Gürcüstanda İlin ən uğurlu azərbaycanlı xanımları mükafatlandırıldı

 

02. 12. 2917.

Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin nəzdində fəaliyyət göstərən “Sədaqət İsmayılova Fondu” bu ölkədə yaşayıb-yaradan gənc azərbaycanlı xanımları mükafatlandırıb.

Mükafatlar sahiblərinə S.İsmayılovanın doğum günündə Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində təqdim olunub.

 

 

 

Mərasimdə muzeyin direktoru, Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Leyla Əliyeva, tanınmış jurnalistin, yazıçı Ədalət Mədədoğlu, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri, fondun idarə heyətinin üzvü, Azərbaycanın Əməkdar Jurnalisti Nizami Məmmədzadə, Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Fəxri Hacıyev, Kvemo Kartli bölgəsi qubernatorunun müavini Zaur Darğallı, el şairi Osman Dərviş və başqalara çıxış etmişlər.

Fondun idarə heyətinin qərarı ilə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin elmi işçisi Leyla Əliyeva “Gürcüstan-Azərbaycan mədəni irsinin öyrədilməsi və təbliğinə görə”, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin gənclər şöbəsinin müdiri Nərgiz Əliyeva “Azərbaycan Mədəniyyətini Gürcüstanda təbliğinə görə”, Kvemo Kartli bölgəsində fəaliyyət göstərən “Marneuli Gənclər Mərkəzi”nin rəhbəri Rəna Nurməmmədova isə “Azərbaycanlı gənclərin Gürcüstan cəmiyyətinə inteqrasiyasında fərqlənməyə görə” nominasiyalarının qalibi olublar.

Qaliblərə diplom və digər qiymətli hədiyyələr təqdim olunub.

Tədbir çərçivəsində, həmçinin muzeydə yaradılmış S.İsmayılovanın həyat və yaradıcılığını əks etdirən əlyazmalardan, audio materiallardan, fotoşəkillərdən və digər eksponatlardan ibarət guşəyə baxış keçirilib.

 

 

Tiflisdə tanınmış jurnalist Sədaqət İsmayılovanın yaradıcılığına həsr olunan sərgi açılıb

 

Noyabrın 22-də Tiflisdə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində tanınmış jurnalist, BBC radiosunun prodüseri Sədaqət İsmayılovanın (1960-2015) ad gününə həsr olunan sərgi-guşə təşkil olunub. Güşədə tanınmış jurnalistin həyat və zəngin yaradıcılıq yolunu əks etdirən əlyazmalar, audiomateriallar, fotoşəkillər və digər əşyalardan ibarət eksponatlar yerləşdirilib. Açılış günündə Gürcüstanda fəaliyyət göstərən jurnalist və ziyalılar, Gürcüstan Azərbaycanlıları Mədəniyyəti mərkəzinin əməkdaşları, S. İsmayılovanın təhsil aldığı İ. Çavçavadze adına Tiflis Dövlət Universitetinin jurnalistika fakültəsinin keçmiş tələbələri, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin üzvləri və həmçinin Azərbaycandan gələn qonaq və turistlər sərgi-guşəni ziyarət ediblər. Sədaqət İsmayılovanın ad gününə (28 noyabr) həsr olunan sərgi-guşə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə qədər muzeyin ziyarətçilərinə təqdim olunacaq.

 

 

 

 

 

 

 

 

Marneulidə “Sədaqət İsmayılova Fondu”nun təqdimatı keçirilib

 

Mayın 20-də Gürcüstanın Marneuli şəhərində “Çay Evi” Mədəniyyət Mərkəzində Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin təşəbbüsü ilə tanınmış jurnalist, vaxtilə BBC radiosunun prodüsseri vəzifəsində çalışmış Sədaqət İsmayılovanın adı ilə bağlı “Sədaqət İsmayılova Fondu”nun təqdimatı keçirilib. Tədbiri Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri, Azərbaycanın əməkdar jurnalisti Nizami Məmmədzadə açıb. O, fondun məramı və məqsədi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib: ”Fond tutduğu vəzifədən və fəaliyyət sahəsindən asılı olmayaraq Gürcüstanda yaşayan gənc azərbaycanlı xanımların uğurlarına, ictimai həyatda mövqelərinə, cəmiyyətə töhfə vermək arzularına dəstək olmaq məqsədi ilə yaradılıb. Belə ki, Fondu təsis edənlərin planlarına görə, xüsusi yaradılan komissiyanın seçim qərarı ilə cari ildə Gürcüstanda yaşayan ən uğurlu üç gənc xanımın fəaliyyətinə dəstək olmaq üçün mükafat veriləcək.”  

  Təqdimat mərasimində çıxış edən mərhum jurnalist Sədaqət İsmayılovanın qardaşı Ədalət İsmayılov bacısı S. İsmayılovanın həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Sonra Gürcüstan parlamentinin deputatlarından Azər Süleymanov, Ruslan Hacıyev, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov, yazıçı Əli Abbas, şair Osman Əhmədoğlu, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin direktoru Leyla Əliyeva, AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri Xətayi Əzizov, ”Region Press” qəzetinin redaktoru Binnət Məmmədov, “Ümid” qəzetinin redaktoru Əlixan Yəhyaoğlu, fəal gənc Nərgiz Əliyeva və başqaları “Sədaqət İsmayılova Fondu”na uğurlar arzulayıblar.

  Qeyd edək ki, Sədaqət İsmayılova 28 noyabr 1960-cı ildə Tiflisdə dünyaya göz açıb.
1967-1977-ci illərdə Başkeçid (indiki Dmanisi) orta məktəbində oxuyub, 1977-1982-ci illərdə İlya Çavcavadze adına Tiflis Dövlət Universitetinin Jurnalistika fakültəsində ali təhsil alıb.
1983-1985-ci illərdə Ərəb dili üzrə Tiflis Xaricı Dillər İnstitutunda təhsilini davam etdirib.
1994-cü ildən – BBC Azərbaycan xidmətinin ilk verilişindən sonuncusuna qədər (2011)
Londonda BBC Ümumdünya xidmətinin prodüseri olub.

Tədbirdə BBC radiosunda Sədaqət İsmayılovanın səsi yazılan diskin nümayişi keçirilib.

Tədbirdə Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin üzvləri, Gürcüstan parlamentinin deputatları, ziyalılar, Tiflisdən və ətraf kəndlərdən gələn qonaqlar, məktəb müəllimləri və Sədaqət İsmayılovanın yaxınları iştirak edib.

QafqazMedia.az



 

 

Press-reliz.

09.05.2017-ci il tarixində Sədaqət İsmayılova fondunun loqotipi təsdiq olundu. Loqotipin müəllifi: Anar Akifoğlu. 

 

Press-reliz

Noyabrın 26-da Premyer otelin konfrans zalında tanınmış jurnalist, 1994-cü ildə BBC radiosunun Azərbaycan xidmətinin qurucularından biri olan Sədaqət İsmayılovanın həyat və yaradıcılığına həsr olunmuş saytın (sadagatismayilova.com) təqdimatı keçirilib. Təqdimatda politoloq Tofiq Abbasov Sədaqət İsmayılovanın jurnalistika sahəsində fəaliyyətindən söz açıb. Tədbirdə həmçinin “Borçalı” cəmiyyətinin sədri Zəlimxan Məmmədli, şair-publisist Knyaz Aslan, jurnalist Ədalət Mədədoğlu çıxış ediblər.  Test rejimində fəaliyyətinə başlayan saytda Sədaqət İsmayılovanın hazırladığı neftin tarixinə, Azərbaycanın mədəniyyətinə, İngiltərəyə həsr olunmuş radioverilişlərin səs yazısı və mətnləri yerləşdirilib. Saytda həmçinin faydalı məlumatlar, Sədaqət xanımın həyat yolunu əks etdirən foto və audio materiallar mövcuddur.

 

 

 

 

 

 

 

 

 

  Sədaqət İsmayılova 1960-ci ildə Tbilisidə anadan olub. O, İ.Çavçavadze adına Tbilisi Dövlət Universitetinin jurnalistika fakultəsini bitirib. 1994-cü ildən – BBC Azərbaycan xidmətinin ilk verilişindən sonuncusuna qədər (2011) BBC Ümumdünya xidmətinin prodüseri olub. 2015-ci ildə dünyasını dəyişib.