Musiqi. Məşhur “Bitlz” qrupunun oxuduğu bu mahnını İngiltərədə, demək olar ki, əzbər bilirlər. Bu mahnı poçtalyonlar haqqındadır. İngilis poçtalyonunun mahnılara düşməsi heç də təsadüfi deyil. Onlar bu ölkədə gündəlik adət halını almış əlamətlərdən biridir. Elə ona görə də burada çox vaxt poçtalyonu nəvazişlə “posti” adlandırırlar. Posti mərktubları poçt qutusuna atır. Poçt qutusu deyəndə ki, əslində İngiltərədə adət etdiyimiz qutular yoxdur. Sadəcə olaraq qapıda üfiqi kiçik deşik var. Məktubları da buradan atırlar. Məktubun sonrakı taleyi, o həqiqətən poçt qutusuna düşür, yoxsa xalçanın üzərinə, poçtalyona məlum deyil. Əlbəttə, Londonun küçələrində əsl poçt qutuları var. Bu, iri qırmızı dolablardır. Buraya müxtəlif məktublar atırlar. Terrorçuların göndərdiyi təhlükəli bomba-məktublar olur. Bəzən ardı-arası kəsilməyən məktublar zəncirində məktubun surətini on nəfərə göndərmək xahiş edilir. Belə məktubları hərdən Bakıda da poçt qutusunda tapmaq olur. Kim bilir, bəlkə, bu ənənə Xəzər sahillərinə Dumanlı Albiondan gəlib çatmışdır. “Dear Jon”, yəni “Əziz Con” adlanan məktublar da olur. Onlar yalnız kişilərə göndərilir, ancaq kişilər belə məktublara heç də şad deyillər. Çünki həmin məktubda qadın tam qətiyyətlə kişiyə bildirir ki, artıq onu sevmir. Amma yenə də “əziz” sözü ilə məktubunu başlayır. Ümumiyyətlə, nəzakətli ingilislər düşmənlərinə də məktub yazanda “Dear ser”, yəni “hörmətli, möhtərəm cənab”  deyə müraciət edirlər. Belə ki, əsl ingilis zəhləsi gedən adama nifrətini bildirməli olanda məktubunu təxminən belə başlayır “Əziz, möhtərəm filan-filankəs, siz əclafsınız!” Nəhayət, azmış, yaxud həlak olmuş məktublar da var. Onlar nə göndərilən ünvana çata bilir, nə də geriyə sahibinə qayıda. Amma bu, poçt və ya poçtalyonun günahı üzündən baş vermir. Sadəcə, məktub göndərən nə göndərilən ünvanı, nə də öz ünvanını göstərib. Elə ürəyini kağıza boşaldıb atıb qutuya. Hə, bir də məktub o vaxt çatmır ki, ünvan göstərilməyib. Belə olanda üzərinə “sahibinə göndərməli” sözlərini yazıb geri göndərirlər.  Odur ki, məktub göndərəndə ünvanı düzgün yazın. Yoxsa, Elvis Preslinin mahnısında olduğu kimi naməniz cavabsız qalar. Musiqi. Elə yeri gəlmişkən Azərbaycan bayatılarından biri yadıma düşdü:

Məktub, səni ad eylərəm,

Poçta əmanət eylərəm.

Gedib sahibinə çatmasan

Gör nə qiyamət eylərəm!

İngiltərədə məktub ünvana çatmayanda qiyamət qaldırmaq lazım deyil. Çünki məktub ünvana çox qısa müddətə çatır. Xüsusilə də birinci dərəcəli məktublar - ölkə ərazisində yarım günə-bir günə, kənar ölkələrə bir neçə günə çatır. Odur ki, məktub sahibinin intizarı uzanırsa, bu yalnız cavab verənin diqqətsizliyi ucbatından baş verir.

Poçt qutularına zərflərdən başqa kiçik bağlamalar da atırlar. Onlar xüsusi yumşaq zərflərdə - cifilərdə  göndərilir ki, təsadüfən heç nə sınmasın. Cifilər də adi məktublar kimi ünvana tez çatır.

Azərbaycanda məktubu hərdən “Uç ehtiramla, qayıt salamla” ifadəsi ilə “ofsunlayırlar”. Burada isə ənənəvi olaraq zərfin üstünə “SWK” kəlməsi yazılr. Bu sirli kəlmənin mənası “Sealed With a Kiss”, yəni “incə öpüşlə bağlanıb” kimi tərcümə edilir. Görünür, bu ifadəni açıq yazmağa utancaq ingilislərin cəsarəti çatmır. Belədə isə gənc ledi səhər dəhlizdəki xalçanın üzərində “SWK” kəlməsi olan məktubu  görüb biləcək ki, kiminsə ona ürək sözü var. Musiqi.