Axşamınız xeyir! Sədaqət İsmayılova “Neft uğrunda mübarizə” silsiləsinin artıq dördüncü verilişi ilə yenə də sizinlədir. Keçən verilişimizi biz Birinci Dünya müharibəsi və böyük inqilab astanasında saxladıq. Birinci Dünya müharibəsi neftə yeni əhəmiyyət verdi. İndən belə neft qırıcı təyyarələr, tanklar, hərbi gəmilər və digər nəqliyyat vasitələrində işlədilməyə başlandı. Dünyanın siyasi mənzərəsi dəyişdi. Dördüncü veriliş - Neftin yeni strateji əhəmiyyəti.

Balkanlarda balaca Sarayevo şəhərindəki Latın körpüsündə atılan iki güllə dünyanı neçə il sürən qanlı, alovlu, qovğalı, faciələr və təxribat dolu müharibəyə sürüklədi. Birinci Dünya müharibəsi başlandı.

Rusiyanın əsas duru yanacaq mənbəyi olan Bakı bu müharibədə diqqəti xüsusi cəlb edən şəhərlərdən biri idi. Alman imperializmi,  eləcə də Rusiyanın müttəfiqi ingilis imperializmi qara qızıl xəzinəsinə var qüvvələri ilə can atırdılar. Fikirləri gələcəkdə Bakının neft sərvətinə və buradan da bütün Qafqaz mineral-filiz sərvətinə sahib olmaq, sonra da İran, Yaxın və Orta Şərq, habelə Hindistana yol tapmaq idi. Müharibə proletar hərəkatını daha da gücləndirdi, siyasi dəyişikliklər gətirdi. 1917-ci ildə rus çarı devrildi. Leninin bolşevikləri Bakı neftinə can atırdılar. Bakı komunası nefti milliləşdirdi. 1918-ci ildə Bakıda milli hökumət bərqərar olduqdan sonra neft hasilatı və satışı bir müddət ingilislərin nəzarəti altına keçdi. Həmin il İngiltərədə çıxan “Near East” jurnalı yazırdı: “Neftə gəldikdə, Bakıya çatan yoxdur. Bakı dünyanın ən böyük neft mərkəzidir. Əgər neft kraliçadırsa, Bakı onun taxt-tacıdır...”

İngilislər neft sənayesini yenidən özəlləşdirdilər, xarici sahibkarların faizlərini qaytardılar. Lakin bolşeviklər Bakı neftindən əl çəkmək fikrində deyildilər. Aprelin əvvəllərində Moskva Sovetinin fövqəladə plenumunda çıxış edən Lenin deyirdi: “Yanacaqsız heç bir imkanımız yoxdur. Bakı neftini ingilislər əlimizdən alıblar. Yanacaqsız nə sənaye, nə də dəmir yolu işləyə bilmir... “

Belə bir fikir var ki, Azərbaycan Milli dövlətinin möhkəmlənməsində Bakı neftinin köməyi az, lakin süquta yetməyində rolu böyük olmuşdu. Belə bir fikir söyləyənlərdən biri moskvalı professor Saleh Əliyevdir: “Rusiyanın ən böyük neft yataqları Bakıda yerləşirdi. Ona görə də Bakı nefti olmasa idi, Rusiya sənayesi işləyə bilməzdı. Yadınızdadırsa, Brest-Litovsk sülh müqavıləsinə bir böyük bənd əlavə edilmişdi. Bolşeviklər Bakıya nəzarət etmirdilər, lakin Almaniya Moskva, bolşevik hökuməti, sülh üçün cox önəmli olduğundan  müqavılədə yazılmışdı ki, Bakı neftinin dördə biri almanlara veriləcək.

Azərbaycan dövlətinin mühüm və vacib problemlərindən biri neft məsələsi idi. Bir tarixçi kimi mənə elə gəlir ki, o zamankı  Azərbaycan dövləti bu problemin vacibliyini axıra qədər başa düşməmişdi. Gərək onlar ilk növbədə Rusiya ilə bu məsələni həll etməyə çalışaydılar. Heç olmasa, ilk vaxtlar neftin çox hissəsini Rusiyaya verəcəklərini vəd edib bu təhlükəni özlərindən bir qədər uzaqlaşdırmalıydılar”.

Bəs ingilislər nəyə görə Bakı neft mədənlərini əldən verdilər, onların burada qalmaq şansları vardımı? Professor Saleh Əliyev: İngilislərin o zaman Qafqazda mövqelərini möhkəmləndirmk şansı var idi. Amma sonradan məlum oldu ki, bu şanslar zəifdir. Bunun bir neçə səbəbi var idi. Birincisi odur ki, İranda ingilislərə qarşı güclü xalq hərəkatı var idi, yəni ingilislər Hindistandan və digər yerlərdən çoxlu qoşun göndərə bilməzdi. İngilislər o zamanlar Osmanlı imperiyasının tərkibində olan Mosulda və ən başlıcası Fars körfəzində yerləşən Abadan yarımadasında olan neftdən sənaye məqsədilə istifadə etməyə başlamışdılar. Ona görə də ingilislər üçün İranın çox mühüm əhəmiyyəti var idi. Yəni Qafqazda, mövqeyi möhkəm olmayan Azərbaycanla münasibətlərin yaxsılaşması ingilislər üçün ümdə məsələ deyildi. İkincisi isə, o zamanlar İngiltərədə böyük tətillər olurdu. Ona görə də ingilislər çox ağıllı siyasət yeridirdilər. Onlar Azərbaycandan getməyə məçbur oldular və bunu qısa zamanda etdilər”.

1920-ci ilin aprelin 26-dan 27-nə keçən gecə başda III İnternasional olmaqla zirehli qatarlar Samur körpüsünü keçib Bakıya doğru irəliləməyə başladı.

Qatarda silahlı əsgərlərlə birlikdə Aleksandr Pavloviç Serebrovki də gəlirdi. Vladimir İliç Lenin ona fövqəladə səlahiyyət verib, Azərbaycan neft komitəsinin başçısı təyin etmişdi. Həmin gündən, etibarən Azərbaycan neftinin yeni dövrü başlandı. Bolşeviklər Bakıya aprelin 27-də daxil oldular, aprelin 30-da isə artıq Azərbaycan nefti Rusiyaya daşınmağa başlandı. Mayın 16-na kimi 5,3 milyon puddan çox neft məhsulu daşındı. Neft sənayesi yenidən milliləşdirildi. Bakı mədənlərinin əksəriyyəti əllərində olan xarici sahibkarlar sovet neftinin müştərisi statusunda məhdudlaşdırıldılar. Əsas xarici sahibkarlar isə, Nobel qardaşları və Royal Datç Şell qrupu idi. “Prayz” kitabının müəllifi Daniel Erqin: “Bolşevik inqilabının sonu görünmədiyindən onlar Parisdə, bir mehmanxanada yığışıb Rusiyadakı öz neft imperiyalarını geri qaytarmaq haqda fikirləşirdilər. Çıxış yolunu Bakıda onlara məxsus olan neft mədənlərini çox aşağı qiymətə Nyu-Cersidəki “Standart Oyl” şirkətinə satmaqda gördülər. “Standart Oyl” anlayırdı ki, burada risk var, lakin "Royal Datç" qrupunun rəhbəri deyirdi ki, altı aya, bir ilə Rusiya bolşeviklərdən təmizlənəcək. “Standart Oyl” Rusiyanın neft sənayesində iştirak etmək imkanını əldən vermək istəmədiyindən səhmləri aldı. Bir neçə ildən sonra onlar başa düşdülər ki, çoxlu pul və vaxt aparmış bu ideya o qədər də yaxşı deyildi. Boşeviklər meydanı tərk etməyə tələsmirdilər”.

Xarici sahibkarların sözün əsl mənasında kapitalı, əlbəttə, batmadı. Bakı Dövlət Universitetinin professoru Süleyman Əliyarlı: “Bu kapital, təbii, Bakı banklarında, ya da sandıqlarında saxlanmırdı. Peterburq və Avropanın banklarındakı seyflərdə saxlanırdı. İtirdikləri isə böyük kapital, Qızıl fond idi, yənu mədənlər, neftli torpaqlar, fabriklər, zavodlar, dəmir yolları, kəmərlər, gəmilər idi”.

Bakıdakı var-dövlətlərindən kompensasiya ödənilmədən məhrum edilmiş xarici sahibkarların getməyə yeri var idisə, yerli neftxudaların vətəni Bakı, Azərbaycan idi. Şura hökuməti onların nəinki mədən, zavodlarını, hətta yaşadığı evlərini müsadirə etdi. Çoxları buna dözməyib, Azərbaycanı tərk edib yad ölkələrə mühacirət etdi. Lakin Bakıda qalanlar da oldu, o cümlədən Hacı Zeynalabdin  Tağıyev. Yazıçı Manaf Süleymanov: Hacı getmədi. Dedi, mən vətənimdə öləcəyəm. Onun qızını Buxara əmiri oğluna istəyirdi. Hacı dedi, mən balamı özümdən ayıra bilmərəm. Buxara əmiri dedi ki, çit  fabrikini Daşkənddə, Xivədə, Səmərqənddə tikdir. Bizdə pambıq çoxdur. Hacı demişdi ki, mən nə tiksəm, Bakida tikəcəyəm. Azərbaycanda tikəcəyəm. Balaca qızı Sürəyyəni Nuru Paşa istədi. Türk islam ordusunun baş komandanı. Hacı demişdi ki, kənara övladımı verə bilmərəm. Burada qalmalıdı. O, məmləkətinə bağlı idi, torpağına çox bağlı idi.” Manaf müəllimin daha bir xatırəsi: “Soruşurlar ki, Hacı nə fikrə getmisən? Deyir, nə vaxtdır başımdan bir fikir çıxmır. Hacı deyir ki,  birinci gün işə gedib palçıq daşıdığım gündən indiyədək qazandığım da, verdiyim də, satdığım da, bağışladığım da yaxşı yadımdadır. Birinci gün  6 qəpik almışam, ondan sonra milyonlar qazanıb xərcləmişəm. Yadımdadır. Satdıqlarımın hamısı yadımdadır. Amma heç yadıma düşmür ki, fabrikimi Leninə haçan satmışam. İndi mənim adımı çıxarıb onun adını vurublar”.

Şura hökuməti bu ailə necə rəftar etdi? Bu ailənin sonrakı taleyi necə oldu?

Səfiyə xanım Tağıyeva bizə o uzaq illərin xatirələrini, yaddaşında saxladıqlarını danışır: “Mən Sara Tağıyevanın qızıyam, Hağı Zeynalabdin Tağıyevin nəvəsiyəm. 1917-ci ildə anadan olmuşam. 79 yaşım var mənim. Anadan olmuşam mən babamın evində, indiki Tarix muzeyində. 20-ci illərdə Şura hökuməti gəlirdi. Danışırdılar ki, bolşeviklər gəlir. Şaumyan ortalığa çıxdı. Onda atam babama dedi ki, gəl bir az pul köçürək xaricə. Babam dedi: "Yox, bir qəpik də heç bir yana köçürdən deyiləm. Bütün pullar, nəyim varsa, Bakıda qalacaq. Mən özüm də Bakıda qalacağam". Gedənlər çox idi. Gedən getdi. Ənzəliyə qaçdılar. Xalam getdi Parisə. İndi hamısı Türkiyədə yaşayırlar.

Çox yaxşı yadımdadır ki, otaqların hamısını açarla bağlayıb möhürlədilər. Komissiya gəlmişdi. ÇK-dan da gəlmişdilər. O, çox gözəl yadıma gəlir. Hamımız oturmuşduq aşağıda, vestibüldə, anam, babam, atam, nənəm, mən də onlarla bir yerdə. Vestibüldə gözləyirdilər ki, Nərimanov gəlib bizi aparacaq”.

Hacı Zeynalabdinin vəfatından sonra da ailənin fəlakətləri qurtarmadı. Onlara hamı xalq düşməni kimi baxırdı və onlarla belə də rəftar etdilər. “Atamı birinci dəfə apardılar qazamata 1936-ci ilin axırında. Ikinci dəfə 41-ci ildə. Müharibənin altıncı günündə. Daha onu görmədim. Anamı iki il qazamatda saxladılar. Məni də Sibirə göndərdilər balaca uşaqlarımla. 41-ci ilin iyulunda məni çağırdılar NKVD-nin podvalına,   24 saat vaxt verdilər, göndərdilər Sibirə. Çox əziyyət çəkdik. Sonra Bakıya qayıda bilmədik. Mir Cəfər bizi Bakıya qayıtmağa qoymurdu. Bakılılar Bakısız dolana bilmirlər. 48-ci ildə gizlicə 2 günlüyə gəldim Bakıya. Getdim Mərdəkana. Orada babamın qəbri var. Kommunist küçəsi ilə gedirdim, ağlayırdım. O qədər Bakı üçün darıxmışdım ki! Çox darıxmışdım.  Amma qalmağa qoymadılar, qaytardılar.

Sonra Sibirdən Aşqabada köçdük. Dedik, bir tərəfi Xəzər dənizidir, oradan Azərbayçana keçərik. 90-cı illərdə Bakıya gəldik”.

Səfiyyə xanım babasının evində yaşadığı günləri, Nobellərin onlara qonaq gəlməsini, xeyriyyə məclislərini, babasının dizləri üstündə oturduğunu xatırlayır. “O vaxtlar heç kimdə özügəzən və danışan kukla yox idi. Gözlərini də açıb bağlayırdı, “mama” deyirdi. Hamı təəccüb qalırdı. Onu Parisdən gətirmişdilər”.

İllər keçdi, tanınmış xeyriyyəçi, mesenat, vətənpərvər Hacı Zeynalabdinin xidmətləri lazımınca qiymətləndirildi, adı bərpa oldu, ona, nəhayət, başdaşı, heykəl qoyuldu...

Oktyabr inqilabı ilə xarici neft sahibkarları diqqət və cəhdlərini Meksika yataqlarına yönəltdilər. “Neft və qüdrət” kitabının müəllifi professor Piter Odell: “Birinci Dünya müharibəsindən sonra beynəlxalq bazarlarda Meksika neftinə ehtiyac çox duyuldu. Lakin Meksika inqilabından sonra şirkətlər hiss etdilər ki, inqilab nəticəsində onlar bayıra atıla bilər, buna görə də  yataqları daha da amansız istismar etməyə başladılar. Meksika neftinin istehsalı ən yüksək nöqtəyə çataraq, 1920-1923-cü illərdə 25 milyon tona çatdı və bununla ABŞ-dan sonra ikinci yerə çıxdı”.

ABŞ həm aparıcı istehsalçı, həm də böyük istehlakçı idi. Amerikanın qorxusu neft tarixində tez-tez təkrarlanan neft çatışmazlığı və ya əksinə yanacağın ifrat dərəcədə artıq olması idi. Dostor Daniel Erqin: “Birinci Dünya müharibəsi bitdikdən sonra bütün ölkələrin hökumətləri dedilər: Aman Allah, neft necə də vacibdir! O, millətləri idarə etməyə bir qüvvədir! Hamı elə fikirləşirdi ki, gələcəkdə neft çatışmazlığı baş verə bilər. Axı amerikalıların gözü qorxmuşdu. O vaxtlar ki, neft hələ Pensilvaniyada çıxırdı, bir nəfər demişdi: Allah göstərməsin ki, Pensilvaniyadan savayı başqa bir yerdə neft tapılsın. Birinci Dünya müharibəsindən sonra isə hamı qorxu içində fikirləşirdi: "Aman Allah, tapılmalı olan bütün neft artıq tapıldı”. Amerikanın geoloji axtarışlar şöbəsinin rəisi deyirdi ki, Amerikada neft tükənəcək”.

Meksikada inqilab baş verdikdən sonra oranı tam təhlükəsiz hesab etmək olmazdı. Lakin yaxınlıqda neftlə zəngin olan Venesuela var idi. Odur ki, şirkətlər üzünü Venesuellaya tutdular. Tez bir zamanda Venesuela Meksikanı qabaqlayaraq ikinci neft istehsalçısı kimi irəli çıxdı. Maraqlıdır ki, şirkətlər Venesuelada bir dənə də olsa, neft emalı zavodu tikmədilər. Bəs yaxın Şərqdə neft axtarışları nə yerdə idi? Birdən elə düşünərsiz ki, Yaxın Şərq nefti o dövrdə əhəmiyyət kəsb etmirdi. Əsla! İngilis-Fars neft şirkəti İranda nefti intensiv surətdə istismar edirdi. Lakin Körfəzdə neftin olması hələ məlum deyildi. Bu regionda əhəmiyyətinə görə ikinci yeri indiki İraq tuturdu. Niyə indiki, ona görə ki, Birinci Dünya müharibəsi nəticəsində Osmanlı imperiyası dağılmamışdan əvvəl o, türk ərazisi idi və burada beynəlxalq neft şirkəti yerləşirdi. Britiş-Petroleum şirkətinin tarixçisi d-r Bamberq:İndiki İraqda bir çoxları - alman, holland əlbəttə ki, İngilis-Fars şirkətləri neft konsessiyasında maraqlı idilər. Bu marağın nəticəsində hələ 1914- ildə Türk neft şirkəti yarandı. Lakin sonralar, müharibədən sonra, şirkətin tərkibi nəzərə çarpacaq dərəcədə dəyişdi. Məğlub olmuş Almaniyanın yerinə fransızlar keçdilər. Daha sonra Amerikanın neft şirkətləri Dövlət Departamentinin dəstəyi ilə Yaxın Şərqdə səhmlər almağa başladılar 1929-cu ildə beynəlxalq şirkətə daxil oldular. Bu vaxtlar şirkətin adı  dəyişib “İraq Petroleum” oldu”.

Bu, dünya neft sənayesində əsl dönüş nöqtəsi oldu, çünki Yaxın Şərqdə neft sənayesinin inkişafına təkan verdi. İranda verilən konsessiya İraqdakından fərqli idi. İranda konsessiya yalnız İngilis-Fars şirkətinə verilmişdi, ikinci halda isə - konsorsiuma. Lakin bu iki amili birləşdirən o idi ki, hər iki ölkədə İngiltərə böyük nüfuza malik idi. Bəs Amerika neft şirkətləri belə halda özlərini necə qoruyub saxlayırdılar? Professor Cefri Cons: Britaniyanın rəsmi şəxsləri fikirləşirdilər ki, əgər amerikalıların öz neft mədənləri varsa, onda onlar üçün Yaxın Şərqdəki mədənlərdən pay almağa can atırlar? Buna baxmayaraq, ingilislər amerikalılara uyğunlaşmağa çalışırdılar. Çünki ingilis-amerika münasibətlərini neftə görə korlamaq istəmirdilər. Lakin 1920-ci illərin sonunda vəziyyət dəyişdi. Dünya bazarında ifrat neft məhsulu var idi, odur ki, neft ehtiyatları uğrunda mübarizənin siyasiliyi azaldı. Əlavə olaraq, Amerika İngiltərə neft maqnatları bir-biriləri ilə sıx əlaqəyə girdilər”.

Aparıcı neft şirkətlərinin münasibətləri qorxunc görünə bilərdi. Onlar arasında ciddi rəqabət vardımı? Bu, neft sənayesində yeni mövzu deyildi. Hətta zarafatla deyirdilər ki, danışıqlara yığışanda şirkətlər pişiyə oxşayırdılar: bilmək olmurdu ki, onlar vuruşur, yoxsa sevişir...

1928-ci ildə Aknakkari razılaşması əldə olundu. "Britiş-Petroleum" şirkətinin tarixçisi d-r Bamberqin dediyinə görə, “Şotlandiyanın Aknakkari qəsrində imzalanmış bu razılaşma böyük şirkətlər arasında dünya neft bazarlarını bölüşdürmək haqqında əməkdaşlıq demək idi. Bu müqavilə neft sənayesində beynəlxalq neft kartelinin rəmzinə çevrildi”.

Bəli, dünya neft tarixində yeni bir mərhələ başlayırdı - ümumi mənafelər naminə neft şirkətləri arasında əməkdaşlıq. Lakin bir ölkə - Sovetlər ölkəsi - bu əməkdaşlıqdan kənarda dururdu. XX əsrin ilk dekadalarında Azərbaycan neft sənayesinin inkişafı, dünya neft sənayesindəki hadisələr barədə biz növbəti verilişimizdə danışacağıq. Neft uğrunda mübarizə hələ davam edəcək!