- Sədaqət xanım, Bakıya neçənci ildə gəlmisiniz?

- 1986-cı ildə. Elmlər Akademiyasının qəzetində, İraqda işləmişəm. “Bi-Bi-Si”yə getməzdən əvvəl Bakıda son iş yerim “Assa -İradə” agentliyi olub. 1994-cü ildən “Bi-Bi-Si”də çalışıram.

- İngilis dilini harda öyrənmisiniz?

- İngilis dilini məktəbdə, universitetdə oxuduğumdu. Müəllimlərim yaxşı olub, dili yaxşı öyrədiblər.

- Necə oldu ki, “Bi-Bi-Si gəldiniz?

- 1994-cü ildə respublika qəzetlərinin birində elan oxudum ki, “Bi-Bi-Si”nin Azərbaycanda xidməti açılır və ora işçilər tələb olunur. Ərizə yazdım və müsabiqədə iştirak etdim. Suallar ictimai-siyasi və beynəlxalq mövzuları əhatə edirdi. Müsabiqədən keçdim və işə qəbul olundum.

- Londonda güzəranınız necə keçir? Aylıq maaşınız sizi qane edirmi?

- Güzəranımdan şikayətim yoxdur. Maaşım da yaxşıdır. London maraqlı şəhərdir. İşim də çox maraqlıdır. Mən jurnalistika fakültəsində oxuyanda heç ağlıma belə gəlməzdi ki, nə vaxtsa “Bi-Bi-Si”də işləyəcəyəm. “Bi-Bi-Si” böyük professionallıq məktəbidir. Burada 20-30 il işləsən də yenə nə isə öyrənəcəksən.

- “Bi-Bi-Si şəraiti necə qurulub?

- İş üçün hər cür şərait var. Hərənin öz telefonu, kompüteri, daxili və xarici nömrəsi var. Proqram tərtib edərkən lazım gələn hər cür səsi Gramlibrary adlanan kitabxanadan götürmək olar. Quşların, dənizin çox dəqiq yazılmış səsini, hətta muzeydə addım səslərini belə kitabxananın fondundan götürüb istifadə etmək mümkündür. Hər mövzuya dair əlavə informasiya əldə etəmək üçün kitabxana var.

- İnformasiya əldə etmək imkanlarınız necədir?

- İnformasiya əldə etmək çox asandır. İstənilən yerə zəng vurub informasiya ala bilərik. Belə informasiyaları almaq üçün “Bi-Bi-Si”nin özündə xüsusi xəbərlər otağı, şöbələr var. Hər hansı hadisəyə dair azərbaycanca proqramlar tərtib edirik. Bizim Mərkəzi Asiya və Qafqaz redaksiyasında azərbaycanca proqramlar hazırlayan qrup var. Özbək həmkarlarımız özbəkcə proqram hazırlayırlar. Qazax və qırğız dilində də proqramlar hazırlanır. Bundan başqa biz Orta Asiya və Qafqaz ərazisi üçün rus dilində proqramlar tərtib edirik. “Bi-Bi-Si”nin rus dilində 25 ildən artıq fəaliyyət göstərən ayrıca xidməti var. Biz gündə rus dilində yarım saatlıq proqramlar hazırlayırıq. Mən həm də rus redaksiyasında çalışıram. İnformasiya ilə əlaqədar hər hansı problemi həll etmək üçün ekspert və müşahidəçilər var. Onlarla ünsiyyətdə olmaq üçün birbaşa telefon xətləri qurulub. Azərbaycana dair hadisələri də şərh etməyə adamlar var. Yəni, məlumat əldə etmək problem deyil.

- Adətən azərbaycanlıları istiqanlı, ingilisləri isə soyuqqanlı xalq kimi tanıyırlar... Bu təzad şəxsi həyatınıza və işinizə mane olmur ki?

- Müsahibə verməyə gələndə fikirləşdim ki, mütləq bu sualı mənə verəcəklər. Mən özüm də Londona getməzdən əvvəl belə düşünürdüm, qərbliləri soyuqqanlı, oraların iqlimini sərt hesab edirdim. Britaniyaya gedəndən sonra “Dumanlı Albion” ifadəsinin heç də bu ölkəyə uyğun olmadığını gördüm. Londonun iqlimi çox mülayimdir, küləksiz, isti havası var. Havası kimi insanları barədə də yanlış təsəvvürlər yaranıb. İngilislər soyuqqanlı deyil. Məncə, bu fikir onların həddindən artıq təmkinli olmasından irəli gəlir. Mən Amerikada da olmuşam, amerikalılar çox emosionaldır. İngilislər zahiri görünüşcə soyuqqanlı görünsələr də, çox mehribandırlar. Onlarla cüzi yaxınlıq edəndə, diqqət göstərəndə bunu çox yüksək qiymətləndirirlər. Bir-birinə qonaq gedirlər, qonaq çağırırlar. Kiməsə kömək lazım olsa, bu köməyi əsirgəmirlər. Küçədə hər hansı ünvanı soruşsan, əgər vaxtları varsa, mütləq aparıb göstərəcəklər. Qonşuluqda çox səmimidirlər, harasa gedəndə evin açarını bir-birinə etibar edirlər. Elə bizim özümüz Bakıya gələndə evin açarını qonşumuz miss Brutona verdik.

- İngilis yeməkləri xoşunuza gəlirmi? Londonda Azərbaycan yeməkləri hazırlaya bilərsinizmi?

- Bəli, onların da çox gözəl yeməkləri var. Mənim yarımfabrikatlardan, hazır yeməklərdən xoşum gəlmir. Özüm yemək hazırlamağı, ümumiyyətlə, evdarlığı çox sevirəm.

- Darıxanda Azərbaycanaqaçabilirsinizmi?

- Bəli, məzuniyyətlərimi Azərbaycanda keçirirəm.

- Azərbaycanı necə təbliğ edirsiniz?

- “Bi-Bi-Si”-nin Azərbaycan xidməti yarananda ilk məqsəd Dünyada baş verən hadisələr haqqında məlumatları Azərbaycana çatdırmaq, Azərbaycanı dünyaya daha da yaxınlaşdırmaq, digər tərəfdən isə burada baş verən hadisələri dünyaya çatdırmaq olub. “Bi-Bi-Si” ikitərəfli körpüdür. Azərbaycanda baş verən hadisələri geniş işıqlandırırıq. Şəxsən mən hər cümə günü yayımlanan mədəniyyət xəbərləri proqramı hazırlayıram. Azərbaycanda və dünyada cərəyan edən mədəniyyət hadisələrini dinləyicilərə çatdırmağa çalışıram.

- Yaşadığınız ölkə ilə doğulduğunuz ölkənin qadınlarının problemləri arasında hansı fərqli oxşar cəhətlər var?

- Mənə elə gəlir ki, harda yaşamasından asılı olmayaraq insanların problemləri də eynidir. Məncə, Azərbaycan qadınlarının problemi daha çox məişət məsələləri ilə bağlıdır. Xaricdə yaşayan qadınların ev işi görmək üçün hər cür imkanları var, hər cür şəraiti olan mətbəx, hamam, ümumiyyətlə, əsl komfort onlar üçün problem deyil. Bizim qadınların əksəriyyəti belə şəraitin üzünə həsrətdir. Ancaq digər məsələlərə, məsələn, ailə probleminə gəldikdə, bunlar oxşar, bəlkə də eynidir.

- Ailə qurmazdan əvvəl bu təklifi sizə ingilis etsəydi razı olardınızmı?

- Məncə, yaxşı insan olsaydı, ürəyimə yatsaydı, bəlkə də razı olardım.

- Yaşadığınız ölkədə Azərbaycan azərbaycanlılar haqda hansı təsəvvürdədirlər?

- Mən Britaniyadan əvvəl bir neçə ölkədə, Yaxın Şərqdə, Amerikada olmuşam. 1992-ci ildə Azərbaycan Jurnalistlərindən ibarət qrupun tərkibində Amerikaya getmişdim. Azərbaycan haqqında məlumatları yox idi. Sizə maraqlı bir əhvalat danışım. 1989-cu ildə İraqa uzunmüddətli ezamiyyətə getmişdim. Ezamiyyəti Moskva təşkil etmişdi. Moskva-Bağdad reysi ilə uçan təyyarədə rus mütəxəssisləri və onların arvadları vardı. Onların içərisində “qara” təkcə mən idim. Hamısı sarışın idi. Biz Bağdad Beynəlxalq aeroportuna gəldik. Orada qayda belədir ki, qadınlarla kişilər ayrı-ayrı keçidlərdən keçirlər. Rus qadınları keçdi, axıra mən qalmışdım. Orada duran növbətçi ərəb qızı idi. O, mənə baxdı və mehribancasına gülümsündü. Hiss etdim ki, bu, “qara” olduğum üçündür. Mənim növbəm gələndə pasportumu əlinə alıb hardan olduğumu soruşdu. Ərəbcə “Mən Azərbaycandanam”, - dedim. O, yenə soruşdu, pasportumu açıb baxdı və təşvişə düşdü. Mən başa salmağa çalışdım ki, SSRİ 15 respublikadan ibarətdir, onlardan biri də Azərbaycandır. Məni yoxlanışa aparmalı oldular. Çantamı, üst-başımı yoxladılar. Sən demə, mən “Rusiyadan, Moskvadan gəlmişəm” deməliyəmmiş. Onlarda Azərbaycan adlı bir ölkənin olması haqda heç bir təsəvvür yoxmuş. Bizim hamımız onlar üçün “rus” idik.

Ancaq indi Azərbaycanı bütün dünya tanıyır. Britaniyalıların da Azərbaycan, Bakı haqqında təsəvvürləri genişdir.