Bu il dekabrın 31-də təqvim ili başa çatır, estafeti yeni 1995-ci ilə verir. İki ilin qovuşmasında dünya azərbaycanlılarının həmrəylik günü kimi əziz bir bayram durur. Bu bayramın yaranma tarixi qısa olsa da, hər bir azərbaycanlı üçün doğma və müqəddəsdir. Bu bayram dili bir, imanı bir, dərdi-sevinci bir olan insanların qardaşlıq və birlik körpüsüdür. Azərbaycan Respublikasında, Rusiya, Gürcüstan, İran, İraq, Türkiyə, Almaniya, ABŞ, İngiltərə, Fransa və bir sıra digər ölkələrdə 30 milyondan çox soydaşımız yaşayır. Bəs dünya azərbaycanlıların vətəni olan Azərbaycan bu gün hansı dövrünü yaşayır? Müstəqil respublika dünya ölkələri birliyində hansı yeri tutur? Onun gələcək perspektivləri necədir? Moskvalı soydaşımız, Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi işçisi, tarix elmləri doktoru, professor Saleh Əliyev: “Azərbaycan şairlərindən birinin gözəl misraları var  “Hər ulduzun öz yeri var kəhkəşanlar içində”. Doğrudan da, hər xalqın dünya mədəniyyətində, dünya siyasətində öz yeri var. Bu gün Azərbaycanın bir çox problemləri var. Bir çox məsələləri həll etməlidir. Şübhəsiz ki, bu bizim xalqdan, bizim siyasi xadimlərdən böyük fədakarlıq tələb edir. Üzümüzə gələn il, yəni 1995-ci il, şübhəsiz ki, Azərbaycan üçün çətin il olacaq. Bütün bunlara baxmayaraq, mən gələn ildən Azərbaycanın vəziyyətinin daha yaxşı olacağını görürəm. Çünki bu gün Azərbaycanı başqa ölkələrdə daha yaxşı tanıyır. Bunun göstəricilərindən biri də BBC-nin Azərbaycan dilində verilişlərin başlamasıdır. Mən ümid edirəm ki, Azərbaycan xalqı öz gələcəyini, öz dövlətini daha da möhkəmləndirmək və yeni azadlıq yoluna çıxmaq üçün əlindən gələni edəcəkdir.  Azərbaycandan xarıcdə, Avropada, Rusiyada, Amerikada və başqa yerlərdə yaşayan azərbaycanlılar da əllərindən gələn köməyi etməyə hazırdırlar. Mən bu il Türkiyədə oldum, Almaniyada oldum, bir çox azərbaycanlılarla, Azərbaycan cəmiyyətinin rəhbərləri ilə görüşdüm. Onların hamısı Azərbaycana mənəvi kömək etməyə, maddi kömək etməyə hazırdırlar. Ölkə rəhbərliyi də bu yönümdə müəyyən addımlar atmalıdır. Xüsusilə, Azərbaycanı demokratik cəmiyyətə çevirmək üçün. Zənnimcə, bu hələ qarşıda duran bir məsələdir, həll olunması vacib bir məsələdir. Bu, Azərbaycanın, dünya xalqları arasında yenidən özünə yer tapmış Azərbaycanın gələcəyini təmin etmək üçün çox mühüm faktordur”.

   Bəli, respublikamız bu gün çətin dövrünü yaşayır. Dünya ölkələri birliyınə qovuşan Azərbaycan öz mənəviyyatını, milli özünüdərkini, ənənələrini necə qorumalıdır? Bu sualla Yazıçılar Birliyinin sədri Anara müraciət edirik: “Anar müəllim, Sizcə, Azərbaycan xalqı mənəvi yüksəkliyini, saflığını, Sizin sözlərinizlə desək, “beşmərtəbəli evin altıncı mərtəbəsini” saxlaya biləcəkmi?

- Son illər, XX əsrin axırı Azərbaycan xalqının taleyində ən ağır sınaq illəridir. Torpaqlarımıza təcavüz olunub, torpaqlarımızın 20%-ini itirmişik, 1 milyondan çox qaçqınımız var, çoxlu şəhidlər vermişik, çoxlu ailələr müsibət içində yaşayır, xalqın rifahı aşağıdır, çətinliklə dolanırlar. Amma bu sıxıntılar qarşısında Azərbaycan xalqı çox qədim bir xalq kimi, çox zəngin  mədəniyyətə malik xalq kimi, zəngin mənəviyyata malik xalq kimi, şübhəsiz, öz mənəviyyatını, qürurunu, gələcəyini qoruyub saxlamalıdır. İnanıram ki, saxlayacaq. Çünki tarixdə çox sınaqlar olub və xalq öz mənliyini, mədəniyyətini saxlaya bilib. Güman edirəm ki, bu sınaqlarda da biz öz mənəviyyatımızı, gücümüzü, özəlliyimizi saxlayacağıq. Xalqımız çox yüksək mənəvi dəyərlərini qoruya biləcəkdir. Əlbəttə, bunun üçün səy göstərmək lazımdır. Bunun üçün hamımız çalışmalıyıq, ziyalı da, fəhlə də, kəndli də, müəllim də. Bu sınaqdan çıxmalıyıq!

  Bu gün ilin son günüdür. Təzə ilin astanasıdır. Bütün dünya xalqları kimi azərbaycanlılar da həmişə bu əziz günü öz evində, süfrə başında qeyd etməyə can atır. Amma təəssüf olsun ki, 1 milyondan çox soydaşımız Yeni ili taleyin amansız hökmü ilə ata-baba yurdundan, ev-eşiklərindən uzqaqlarda qaçqın adı ilə çadırlarda, qohun-qardaş evində qarşılamağa məcburdur.

 Nənəmin Şəkidə açdığı süfrə,

Uzandı Qubadan Şuşuya qədər.

Nənəm Lənkəranda nağıl başladı

Onu tamamladı Laçın, Kəlbəcər.

 Bu kəlmələri vaxtilə qələmə alan şair nə biləydi ki, zaman onun qafiyələrini pozacaq. Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Ağdam, Ağdərə, Xocalı, Xocəvənd göynəyən həsrətimizə çevriləcək.  Bu gün didərgin olan soydaşlarımız hansı ümidlərlə, hansı qayğılarla yaşayırlar? Göyçə mahalının keçmiş sakini 70 yaşlı Zeynalabdin Cəfərov: “Göyçə mahalından gələn qaçqınların əksəriyyətinin  evləri var, həyətyanı torpaqları var, çoxlarının mal-qarası var, işlə təmin olunublar. İnşalalh, Qarabağ azad edilsin, biz də əvvəlki kimi öz torpaqlarımıza qayıdaq!”

 

Əzizim, Vətən yaxşı

Geyməyə kətan yaxşı,

Gəzməyə qürbət ölkə

Ölməyə Vətən yaxşı.

 

  Bəs ağır elli Borçalıda - Marneuli, Bolnisi, Başkecid, Qardabani rayonlarında soydaşlarımız hansı duyğularla yaşayır? Telefon xəttində Tiflisdəki Azərbaycan radiosunun baş redaktoru Emin Mahmudovdur. Emin müəllim, uzaq Londonda çox narahatıq, deyin görək, bizim ellər yerindəmi? Borçalılar özlərini tənha hiss etmirlər ki?

 “Ellərimiz yerindədir! Obalarımız yerindədir! Torpaq sevgili insanlarımız bu torpağı heç zaman tərk etməyəcək! Doğrudur, bir neçə il əvvək kütləvi şəkildə köçənlər oldu, lakin xoşbəxtlikdən elələri azdır. Gürcüstan azərbaycanlıların üzləşdiyi problemlərdən yalnız bunu demək olar ki, bizim yanacağımız yoxdur ki, torpağımızı becərək. Alın tərimizlə onu suvarmağa qadirik. Amma yanacaq yoxdur ki, əkin-səpin işini aparaq. Elektrik enerjimiz yoxdur ki, dünya ictimaiyyətinin nə ilə nəfəs aldığını bilək. Necə deyərlər, ellə gələn qara gün toy-bayramdır. Biz bu çətinliklərin hamısını dəf edirik! Azərbaycan bizim lap iki addımlığımızdadır. Lazım gələndə müraciət edirik. Azərbaycan da bizə qayğını artırır. Özü müharibə vəziyyətində olsa da, yenə bizə qayğı göstərir. Bir sözlə vəziyyət pis deyil. Hazırda, eli-obanı, torpaqları atıb gedənlərin sayi demək olar ki, sıfıra enib. Bu gün bütün Azərbaycan xalqını, dünya azərbaycanlılarını Yeni il münasibətilə təbrik edir, onlara uğurlu il, səadət, xoşbəxtlik arzulayıram!” 

  Dünya azərbaycanlılarının həmrəyliyi günündə Azərbaycan Respublikasından kənarda yaşayan soydaşlarımızı yad edirik. Dünya azərbaycanlılarının həmrəyliyi xalqın müdrik, nurlu adamlarının həmişə arzusu, istəyi olub. Şimallı-cənublu Azərbaycanın nəğməkarı, “Heydər baba” şeri ilə şöhrət qazanmış Məmmədhüseyn Şəhriyar kimi:

 Qardaşların gözündən öp,

Bəxtiyarın üzündən öp,

Səmədin də sözündən öp.

Mən də təkəm, sizə qurban,

Tək canım hamınıza qurban!

 

(Rübabə Muradovanın ifasında “Heydər babaya salam” mahnısı səslənir.)

   Vaxtilə okeanın sahilləri qədər uzaq olan Araz sahilləri bu gün yaxınlaşıb, iqtisadi, mədəni əlaqələrimiz genişlənib. Bəs bu əlaqələri qənaətbəxş hesab etmək olarmı? İrandan məşhur cərrah, Fransa cərrahlıq akademiyasının üzvü, Azad İslam Universitetinin professoru, İranda azərbaycanca cıxan “Varlıq” jurnalının redaktoru Cavad Heyət: “Əlbəttə, bu gün əlaqələrimiz keçmişdəki 70 ilə nisbətən yaxşıdır, amma kifayət deyil. Sovet dövründə İranın Azərbaycanla əlaqələri kəsildi. İndi əlaqələr yenidən qurulur və günbəgün inkişaf etməyə doğru gedir. Bu çox yaxşı haldır. Xüsusilə hökumətlərimiz arasında münasibətlər yaxşılaşdığı üçün yaxşı şərait yaranır. Ümid edirəm ki, günü-gündən əlaqələrimiz genişlənəcək, mədəni əlaqələrimiz  çiçəklənəcək. Bir-birimizlə, yabançı kimi, yadlar kimi yox, qardaşlar kimi əlaqə saxlayacağıq”.

Bu bayram günlərində biz Azərbaycan dünyasının sevinci ilə sevinən, dərdi ilə ağlayan soydaşlarımızı şirin Azərbaycan türkcəsində təbrik edirik. Azərbaycan dili dedim, yadıma bir bayatı düşdü:

Dilim var,

Qovun üstə dilim var,

Əslində Kərküklüyəm,

Gör nə şirin dilim var!

    Bütün dünyada 500 illiyi təntənə ilə qeyd edilən Füzuli babamızın doğma yurdundan gələn səsdir bu. İraq azərbaycanlılarının-tükrmanların Kərkük dolaylarında məskən salmasının böyük bir tarixi var. Akademik Həmid Araslının dediyinə görə, hələ Abbasi xəlifələri ərəb tayfalarının qaldıra biləcəyi üsyanlardan qorunmaq üçün Azərbaycanın müxtəlif yerlərindən bura adam köçürüblər. Yadınızdadır, Uzun Həsənin hakimiyyəti illərində Azərbaycanın paytaxtı yayda Təbriz, qışda Bağdad olub. Bəs bu gün türkman qardaşlarımızın günü-güzaranı necədir? İraq-türkmanlarının Milli Vətən partiyasının sədri doktor Müzəffər Arslan: “İraqda krallıq qurulduqdan bu günə qədər gələn-keçən bütün hökumətlər, iqtidarlar İraq türkmanlarına ögey münasibət bəsləyiblər. İraqdakı türkmanların sayı 2,5-3 milyon arasındadır. Ərəb və türklərdən sonra sayca ücüncü millətdir. Amma İraq anayasası və qanunları bu insanları inkar edir. Embarqo ilə bağlı mövcud aclıq, səfalət, xəstəlik, bahaçılıq və digər bir sürü sıxıntının yanında İraq hökümətinin yeritdiyi assimilyasion basqısı da vardır. Bu bölgələri ərəbləşdirmək üçün İraq hökuməti minlərcə ərəb ailəsini gətirib bizim köylərdə yerləşdirib. Bizim məskunlaşma yerimiz olan köylərimizi yerlə bir etdilər və türkmanları ordan dağıtdılar. Kərkük ətrafında yıxdıqları bir sıra köylərin adlarını deyə bilərəm Sizə. Məsələn, Yaycı, Türkalan, Bəşir, Yəhyaoba, Buloba və buna bənzər yüzə qədər köyü sırf türkman olduğu üçün dağıtdılar və ya Ərəbin cənubundan ərəb ailələrini gətirdilər. Ayrıca ərəb türkmanlarının böyük mərkəzi olan Kərkükə minlərcə ərəb ailəsini gətirib yerləşdirdilər. Bu işgəncə hələ davam edir. Hər kəs “yarın nə olacaq?” sıxıntısı içərisindədir. Biz, İraq türkmanları Azərbaycanın bir parçasıyıq. Çalışırıq ki, azərbaycanlı qardaşlarımızla birlik olsun, bərabərlik olsun. Həm eşitsinlər, həm də dünyaya eşitdirsinlər. Təbii ki,  bizim nazımız Azərbaycan qardaşlarımıza keçər, türk qardaşlarımıza, bütün türk dünyasına keçər. Amma ən böyük vəzifə də azərbaycanlı qardaşlarımızdır“.

   Bu əziz gündə BBC həmkarlarımız da Azərbaycan xalqına öz ürək sözlərini deyir. Xidmətimizin özbək bölməsindən Həmid İsmayılov: Azərbaycanın bu günündə mən demək istəyirım ki, özbəklər də azərbaycanlıların bur türüdür. Onun üçün də azərbaycanlılar var ikən, özbəklər də var, türk dünyası da var”.

Türk xidmətindən Ayan Aytac: “Mən bilirəm ki, həmrəylik günü azərbaycanlılar üçün çox önəmlidir. Mən özüm keçən ili Bakıda işləyərək keçirmişəm. Onların yalnız bir-birilə deyil, bütün insanlara yaxınlığını hiss etdim. Mən sevgi dolu Azərbaycan xalqının savaşdan qurtulmasını, sülhə qovuşmasını istərdim”.

Ərəb xidmətindən Əmir əl-Kikki: “Mən Azərbaycana hərbin qısa müddətdə başa çatmasını arzulayiram. Arzu edirəm ki, Azərbaycan dünyada layiqli yerini tutsun”.

Oksford universitetinin aspirantı Kristina Streyn: “Bütün azəri arkadaşlarım, dünya azərbaycanlılarının həmrəylik günündə sizi təbrik edirəm. Sizə barışlı və savaşsız bir gələcək arzulayıram. Bu gün və həmişə düşüncələrim sizinlədir”.

Deyirlər ki, ili necə qarşılayarsan, elə də başa çatdırarsan. Bütün dünya azərbaycanlıları yeni ilə həmrəylik əhval-ruhiyyəsi ilə qədəm qoyurlar. Gəlin yalnız bu gün yox, hər gün, hər an, hər işimizdə, hər əməlimizdə həmrəyliyimizi qoruyaq. Axı şair demişkən,

 Gücsüzük, bir heçik

 Sən də, mən  də - tək.

Yenilməz olarıq,

Əgər birləşsək!

 

Dekabr, 1994-cü il.