yaxud az gəlirli ailələri hökumət rəmzi qiymətə yaşayış yeri ilə təmin edir. Bu sistem Britaniyada bir gecə ərzində yaranmayıb. Bu ənənələrin bünövrəsi orta əsrlərdən qoyulub. Xeyriyyə şəbəkəsi genişdir. Bütün bunlar həyat tərzinin və düşüncənin təzahürüdür.

- Azərbaycanda son illər "sarı mətbuat" meydana çıxdı. ona münasibət birmənalı deyil. Bu mərhələni arxada qoyan Britaniyada "sarı mətbuata" münasibət necədir?

- "Sarı mətbuat" anlayışına, Britaniyada belə qəzet-jurnallara “tabloids” deyilir. Bura ilə müqayisədə çox fərqlidir. Məsələn, “tabloids”da kifayət qədər ciddi bir materialın yanında yarıçılpaq bir qızın şəkli verilə bilər. Peşəkarlıq və mətbuat haqqında olan bütün qanunlara riayət etmək onlara da xasdır.

- Ümumiyyətlə, oxucu marağı dərəcədədir?

- Kifayət qədər oxucu auditoriyası var. Hansı mətbuatın oxucu auditoriyasının geniş olması barədə fikir yürütmək əsassızdır. Böyük Britaniyada uzun illərdir ki, açıq informasiya məkanı var. Oxucu və tamaşaçı auditoriyası formalaşıb. Bir də ki, Britaniya çox böyük ölkədir. 60 milyona yaxın əhalisi var. Tək Londonda əhalinin sayı 15 milyona yaxındır. Ümumxalq marağına səbəb olan hər hansı bir mövzu gündəmdədirsə, demək olar ki, axşama köşklərdə qəzet tapmazsan. Çox sadə dildə yazırlar və danışırlar. İmkan daxilində mürəkkəb ifadələrdən qaçırlar. Başlıqlara xüsusi əhəmiyyət verirlər. Həm cəlbedici olmalıdır, həm də mövzunu əhatə etməlidir. Ümumiyyətlə, britaniyalılar çox oxuyan xalqdır.

- Bəlkə bu sual ənənələşib. Ancaq geosiyasi vəziyyət elədir ki, ictimai rəy qədər beynəlxalq aləmin münasibəti əhəmiyyət kəsb etməkdədir. Bu baxımdan, Azərbaycan necə tanınır?

- 10 il bundan əvvəl Azərbaycan deyəndə əksəriyyət bu ölkəni tanımırdı. Ancaq indi bilirlər ki, belə bir müstəqil ölkə var.

- Azərbaycan haqqında xəbərlər toplusunda nələr yer alır? Xəbərləri hansı nöqteyi-nəzərdən seçirsiniz?

- Azərbaycanın daxili durumuna təsir edən, regional və dünya əhəmiyyətli hadisələr diqqət mərkəzində durur. Məsələn, qarşıdan gələn parlament seçkiləri çox maraqla izlənilir. Bi-Bi-Si-nin bütün materialları “Dünya üçün, bölgə üçün, ölkə üçün” prinsipindən dəyərləndirilir.

- Sədaqət xanım, Azərbaycanın son illər məruz qaldığı haqsızlıqlar, Qarabağ münaqişəsi barədə dinləyicilərə dolğun məlumat çatdırılırmı?

- Çatdırılır. Ancaq bu xəbərlər gündəlik proqramda yer almır. Böyük hadisələrlə əlaqəsi  və yaxud münaqişənin yeni mərhələsi olanda diqqət ayrılır. Məsələn, neft müqavilələri ilə bağlı Qərb mətbuatında gedən məqalələrdə Qarabağ mövzusuna mütləq toxunulur. Sıravi Britaniya vətəndaşı üçün bu mövzu elə də maraqlı deyil. Ancaq Azərbaycanda biznes və neft maraqları olan dairələr çoxdur. Onlar Azərbaycanla bağlı istənilən hadisə ilə maraqlanırlar.

- Bir anlıq təsəvvür edək ki, Böyük Britaniya vətəndaşıyıq. Sizin xəbərləriniz əsasında yeni-yeni tanımağa başladığımız Azərbaycan haqqında bizdə hansı təsəvvür formalaşır?

- Bilirsiniz, biz heç bir zaman hadisələrə öz münasibətimizi bildirmirik. Yalnız vasitəçi rolunu oynayırıq. Məsələn, parlament seçkiləri ilə bağlı material hazırlananda biz iqtidar nümayəndəsinin də, müxalifətin də, ictimaiyyətin, beynəlxalq demokratik institutların da rəylərini təqdim edirik. Tərəflərin mövqeyini dinləyəndən sonra dinləyici özü aydınlaşdıracaq. Bir sözlə, onlarda belə bir təsəvvür var ki, Azərbaycan keçid dövründə olan bir ölkədir. Demokratiyaya can atır, çətinlikləri də labüddür.

- Dinləyici yanıla da bilər...

- Biz tarazlığın pozulmaması prinsipi ilə hər bir tərəfin öz fikrini bildirməsinə imkan veririk. Məsələn, hər hansı ölkədə “parlament seçkiləri qeyri-demokratik şəraitdə keçir” fikrini irəli sürə bilmərik. Dinləyiciyə bu xəbəri çatdırmaq üçün müstəqil şərhçilərə müraciət edirik. Seçkilərin nə dərəcədə demokratik olub-olmamasını şərhçi faktlarla əsaslandırır və beləliklə, dinləyiciyə doğru məlumat çatdırırıq. İş prinsipi elədir ki, Azərbaycan vətənim olsa da, “ermənilər bizim torpaqları işğal edib” deyə bilmirəm. Buna Bi-Bi-Si prodüseri kimi ixtiyarım yoxdur. Çünki Azərbaycanda da, Ermənistan da xəbər nöqteyi-nəzərindən Bi-Bi-Si üçün eyni məkan olmalıdır. “Bizim torpaqlar” deyəndə isə artıq bir tərəfin mövqeyini müdafiə edirəm. Nə dərəcədə obyektiv fikir olsa da, dalğada subyektiv fikir kimi səslənir. Bu isə Bi-Bi-Si-nin “Tərəfsiz, qərəzsiz” prinsipinə ziddir.

- Ən nəhayət, Sədaqət xanım britaniyalılar barədə nə deyə bilərsiniz?

- Çox sakit həyat tərzi sürürlər. 5 günlük iş həftəsindən sonra iki günlük istirahətlərinin, sözün əsl mənasında, qeydinə qalırlar. Çox mülayim iqlimi var. Havası sakitdir, külək yoxdur. Adətən, ingilislər barədə deyirlər ki, onlar soyuqqanlıdırlar. Ancaq elə deyil. Sadəcə, ingilislər təbiətən çox təmkinlidirlər. Özlərini o yerə qoymurlar. Elə təəssürat oyadırlar ki, kiminləsə söhbət eləməyə maraqlı deyillər. Halbuki, çox tez ünsiyyət qururlar, nəinki özləri, hətta əcdadları, bəlkə də oxucularımıza təəccüblü görünəcək, pişikləri haqqında da həvəslə danışırlar.

S. RƏHİMOVA.