Frans Qruberin “Sakit gecə” (Stille Night) adlanan bu əsəri körpəsi üzərində itaətlə baş əymiş gənc ananı göz önündə canlandırır. Əsrlər boyu müxtəlif sənət əsərlərində təsvir olunan bu süjet təxminən 2 min il bundan əvvəl İsa peyğəmbərin anadan olmasını əks etdirir. Onun Allahın oğlu oımasına inananlar  milad günü kilsəyə gedir dəfələrlə eşitdikləri hekayətlərə bir də qulaq asırlar. “Və altıncı ayda Cəbrayil Allah tərəfindən Qaleleyanın Nazaret şəhərinə, Yusif adlı bir nəfərlə nişanlanmış bakirə qızın yanına göndərildi”. (Musiqi. “Ave Mariya” parça səslənir).

   Kasıb yəhudi ailəsindən olan və islam aləmində müqəddəs Məryəm kimi tanınan bu qıza Cəbrayıl xəbər verir ki, ona Allahın oğlunu dünyaya gətirmək üçün imtiyaz verilib. Mələk Məryəmin adaxlısı dülgər Yusifi inandırır ki, Məryəmin hamiləliyi  günahsız və peyğəmbəridir. O da gələcək uşağa atalıq etməyə razı olur. Uşağın doğulmasına lap az qalmış Məryəm və Yusif Roma imperatorunun əmrinə əsasən keçirilən siyahıyaalmaya düşmək üçün Qüds şəhərinin yaxınlığında yerləşən Vifleyemə getməli olurlar. Amma adam çox olduğundan burada gecələməyə yer tapmırlar. Bayram və mərasimlərə həsr olunmuş  kitabın müəllifi Coana Hobl bu hadisəni belə təsvir edir: “Karvansarada yer olmadığından Yusif yer axtarır və pəyəni tapır. Uşaq elə burada anadan olur. Elə həmin vaxt otlaqlarda qoyun otaran çobanlar qəribə bir hadisənin şahidi olurlar. Onlar qəfildən göy üzərində nur saçan və  nəğmə deyən mələk görür. Mələk onlara bu gecə Vifleyemdə Allahın oğlunun anadan olacağını deyirlər. Mələyin göstərdiyi istiqamətə gedən çobanlar orada pəyəni tapır və uşağı görürlər. Onlar uşağın qeyri-adiliyini görür, qarşısında diz çökür və ona sovqatlar bağışlayırlar”. (Musiqi səslənir.)

     İsa peyğəmbərin nə vaxt və harada anadan olduğu hələ tam dəqiqliklə müəyyənləşdirilməyib. Buna baxmayaraq, ingilis keşişi cənab Robert Harrison xristianların buna kifayət qədər tarixi sübut olduğuna inandıqlarını belə izah edir: “Buna aid biz iki çox qədim və mötəbər sənəd əldə etmişik. Hər ikisi I əsrdə xristian müəllifləri tərəfindən qələmə alınmışdır. Onlardan biri, ehtimal ki, hadisə baş verəndən 60 il sonra, ikincisi isə cəmi bir neçə il sonra  yazılıb. Bu sənədlərdə İsanın Vifleyem şəhərində anadan olduğundan danışılır. Amma birində onun pəyədə,  digərində isə ev şəraitində dünyaya gəlməsi göstərilir. Yəqin, pəyədən sonra Məryəm körpəsi ilə hansısa bir evə köçməli idi. Hər halda bu iki sənəd arasında elə böyük  fərqi yoxdur”.

İsa peyğəmbər mərhəmət carçısı, şəfaverən olmuşdur və dramatik şəkildə çarmıxa çəkilərkən ölmüşdür. Xristianların etiqadına görə ölümündən 3 gün keçmiş dirilmişdir. Bu hadisə xristian dininin ən  böyük bayramı olan Pasxa ilə qeyd olunur. Milad bayramına gəldikdə isə o daha populyardır. Xristianlığın katolik və protestant ənənələrinə uyğun olaraq dekabrın 25-də qeyd olunur. Yunan və rus ortodoks kilsələri tərəfindən Milad yanvarın 7-də bayram edilir.  Bu da ondan irəli gəlir ki, təqvimini hələ XVI əsrdə dəyişmiş Qərb kilsəsindən fərqli olaraq, Şərq ortodoks kilsəsi hələ də köhnə təqvimi işlədir. Musiqi. Bu, rus xorunun ifasında  qədim slavyan dilində İsaya həsr olunmuş mahnı idi.

 Milad günü Afrika və ərəb ölkələri xristianları tərəfindən də qeyd olunur. Ortodokc kilsəsinin ərəb xristianlarına həsr olunmuş liturgiyası belə səslənir... ərəb dilində. Musiqi. Gördüyünüz kimi milliyətindən və dərisinin rəngindən asılı olmayaraq milad xristianlar arasında çox geniş qeyd olunur. Bu böyüklərin də, kiçiklərin də bayramıdır. Musiqi səslənir.

  Milad bayramında uşaqlar carols adlanan dini mahnılar oxuyurlar. Eşitdiyiniz bu mahnıda körpə İsanın pəyədə  ot üzərində yatması tərənnüm edilir. Belə ki, Coana Hoblun dediyinə görə, Milad bayramı ilk növbədə uşaqların marağına səbəb olur. “Milad bayramı zamanı uğaqları maraqlandıran cəhətlərdən biri də odur ki, onu səhnələşdirmək olar. Britaniyanın bir sıra məktəblərində milada həsr olunmuş tamaşalar oynanılır. Onların iştirakçısı Məryəmi təsvir edən balaca qız və çağa əvəzinə kukla olur. Bəzən yaxınlıqdakı evlərin birində körpə uşaq varsa, onu məktəbə, yaxud kilsəyə gətirirlər və o, körpə İsanı təmsil edir”.

Milad bayramına bir neçə aspektdən yanaşmaq olar.  Peyğəmbərin anadan olması həm də  xristian təqviminin, xristian tarixinin başlanğıcı deməkdir. Yəni demək olar ki, İsa Məsihin anadan olmasınadan təxminən 1994 il keçib. Nəhayət, Robert Harrisonun dediyi kimi, Milad böyük mənəvi əhəmiyyətə malik olan  bayramdır.  “Xristian dininə görə, pəyədə quru ot üstündə uyuyan körpə allahın oğludur. Odur ki, tanrı özü İnsana dönmüşdür. Özü də çox ağır və həqarətli bir şəraitdə. Axı, Məryəm qərib şəhərdə yersiz, yurdsuz qalmışdı. Gələcək İsa peyğəmbər məhz belə bir şəraitdə dünyaya göz açmışdır. Bir sözlə, söhbət Tanrının biz insanların səviyyəsinə, cəmiyyətin lap aşağı təbəqəsinə gəlməsindən gedir. Tanrı bütün insan problemlərinə, kədərlərinə, əziyyətlərinə şərikdir. O, öz bəndələrinə bənzəməyə başlayır”.

   Miladın üstün cəhətlərindən biri də odur ki, insanlara  peyğəmbərin anadan olmasının yalnız sevincini deyil, həm də kədərini göstərir. İngiltərə rus ortodoks kilsəsinin nümayəndəsi Sergey Hugl ata bunu belə açıqlayır: “Körpə İsanın arxasında göstərilən bu pəyə qaranlıq bir fəzadır. Bu qaranlıq peyğəmbərin nur kimi, xilaskar kimi gəldiyi və əziyyət çəkdiyi dünyadır. Müqəddəs bayramın kədəri bundan irəli gəlir”.

    Milad bayramı mərasımlərinin əksəriyyəti dinlə bağlıdır. Elə bayram günü bir-birinə hədiyyə vermək adətini götürək. Yada salaq ki, Vifleyem şəhərinə gələn çobanlar körpə İsaya sovqatlar gətirmişdilər. Coana Hubl söhbətimizi belə davam etdirir:  “Xristian rəvayətlərinə görə İsa peyğəmbər gecə vaxtı anadan olmuşdu. Çünki çobanlar çöldə olanda gecənin bir vaxtında göydən yerə nur saçdığını görmüşlər. Odur ki, adətə görə, kilsəyə gecəyarısı Məsihə həsr olunmuş mahnı və məşəllərlə gedərlər. Oraya gildən düzəldilmiş müqəddəs Məryəmin, Yusif və digər ənənəvi obrazların fiqurlarlarını düzürlər. Əksər hallarda onları uşaqlar düzəldir. Çünki belə bir məşğuliyyət onlara maraqlı və əyləncəli gəlir”.

  Eyni zamanda miladın dinlə çox az bağlı cəhətləri də var. Bu ilk növbədə əyləncəli gecələr, qızardılmış ördək, qaz və sazan balığı kimi ləziz  yeməklər, bəzədilmiş şam ağacı, əlvan-əlvan işıqlar  və s.  Bir sözlə Vifleyemdən  fəqrli olan şeylərdir. Milad bayramı həm də ilin ən mühüm kommersiya vaxtıdır. Bununla bağlı belə bir fikir yaranır ki, o, müxtəlif alış-satış obyektlərinin gəlir mənbəyinə çevrilir. Harrison kimi din xadimləri buna necə baxır? “Bəli belə bir tendensiya yaranıb. Amma mən digər həqiqətdən danışmaq istərdim. Bu da ondan ibarətdir ki, kilsə çoxəsrlik mərasimləri mənimsəmişdir. Onlardan biri bütpərəstlik dövrünə gedib çıxan, qış zamanı günəşin oyanması bayramı olmuşdur. Odur ki, kilsə bu mərasimləri birləşdirmişdir”.

   Milad günü qonaqpərvərlik, əliaçıqlıq, bir sözlə bayram əhval-ruhiyyəsi deməkdir. O, insanları  bir günlük olsa da, bir-birlərinə münasibətdə daha yaxın, daha mərhəmətli, daha mehriban olmağa vadar edir. Coana Hubl bunu belə təsdiqləyir: “Milad bayramı çoxları üçün uşaqlığın xoş xatırələri ilə bağlıdır. Qışın soyuq bir çağında könüllərə istilik bəxş edir. Təmiz niyyətlər günüdür. Ayrılıqda olanlar qovuşmalı, küsənlər barışmalıdır. Milad bayramı ailə dəyərlərini yada salır, insani dəyərlər barədə düşündürür. Bunu duymaq üçün heç də xristian olmaq vacib deyil”.

  Gəlin ənənəvi xristian ölkərəindən birində yaşayan qeyri-xristianın milad düşüncələrini də dinləyək. Həmsöhbətimiz 16 il İngiltərədə yaşayan soydaşımız Bəhruz bəy Bayatdır: “Biz də o birisi ingilislər kimi şadlıq edirik, məsələn,  Kristmas ağacı bəzəyirik , altına hədiyyələr düzürük. Demək olar ki, həm bizim üçün, həm də ingilislər üçün bir bəhanədir ki, bir-birimizi görək, təbrik edək, qəmlərimizi bir az yaddan çıxaraq. Əlbəttə, mənim arzum bu idi ki, bayramda olam öz məmləkətimdə, Azərbaycanda olam, orada öz bayramlarımızı, uşaqlıq xatirələrimizdə qalan bayramları keçirəm. Amma əfsus ki, qürbətdə yaşayırıq. O bayramlarda bizim keçirdiyimiz hisslər indi bu kristmasda ola bilməz mənim üçün”.

   Bəli, hər şeydə olduğu kimi miladın da kədərli çəhətləri var. Bunula belə o öz aktuallığını itirmir. Şərqi Avropanın keçmiş kommunist rejimli ölkələrində bu bayram yenidən bərpa olunur. Sergey Hugl ata bunda müsbət əlamət görür. Ancaq… “Ancaq bir şey təəssüf doğurur. Bir tərəfdən illərlə qadağan olunan indi radio və televiziya ilə geniş işıqlandırılır. Bu evdən bayıra çıxa bilməyənlərə, məsələn xəstələrə, əillərə bayram şənliyinə şərik olmaq imkanı verir. Bu, müsbət haldır. Digər tərəfdənsə kilsələrdən televiziya yayımları bu müqəddəs bayramın kommersiyalaşdırılmasına gətirib çıxardır”.

  Biz də inanırıq ki, ata-babalarımızın əsrlər boyu qoruyub yaşatdıqları dini bayramlar, istər xristian, istər müsəlman, istər yəhudi zəmanənin yeniliklərinə baxmayaraq, əыl mahiyyətini itirməyəcək, insanlar üçün həmişə müqdəs qalacaqlar. Musiqi