Musiqi. Radio işləyir. Qapının zəngi çalınır.

Ayan:  Məni seçdilər! Məni seçdilər sinifkom! Nənə, mama!

Dilarə: Gözümüz aydın! Bəlkə bir mitinq keçirək bu münasibətlə?

Nənə: Yaxşı, ay qız! Bir uşağa qulaq as! Yenə başını soxmusan o televizorun içinə.

Dilarə: Ayan, bir çıx balkona. Bax ordan, gör atan həyətdədir?

Ayan:  Elə aşağıdan gəlirəm də, mama. Papa İskəndər əmi ilə söhbət edir.

Dilarə. İskəndərə ilişdisə, onda uzun çəkər.

Musiqi. Həyət. Kişilər nərd oynayır.

İskəndər: Hə, gözün aydın, qonşu, oğlun  da gəlib!

Fikrət: Sağ ol! Sağ ol!

İskəndər: Amma inanmıram ki, burada çox qalsın.

Fikrət: Niyə?

İskəndər: Onun yerinə olsaydım, canın üçün, (pıçıltı ilə) adımı da, dinimi də, dilimi də dəyişib orada qalardım.

Fikrət: Oğluma “dönük” desinlər?

İskəndər: Məgər dönük rüşvətxordan pisdir? Özün də prezident seçkilərinə hazırlaşırsan?

Fikrət: Ay İskəndər, nə prezident, prezident deyirsən? Məgər prezident deyir ki, rüşvət verin! Məgər prezident əmr verir ki, üçüncü mərtəbədən zibili camaatın başına atın! Avtobusların, tramvayların oturacaqlarını kəsib xarab edin! Prezident deyir ki, səhərdən-axşama qədər məni tərifləyin! Yox! Prezidentin gördüyü işlər göz qabağındadır!

İskəndər: Məsələn?

Fikrət: Məsələn, zibilli bazarların yerində neçə-neçə bağ saldırıb.

İskəndər: Bura bax, Fikrət, millətə o bağlar yox, bircə bağ lazımdır. Qarabağ!

Fikrət: Eh, mən gedim! Səninlə çənə vurmağın xeyri yoxdur. Mən getdim. Evdə gözləyirlər.

Ev

Fikrət: Murad gəlib?

Dilarə: Yox, hələ gəlməyib.

Fikrət: Hə, belə də vicdansızlıq olar? Mən səhərdən durub getmişəm bunun üçün iş düzəltməyə. O da özü üçün avaralanır orda-burda.

Nənə: İskəndərlə deyişib niyə yenə cinlənmisən?

Fikrət: Murad bütün günü Anarla barda olub. Oturub cintonik içiblər.

Dilarə: Əşi, sən haradan bilirsən nə içiblər? Olmaya yenə adam salmısan uşağın dalınca?

Nənə: Hə, Fikrət, sən atanın goru? Yenə gicbala Hacını göndərmişdin? Sənin atan gündən-günə zaylanır, bala. Səninləyəm, e Ayan!

Fikrət: O Anar çox içir son vaxtlar. Murada da ciddi nəzarət lazımdır bundan sonra.

Nənə: İndi o Hacını göndərdin ki, onların içdiklərini saysın? Deyirsən, neçə ton içiblər?

Fikrət: Əşi, mən “ton” demədim, “cintonik” dedim!

Nənə: Hə, cin tonu! Ayan, bir cin tonu neçə ton eləyir?

Ayan gülür.

Dilarə: İçər də, içməsin neynəsin? Qalıb işsiz-gücsüz.

Telefon zəngi.

Fikrət: Qasım, hə, hə, bilirəm. Yox əşşi, hələ gözləmə. Heç evə gəlib ki, deyən olsun ona! Sabah səhər-səhər yanında olacaq. Hə, Hə. Yaxşı. Sağ ol. Hə, ay çox sağ ol!

Fikrət: Görürsən, Dilarə, Qasım indiyəcən oturub onu gözləyir, o boyda adam!

Nənə: Qasım? Qasım o madmazel Qasım deyil?

Fikrət: Bəsdir, ay ana! Məndən nə istəyirsən, axı?

Nənə: O bəyəm kişidir, adə?

Fikrət: Yaxşı da!

Nənə: Qasım kimiləri kişi olanacan kişilik moddan düşəcək!

Fikrət: Ana, sən Allah, bəsdir!

Nənə: Bir qarış boyu var. Bir qapazlıq. Qasım. Qasım.

Fikrət: Yaxşı da, ay ana! Dedim, bəsdi!

Nənə: Yaxşı, adə. Qışqırma! Özü də çox soncuqlama Məşədi İbadın hambalı kimi! Murad onsuz da sən düzəldən işə getməyəcək!

Telefon zəngi.

Fikrət: Alo, sənsən, Murad? Hə, axşamın xeyir! Anargildəsən? Səsinə nə olub? Elə bil morqdan danışırsan! Dilarə, deyir, Adilə xanım sənə salam göndərir.

Dilarə: Sağ olsun!

Fikrət: Daha ləngimə orada. Bu saat taksiyə otur gəl!

Musiqi. Radioda seçkilər barədə veriliş var. Qapının zəngi çalınır.

Dilarə: Hə, Murad gəldi, deyəsən. Ayan, qızım, bir aç qapını.

Murad: Salam!

Ayan: Məni seçdilər e, Murad! Gizli səsvermə yolu ilə.

Nənə: Gizlənib səs verirdilər?

Ayan: Yox e, nənə! Gizli səsvermə, yəni heç kəs kimin kimə səs verdiyini bilmir.

Murad: Alternativsiz seçildin?

Ayan: Yox. Demirəm, 3 namizəd idik. Asif son məqamda dedi ki, istəmir sinifkom olmaq. Qaldıq mənimlə əvvəlki sinifkomumuz Samirə. Samirə də cəmi 13 faiz səs toplamışdı.

Nənə: Qaragün uşaq. Onunku elə əvvəldən nəhs gətiribmiş!

Ayan: Amma dəridən qabıqdan çıxdı ki, uşaqlar ona səs versinlər. Uşaqları qorxudurdu ki, mənə səs verməsəniz, onda özünüzdən küsün! Yaxsı ki, Fuad müəllim seçkilərin qaydalarını bizə izah etmişdi. Demişdi: (yamsılayır) Uşaqlar, seçkilərdə heç bir təzyiq olmamalıdır. Hərə istədiyi namizədə səs verə bilər. Kimin haqqı nə idi ki, sonra o adamı gözümçıxdıya salsın! Hə nənə, seçkilərdən sonra Samirə qızlara deyib ki, hə, indi gedin təzə sinifkomunuza xidmət edin. Onun yoxlama işlərini yazın, evdən gətirdiyiniz mer-meyvəni ona verin, çantasını daşıyın. Mən də dedim ki, onlar mənə səs veriblər ki, mən onlara xidmət edim, onlar mənə yox!

Nənə: Maşallah! Maşallah! Deyirəm, ay bala, bizim hökumət də sənin kimi düşünsəydi, daha nə dərdimiz var idi? İndi görək də dalında duracaqlar?

Murad: Nənəcan, o ki özləri seçiblər, demək dayanacaqlar!

Ayan: Heç bilirsiniz nə qədər əl çaldılar?!

Nənə: A, bizim xasiyyətimizdir də. Bu bizim millətin xasiyyətidir! O qədər əl çalırlar, əl çalırlar ki, birini qaldırırlar göyə, sonra ordan əl çala-çala təpəsi üstə çırpırlar yerə. (Gülür)

Dilarə: Nə yeyəcəksən, Murad? Salat gətirim? Yaxşı kotletimiz var.

Murad: Hələlik bir stəkan su içərəm. Ürəyim yanır.

Fikrət: Yanar da! Səhərdən barda oturub cintonik içirsən dostunla!

Murad: Sən mənim barda nə içdiyimi hardan bilirsən? Doğrudan, o adam Hacı imiş? O, eşmə bığ. Hacı dayının öz bığıdı, yoxsa onu da sənin göstərişinlə yapışdırmışdı? Axı, o vaxtlar Hacı dayı heç bığ qoymurdu?

Fikrət: O vaxtlar heç Amerikada oxuyan yox idi. Amma indi, maşallah, millətin yarısı orda oxuyur!

Nənə: Gorbaçovun Allah belini qırsın! Bu milləti, deyirəm, necə tökdü çölün düzünə.

Murad: Elə birinci gündən mənə şpion qoyduğuna görə çox sağ ol, papa! Daha sənə sözüm yoxdur!

Fikrət: Nə bilirsən, bəlkə şpion yox, cangüdən qoymuşdum! Sən mənim yeganə oğlumsan! Bir də ki, bu şəhərdə məni istəməyən az deyil.

Murad: Başa düşmədim, papa. Məgər sən narkobos-zad olmusan!

Nənə: Bilmirsən bəs? Həri, həri! Ondandı. Yaman markabazdı. Sənin o göndərdiyin məktublar var ha, o boyda kişi markasını kəsib saxlayır evdə.

Musiqi.

Fikrət: Gəl qısa danışaq. Bu gün mən də bərk yorğunam. Sabah gedərsən Qasım əminin yanına. Qasım əmi böyük bir şirkətdə ikinci adamdır. Danışmışıq. Özü maşın göndərəcək dalınca.

Dilarə: Hə, bala, nə qədər tez işə girsən bir o qədər yaxşıdır. Bu gün sabah seçkilərdir. Dünyanın işini bilmək olmaz.

Murad: Qasım əmi mənə nə iş düzəldir?

Fikrət: Qasım əminin yanında menecer işinə girirsən. Böyük şirkətdir. 30-dan çox xarici ölkə ilə əlaqəsi var!

Murad: Menecerlik mənim sənətim deyil, ata! Mən informasiya texnologiyaları üzrə mütəxəssisəm. Menecerliyi Anar oxuyub. İl yarımdır işsizdir. Nə olar onu düzəlt də ora! Elə bil ki, məni düzəltmisən.

Fikrət: Hələ sən get düzəl ora. Sonra dostuna da bir iş tapariq.

Nənə: Hə, ölmə eşşəyim ölmə, yaz gələr, yağış yağar...

Fikrət: Ay ana bəsdir!

Murad: Qəti sözümdür, ata! Mən özüm işə düzəlmək istəyirəm. İstəyir inci, istəyir incimə! Mən hələ Texasdan bir neçə xarici şirkətə CV-lərimi göndərmişəm. Hara çağırsalar, gedib orada da işləyəcəyəm.

Fikrət: CV nədir?

Murad: CV mənim barəmdə məlunat. Bioqrafiyam, ixtisasım, ümumiyyətlə özüm barədə məlumat...

Fikrət: Yaxşı-yaxşı sayıqlama! Sənin nə yaşın var ki, nə bioqrafiyan olsun! Bioqrafiyasına bir bax bunun! Bəs çağırmasalar, onda necə?

Murad: Çağırarlar, narahat olma!

Fikrət: Sabah sən mütləq getməlisən ora!

Dilarə: Get, bala, tərslik eləmə!

Nənə: Yaxşı da. Murad nənəyə qulaq as! Bunlar onsuz da bərk əl-ayağa düşüblər, xərc çəkəcəklər. Sən gəl mən deyənə qulaq as, arvad al, evlən, başın qarışsın, ondan sonrasına Allah kərimdir! (Gülür) Sonrası Allah kərimdir! Deyirəm, bəlkə eləsini alacaqsan ki, heç işləmək lazım olmayacaq sənə!

Ayan: Gəlin səsə qoyaq! Gizli səsvermı yolu ilə!

Fikrət: Pah atonnan! Elə bu da bütün günü səsvermədən danışır.

Televizorda serialın musiqisi və titrlər.

Nənə:  Dur gedək, dur gedək. Qvadelupa başladı! Dünən öpüşən yerində qaldıq

Fikrət: Yox bir Lissabon başladı!

Musiqi.

Dördüncü hissə.

Musiqi. Mahnı. Radioda Heydər Əliyev çıxış edir: “Görülən işlər və əldə edilən nəticələr  yalnız və yalnız Azərbaycanın müstəqiliyinin nəticəsidir.  Azərbaycan dövlətinin bu müstəqillikdən istifadə edərək apardığı doğru, düzgün siyasətin nətəcəsidir ki”...

Nənə: Eh. Bu günümüz də belə keçdi. Ayan, ay Ayan!

Ayan: Hə.

Nənə: Bura gəl, görüm. Məni o ingilis dilində yavaş-yavaş öyrət. O günləri həyətdə arvadlar danışırdı. Deyir ki, ingiliscə bilməyənlərə indi pensiya verməyəcəklər. Dörd-beş şirvan pensiya alıram. Onu da heç vaxtlı-vaxtında vermirlər. Birdən lap kəsərlər, qalaram pensiyasız. Gündə bir-iki dənə. Çox yox. Bir-iki dənə söz öyrətginən mənə bəsimdi.

Ayan: Yaxşı da, öyrədim. Bax, nənə, məsələn ingiliscə ataya “faze” deyirlər.

Nənə: “Fazer”, “fazer”.

Ayan: İstəsən, “dədi” də deyə bilərsən.

Nənə: Hə, elə o yaxşıdı. Elə biz tərəflərdə də ataya “dədə” deyirlər. Bura bax, mənə zadı da öyrət.

Ayan: Nəyi?

Nənə: Avtobusu. Ona nə deyirlər?

Ayan: Avtobusa...? “Bas” deyirlər.

Nənə: Bas. Bas. Hə, basabas sözündədir də. Əlbət, o sözü yazan həmişə bizim avtobuslarda gedib (gülürlər).

Nənə: Yaxşı millətdirlər bu ingilislər. Hər şeyin adını özünə qoyurlar.

Dilarə: Görən bu uşaq harda qaldı?

Fikrət:  Bir çıxım həyətə. Bəlkə orada məhəllə uşaqlarına ilişib. Həm də görüm bu seçkilərdən nə danışırlar!

Nənə: Basabas.

Həyət. Maşın səsləri eşidilir.

İskəndər: Eşq olsun!

Fikrət: Hə, axşamın xeyir, qonşu! Necəsən?

İskəndər: Murad bəy hələ buradadı?

Fikrət: Buradadır, burda. Hara gedəsidir ki! Əşi, özündən danış. Eşitmişəm qəzet buraxmağa girişmisən.

İskəndər: Bəs necə! İqtidarın siyasətini darmadığın edirik.

Fikrət: Yenə başladın? A kişi başqa söhbətin yoxdur? Ə bir gəl bizə, oturaq çay icək. Bir yerdə oturaq futbola baxaq. Yarım saatdan sonra başlayır. Bilirsən də, Braziliya ilə Rumıniya oynayır.

İskəndər: Bilirəm, bilirəm. Amma baxmağın nə mənası var!? Onsuz da məlumdur ki, Braziliya udacaq. Bu da sizin bu seçkilər kimi bir şeydir. Onsuz da kimin prezident  seçiləcəyi çoxdan məlumdur.

Fikrət: A, kişi futbol hara, seçkilər hara?

İskəndər: Bilirsən də, braziliyalılar həmişə deyir ki, rəqiblərimiz bizə bacardıqları qədər top vura bilərlər, biz isə istədiyimiz qədər. Elə bizim iqtidar da onlar kimi düşünür. Yəni biz istədiyimiz qədər səs toplaya bilərik, müxalifət bacardığı qədər.

Fikrət: Elə yəqin ona görə də braziliyalılar çempionatı uduzdu.

İskəndər: Amma bizimkilər braziliyalılardan daha məharətlidir. Yaxşı oyun nümayiş etdirəcəksiz seçkilərdə.

Fikrət: Eh, qonşu, biz deyəsən, səninlə heç vaxt konsensusa gələ bilməyəcəyik. Amma  çox heyif, futbola bir yerdə baxa bilərdik.

Musiqi. Evdə.

Dilarə: Saat bir oldu. Bu uşaq harada qaldı? Onun belə gec gəldiyi yox idi. Deyirəm, birdən o Anarla içər e, başına bir iş gələr.

Dilarə: Ayan, Ayan!  Tap görüm o Anargilin telefonunu. Bir zəng edək, görək bunlar harada qaldı?

Ayan: Yoxdur, e, bloknotların hamısına baxdım. Anargilin nömrəsi yoxdur heç yerdə.

Dilarə: Bəs harada qaldı bu uşaq? Saat bir olub. Adreslərini bilmirəm gedib görəydim nə oldu balama.

Ayan: Ana, Anargil deyəsən Akademqorodok tərəfdə olurlar.

Nənə: Bəsdi da. Darqursaqlıq eləməyin! Gələcək də. Harada olsa, gələcək. Gələr çıxar. Bilmir, ee! Bilmir ki, kağızı göndəriblər. Bilsə, uça-uça gəlmişdi. Ayan orada nə yazıblar? Deyirlər ki, Murada yaxşı iş verəcəklər?

Ayan: Hə, verəcəklər. Götürsələr. Götürsələr, lap yaxşı iş verəcəklər. Hələ söhbətə çağırırlar.

Nənə: Ayan, o, söhbəti ingiliscə edəcəklər?

Ayan: Hə də, nənə, yəqin ingiliscə edərlər!

Nənə: Hə. Basabas.

Qapının zəngi çalınır.

Dilarə: Muraddı yəqin. Qurban olum mən sənə,Murad. (Dəstəyi götürür). Sənsən, Fikrət? Yox, Murad hələ gəlməyib.

Radionun səsi. Diktor sabahın proqramını oxuyur.

Dilarə: Bəlkə polisə zəng edək.

Ayan: Eləmə. Heç yerə zəng eləmə. Bu saat gələcək Murad!

Dilarə: Allah ağzından eşitsin. Bala!

Fikrət: O validoldan birini ver görüm.

Nənə: Ay darqursaq, ay darqursaq! A balam, kişi evə gec gələr də. Kişi məgər toyuqdur ki, səhərdən-axşamacan qırt otursun evdə. Əh! O zaddan danış den rajdennikdən. Qasımın. Madmazelin  ad günü nə təhər keçdi? Deyirəm, yaxşı oldu, e, Murad balam gedib kişi madmuazelin ümidinə qalmadı. Bu de e, kişi kimi gedib özünə iş tapdı.

Fikrət: Kim iş tapıb, ay arvad. Murad məgər özünə iş tapıb?

Nənə: Ay qız, get o kağızı gətir atan baxsın!

Ayan: Papa, Muradı intervyuya çağırırlar.

Fikrət: Hara çağırırlar?

Dilarə: Solidnı kompaniyadır. Eh nə oldu, bu uşaq gəlmədi!

Nənə: Hə budu kağız. İngiliscə yazılıb?

Ayan: Hə də, nənə, ingiliscə.

Nənə: Onda göstərmə. Atanın elə kağızlardan başı çıxmaz. Atan ingiliscə bir kəlmə söz bilir?

Fikrət: Görürəm bilənlər ağ günə çıxıb, sən də onlardan biri.

Nənə: Mən səndən yaxşı danışıram ingiliscə. Bas - Basabas. Sən heç bunu da bilmirsən.

Ayan: Basabas yox, e nənə, bas! Avtobus!

Nənə: Nə fərqi var, bas, ya basabas. İndi Muradcıyəzim də həmin basabasda gələcək. 

Qapının zəngi. Proqramın oxunuşu bitir. Yavaş-yavaş himn səslənir.

 

Nənə: Bu de, gəldi Murad!  Gördünüz gəldi uşağım!

Ayan: Murad təbrik edirəm, səni intervyuya çağırıblar.

Dilarə: Haradasan bala?

Nənə: Səhərdən hardasan, ay bala?

Fikrət: Təbrik edirəm. Belə gec gəlməkdə xeyir ola?

Nənə: Düz elədin atan deyən yerə getmədin! O arvadağız kişidən hələ heç kəs xeyir görməyib.

Murad: Anar venasını kəsmişdi.

Dilarə: Bıy, can-can!

Fikrət: Ola bilməz  (bu söhbət zamanı Himn səslənir).

Nənə: Can ay bala!

Dilarə: Nə danışırsan, ay oğul?

Fikrət: Harda kəsib ki venasını?

Murad: Evlərində, vanna otağında. Nə yaxşı ki, Adilə xala işdən tez gəlib, yoxsa getmişdi Anar.

Dilarə: Vaxsey, vay-vay, yazıq Adilə!

Nənə: Qaragün.

Fikrət: Anar indi haradadır?

Murad: Evlərində, papa. İndi elə bir qorxulu şey yoxdur. Saat 6-dək bir yerdə idik Anarla. Ayrılandan sonra elə bil ürəyimə damdı ki, Anar nəsə eləyəcək özünə. Yolda bir dostuma rast gəldim, onunla bir az söhbət elədik. Evə dönəndə elə bil mənə dedilər ki, Anarın başında bir iş var. Qayıdıb gördüm ki, təcili yardım dayanıb qapılarında. Apardıq Anarı xəstəxanaya. Venasına tikiş qoydular, gətirdik onu evə.

Dilarə: Can bala.

Murad: Nə olar, papa, Qasım əmi qoy götürsün də Anarı mənim yerimə. Onlara menecer lazım deyil?

Ayan: Hə, papa, zəng elə də Qasım əmiyə!  Tapşani da!

Dilarə: Murad, mama qurban. Sən dur, dincəl bir az. Stress keçirmisən.

Nənə: Fikrət, dur ayağa, zəng elə o mütrüfə. Bu uşağa iş tapmasan, mənim südüm sənə  haram olsun! Hə, Fikrət!

Fikrət: Hə, yaxşı

Fikrət: İmeninnik bir daha salamlar! Hələ yatmamışdın ki? Na vısşem urovne! Qasım, əzizim. Bir şey xahiş eləyəcəyəm səndən.  Murad özünə iş tapıb. Hə, xarici kompaniyadır. Bizim bir uşaq var, onu götürərdin Murada dediyin yerə. Elə menecerliyi qurtarıb. Çox bacarıqlı oğlandır, çox tolkovıdır.  Yox, qohumum deyil. Amma elə bil ki, o da mənim oğlumdur. Muradla 10 il bir parta arxasında oturublar... Yaxşı. Hə... hə... Daha nə deyim, Qasım. Bağışla narahat etdim. Sağ ol!

Dilarə: Hə, nə oldu

Fikrət: Heç.

Nənə: Nə dedi o madmuazel?

Fikrət: Deyir, Fikrət Qəniyeviç, Murad üçün o yer qurbandı, amma başqaları üçün ağız açma. Bah atonnan, bu da mənim 20 il dostluq etdiyim adam!

Nənə: Sənə deyirəm də, sənə deyirəm, Qasım kimiləri kişi olana kimi kişilik moddan düşəcək. Sən də 20 il papağını boş yerə günə vermisən, ay bala.

Murad: Menecer yaxşı vəzifədir. Pul alıb birinə satar o yeri.

Nənə: Həri, həri. Bəs nə?

Fikrət: Sən get o intervyuna hazırlaş. Dilarə, ver o siyirmənin açarını mənə. Murad, oğlum, götür pasportunu. Düz deyirsən, hərə özü öz gələcəyinə səs verməlidir. 

Murad: Sağ ol, papa.

Fikrət: Dilarə! Ana! Elə siz də götürün pasportlarınızı! Sabah seçkilərdir. Kimə istəyirsiz ona da səs verin.

Ayan gülür.

Nənə: Yaxşı da boş-boş dişlərini ağartma. Neçə kərə sənə demişəm qız uşağısan, ağır otur, batman gəl. Dur, ayağa. Qur o mürü-kürünü.

Ayan:  Meray Kerri, ay nənə!

Fikrət: Nə kürü-mürü hayıdır? Gedin yatın, gedin. Sabah seçkilərdir. Görək başımıza nə gəlir.